Rəngarəng proqramlar və maraqlı gəzintilər
İl sonuna sadəcə
iki gün qaldı. Yeni il bayramını və
bir həftəlik tətili mənalı
keçirmək istəyənlər üçün
turizm şirkətləri həm ölkə
daxilində, həm də xaricdə maraqlı səfər
proqramları təklif edirlər.
Bayramı Azərbaycanda keçirmək istəyənlərin sayı artır
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun sözlərinə görə, son illər ölkəmizdə çoxlu sayda yeni hotellərin və turizm mərkəzlərinin açılması istirahət həvəskarları üçün geniş imkanlar yaradıb. Yeni ili bu məkanlarda keçirməyə üstünlük verən ölkə vətəndaşlarının sayı da ilbəil artır. Hotel və turizm şirkətləri Yeni illə əlaqədar xüsusi paketlər hazırlayırlar. Bu paketlərin sayı və çeşidi ötən ilə nisbətən daha çoxdur. O ki qaldı tətil üçün xarici ölkələri tərcih edənlərə, həmsöhbətimizin fikrincə, məxsusi olaraq Yeni ili keçirmək üçün xarici ölkəyə getmək o qədər də sərfəli deyil. Bakıda fəaliyyət göstərən brend hotellər də Yeni il proqramları təklif edir və bu paketlərin qiymətləri Avropa qiymətlərindən ucuzdur. Yeni il ərəfəsində Avropada və başqa yerlərdə hotellərin qiymətləri 2-3 dəfə artır. Yeni illə əlaqədar Azərbaycandakı turizm şirkətləri və hotellərdə hələ ki qiymətlərin artımı müşahidə edilməyib. Ona görə də bayramı Azərbaycanda keçirmək daha sərfəlidir.
Sifarişi əvvəlcədən verənlər uduzmur
Azərbaycanın turizm sektorunun təmsilçiləri Yeni illə bağlı bir neçə ay öncədən proqramlar hazırlayıb və turist sifarişləri qəbul edirlər. Türkiyənin İstanbul şəhərinə, Uludağa, Sarıqamışa, Gürcüstanın istirahət mərkəzlərinə, Birləşmiş Ərəb Əmirliklərinə, Şərqi Avropaya, xüsusən də MDB ölkələrinə sifarişlər çoxdur.
Bayramı yerli istirahət məkanlarımızda keçirmək istəyənlər də yetərincədir. Şirkət rəhbəri deyir ki, Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala və Qəbələyə maraq göstərənlər çoxdur.
Qiymət artımına gəldikdə isə, əvvəlcədən yer sifariş verənlər bu məsələdə heç vaxt uduzmurlar. Qiymətlər bayram yaxınlaşdıqca qalxır. Bu da xarici ölkələrdəki bəzi hotellərdə bayram günlərində qiymətlərin qalxması ilə bağlıdır. Yerli istirahət məkanlarımızda gecələmə qiymətlərində heç bir qiymət artımı olmasa da, bayram proqramları və yeməklərinin qiymətində bir qədər artım var.
Qəbələnin turizm mərkəzlərində möhtəşəm Yeni il şənliyi
Qəbələ rayonu son illər ən çox turist qəbul edən turizm məkanlarından birinə çevrilib. Bu, adi günlərdə olduğu kimi, bayramlarda da belədir. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovanın sözlərinə görə, bir həftə davam edəcək bayram günlərində Qəbələyə 3 mindən çox yerli və xarici turistin gələcəyi gözlənilir. Bu məqsədlə hotel və istirahət mərkəzlərində hazırlıq işləri görülür. Kanatla gəzmək, alpinistlik etmək, motorlu xizəklərlə, at və faytonlarla qarlı meşələrə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə heyvan və quş ovlamaq barədə düşünənlərin arzusu da Qəbələdə gerçəkləşəcək. Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün «Qafqaz Resorte», «Qafqaz Riverside», «Qafqaz Karvansaray» və «Qafqaz Sport» hotellərində, «Qəbələnd» istirahət və əyləncə mərkəzində tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçiriləcək. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Bu turizm obyektlərində gün ərzində 1800 qonağa xidmət göstərmək mümkündür.
Zaqatalaya 119, İstanbula 295 manata turlar
«Millennium Tourism & Congress DMC» şirkəti
respublikanın regionlarına
əhatəli proqramı
olan tur təşkil edib. Şirkətin
əməkdaşı Orxan
Məmmədovdan aldığımız
məlumata görə,
30 dekabr - 1 yanvar tarixlərində Zaqatalaya
reallaşdırılacaq turda
iştirakçıları çox gözəl yeni il proqramları gözləyir.
Balakən, Qax, Şəki və Qəbələ rayonlarını
da əhatə edəcək turun qiyməti 119 manatdır.
Bu qiymətə səfər
müddətində 3 dəfə
səhər, 3 dəfə
günorta, 1 dəfə
axşam yeməyi və 31 dekabrda bayram süfrəsi, «Olimpik» hoteldə iki gecə qalmaq,
hotel daxili idman, əyləncə vasitələrindən
istifadə, nəqliyyat
xidməti və iki gecə diskoteka
daxildir.
«Vektor travel» şirkəti
isə İstanbula avtobus turu təklif
edir. Şirkətin əməkdaşı Kənan Hənifəyevdən
aldığımız məlumata
görə, dekabrın
28-də başlayacaq səfər
komfortlu avtobusla həyata keçiriləcək.
Bakı ilə İstanbul arasında olan 32 saatlıq məsafəni qət etdikdən sonra iştirakçılar səfərin
1-ci günü Kapalı
çarşı, Sultan Ahmet
camisini, 2-ci gün Ayasofya məbədini, Yeralti şəhəri, Topqapını, Eminönünü,
3-cü gün Sirkeci,
Misir çarşısı,
Beşiktaş, Boğaziçini,
4-cü gün Qız
qülləsini və
Böyük adanı,
5-ci gün şəhərdəki
ticarət mərkəzlərini
və Taksim meydanını gəzmək
imkanı əldə edəcəklər. Turun qiyməti
1 nəfər üçün
295 manatdır. Qiymətə nəqliyyat, hoteldə gecələmə, səhər
yeməyi, gəzinti, sığorta və hədiyyələr daxildir.
Təbii ki, bu günlər turizm şirkətləri tərəfindən təklif edilən turlar çoxdur. Fərqi və sərfəli olanı özünüz seçin. Yeni iliniz mübarək!
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 9.