Gələn il yeni filmlər təqdim olunacaq

 

Yola saldığımız 2013-cü ilin yaddaqalan əsas kino hadisələrindən biri Azərbaycan və Türkiyə kinematoqrafçılarının Xalq yazıçısı Elçinin romanı əsasında çəkdikləri “Mahmud və Məryəm” filminin ekranlara çıxması oldu.

 

Bu il həmçinin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” (rejissor Şamil Əliyev) və “Dərvişin qeydləri” (rejissor Eldar Quliyev), habelə Azərbaycan-Rusiya istehsalı olanQorxma, mən səninləyəm! 1919” (rejissor Yuli Qusman) bədii filmləri kinosevərlərə təqdim edildi.

Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxovun sözlərinə görə, bu il həmçinin “Azərbaycanfilm” kinostudiyasında “Qisas almadan ölmə” (rejissor Oqtay Mirqasım), “Ehram TV” (“Ağ-qara gecələr” - rejissor Ayaz Salayev) bədii filmləri çəkilib. “Axınla üzü aşağı”, “Nabat” və “Polkovnikin xəzinəsi” (“Axırıncı dayanacaq”) bədii, “Sirr” və “Axırıncı” (Azərbaycan-Rusiya) qısametrajlı bədii ekran əsərləri, 6 qısametrajlı bədii filmdən ibarət olan “Motivlər” kinoalmanaxı, “Mansurovlar. Tarın səsində”, “Sarılar. Qarabağ atının səyahəti” sənədli filmləri isə hazırda istehsal mərhələsindədir. “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 10 sənədli film, “Debüt” studiyasında “Alo, bu mənəm!” qısametrajlı bədii filmi, “Azanfilm”də “Tənha ada” sənədli filmləri təhvil verilib. Bundan əlavə, “Ən güclü kimdir?” cizgi filmi və “Həyatın işığı” sənədli ekran əsərləri də istehsala buraxılıb.

Bu il Azərbaycan filmlərinin Avropa yolçuluğu baxımından da uğurlu olub. May ayında 66-cı Kann kinofestivalında Azərbaycan pavilyonu fəaliyyət göstərib.

Noyabrın 20-dən 24-dək Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə olaraq gerçəkləşən Turizm Filmləri Festivalı da ilin yaddaqalan hadisələrindəndir. Bu il həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Gürcüstan, Braziliya, Türkiyə və İsveçrədə Azərbaycan filmləri nümayiş olunub. Gələn il isə kinosevərləri yeni film premyeraları gözləyir.

 

Lalə

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 11.