“Sözsüz”də deyilənlər...

 

Belə də olur. Bir iti baxış, mimika, jest, elə sadəcə susmaq, gözlərini sıxıb kiriməklə də giley-güzarlar, ah-nalələr, yaxud da sevinc, sevgi, səadət, eşq ifadə etmək olur. Amma kaş sənin o halını anlayan, duyğu aləminə qərq olub, sükutlu hayqırtılarına qulaq verən ola. Dekabrın 24-də Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində təqdim olunan ilk səhnə əsəri - “Sözsüz” tamaşası da bir ruhun etirafı barədə idi.

 

Əvvəlcə bu kiçik səhnə və onda baş verəcək sənət, teatr adı ətrafındakı proseslər barədə çıxışlar, təbriklər səsləndi. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov 45 nəfərlik tamaşaçı yeri olan məkanı iki bu qədər sayla dolduran qonaqları salamladı. Müasir teatr modelində kiçik səhnənin əhəmiyyətindən danışdı, aktyorun özünü ifadəsi üçün bu vasitəni vacib saydı. İstedadlı gənc aktyorlara və rejissorlara, yaradıcılığa yeni başlayan dramaturqlara bu səhnədə şərait yaradılacağını, şübhəsiz, bu tamaşaların sonradan geniş tamaşaçı kütləsinə də nümayiş olunacağını dedi. Yanvarın 8-dən sonra bu kiçik səhnədə hər həftə tamaşalar göstəriləcəyini diqqətə çatdırdı.

Teatrda kiçik səhnənin fəaliyyətə başlamasının təşəbbüskarı, rejissor, Xalq artisti Cənnət Səlimova, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov da çıxış edərək xeyir-dualarını verdilər. Kiçik səhnənin teatrın gələcək inkişafı, aktyor potensialının daha da artırılması üçün böyük əhəmiyyət daşıdığını dedilər.

Çıxışlardan sonra səhnə “Sözsüz”ə, onun susmaqla üsyanını ifadə edən, susduqca sükutunda boğulan qəhrəmanına verildi. Dünya absurd dramaturgiyasının yaradıcılarından olan Semuel Bekketin əsəri əsasında hazırlanmış tamaşa bir neçə dəqiqədə tamaşaçıları susmağa, susaraq hiss etməyə çəkə bildi. Əməkdar artist Şövqi Hüseynovun oynadığı qəhrəman, bir vaxtlar adamları əyləndirən, indi isə özü ilə yanaşı onları da kədərə, bədbinliyə qərq edən keçmiş klounun ağrılarından bəhs edirdi.

İlahi, həyat bizə bəzən elə nəsnələri cirə ilə, damla-damla verir ki, ya qürurunda çırpınıb, azad olursan, ya da o damlaların səadətində kifayətlənirsən. Amma arada müqavimətini itirdiyin, gücsüzlüyünü, yazıqlığını anladığın, bu balacalaşmaq xofundan bezdiyin, diksindiyintam azad olmaq üçün öldüyün, ölməklə təslim olmaq istədiyin anlar da olur. Sanki özündən və səni əhatə edən insanlardan, küll halında cəmiyyətdən bununla intiqam alırsan.

Bu intiqamı tamaşanın qəhrəmanı elə yazıq, elə çarəsiz və bunların fonunda elə etirazla, üsyanla ifadə edirdi ki, onu ölümün pəncəsinə itənlərə, bizə, cəmiyyətdəki laqeydlər ordusuna acıyırdın da. Əslində kimin nə vecinə, o sevgisinə, istəyinə, arzularına çatmırsa, bütün mübarizələrinə, iztirab və ağrılarına rəğmən qovuşa bilmirsə, günahkar elə özüdür. Amma o, qəhrəmanın əzablarını görə-görə susan, bəklə də bundan zövq alanların arzusunu ürəyində qoyur. Yəni intihar etmir, ölmür, bəlkə də ölə bilmir. Son etirazını da ölümsüzləşmək, bütün cəhdlərə rəğmən həyatda qalmaq, ona verilənlərə və sonra da amansızcasına əlindən qoparılanlara baxmayaraq yaşamaq istəyir, həyatdan bərk-bərk yapışır...

İsa Əsədovun quruluş verdiyi bu tamaşanın sadə səhnə tərtibatı və ifadəli musiqisi (səhnə və musiqi tərtibatçısı Müşfiq Əliyev), qəhrəmana özünü ifadə imkanlarını qüvvətləndirən effektləri (işıq rəssamı Vadim Kuskov) və təbii ki, Şövqi Hüseynovun oyun içindəki oyunu, özünəməxsus ifa modeli yeni səhnə nümunəsini maraqlı, təsirli və inandırıcı etmişdi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 11.