Zərif qəlbin yazdığı tarixi həqiqətlər

 

Mənsub olduğu xalqın ədəbi, tarixi-mədəni irsinin öyrənilməsi sahəsində böyük xidmətlər göstərən şəxsiyyətlər həmişə minnətdarlıqla xatırlanır. Xalq yazıçısı, ictimai xadim, ədəbiyyatşünas alim, professor Əzizə Cəfərzadə də ömrünü Azərbaycan ədəbiyyatına, folkloruna, dilçiliyinə, etnoqrafiyasına həsr edib. Qələmə aldığı tarixi romanlarla böyük nasir Məmməd Səid Ordubadi ənənələrinin davamçısı kimi tanınıb.

 

Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. 25 nömrəli məktəbdə təhsil aldıqdan sonra Teatr Texnikumuikiillik Müəllimlər İnstitutunda oxuyub. 1942-44-cü illərdə Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1946-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin müdiri, Teatr Texnikumunun rəhbəri, Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində işləyib. “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətlər” mövzusunda namizədlik, “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubumövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1974-cü ildən Bakı Dövlət Universitetinin professoru olub.

Əzizə Cəfərzadə klassik ədəbiyyatımızın və şifahi ədəbi irsimizin öyrənilməsində yorulmadan çalışıb. Ana dilimizin saflığı uğrunda həmişə mübarizə aparıb. Bir çox aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mürcüm Kərim Vardani. Sünbülüstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları yazıçıya bədii əsərlərindən az şöhrət gətirməyib.

XX əsr Azərbaycan nəsrində yazıçının özünəməxsus yeri var. Onun Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş tarixi hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatına həsr olunmuş çoxsaylı əsərləri nəsrimizin inkişafına dəyərli töhfələrdir. Müəllifin müasir gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Müəllifin “Əzrayıl” adlı ilk hekayəsi 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Sonralar “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt” , “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”, “Sabir”, “Eldən elə”, “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə-sultanım”, “Xəzərin göz yaşları” və s. əsərlərini qələmə alır. Mənsub olduğu xalqın yaxın-uzaq keçmişini bədii ədəbiyyata gətirməklə onun təbliğinə çalışır.

Yazıçı “Xəzərin göz yaşları” povestində Şimali Azərbaycandakı cənublu soydaşlarımızın 1938-ci ildə Stalin rejimi tərəfindən bir həftə ərzində İrana deportasiyasını sənətkarlıqla qələmə alır. Ədibin son əsəri isə ömrü boyu axtarışında olduğu ustad Məhəmməd Füzulinin həyatından bəhs edən, vəfatından bir qədər əvvəl bitirdiyiEşq sultanı” romanıdır.

O, ana və qadın mövzusunu əsərlərində həmişə qabardıb. Bununla da mənsub olduğu xalqın zərif cinsinin nümayəndələrinin keyfiyyətlərini, hiss-həyəcanlarını, mübarizliyini dünya oxucularına çatdıra bilib. Yazıçı bədii və elmi yaradıcılıqla yanaşı, yüzlərlə məqalə, oçerk, publisistik məqalələr yazıb.

Əzizə Cəfərzadə eyni zamanda xalq yaradıcılığının, etnoqrafik yaddaşın da vurğunu olub. “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa etnoqrafik yazıları Azərbaycan xalqının milli adət-ənənələrini özündə əks etdirir. Türkiyə, İran, İsrail, Malayziya, Sinqapur, Hindistan və digər ölkələrdə iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycan və onun tarixi haqqında çıxışlar edib.

Əzizə Cəfərzadə 1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri olub. İctimai xadim kimi respublikanın ən ucqar rayon və kəndlərinə gedib, insanların rastlaşdığı problemlərin həllində iştirak edib. Xeyriyyəçi kimi ehtiyacı olan vətəndaşların sevgisini qazanıb. 1979-cu ildə kitablarından qazandığı qonorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib. Qədim yurd yerimiz Dağlıq Qarabağda erməni separatizmi baş qaldıranda ilk səsini ucaldan ziyalılar arasında Əzizə Cəfərzadə də var idi. Yazıçı dəfələrlə ön cəbhəyə gedərək əsgərlərlə görüşüb, onlara ana nəvazişi göstərib.

Xalq yazıçısı 4 sentyabr 2003-cü ildə vəfat edib. Vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində dəfn edilib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 12.