“Dünya, bir sirrini aşkar
et mənə”
Nigar Rəfibəylinin 100 illiyinə
həsr edilmiş dəyirmi masa
Dekabrın 25-də “Park İNN” hotelinin “Nəsimi” zalında Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirildi.
Tədbiri Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət
İsmayılov açaraq,
XX əsr Azərbaycan
poeziyasının görkəmli
nümayəndəsinin həyat
və yaradıcılığından
danışdı. Bildirildi
ki, Azərbaycan Respublikası Prezidentinin 4
mart 2013-cü il tarixli sərəncamına
uyğun olaraq Xalq şairinin 100 illik yubileyi ölkəmizdə geniş
şəkildə qeyd
edilir. Dəyirmi masa da bu
silsilə tədbirlərdəndir:
“Xalq şairi Nigar Rəfibəylinin poeziyası hər zaman ədəbiyyat, şeiriyyat sevənlərin
marağını çəkib,
əsərləri sevilərək
oxunub. Bəstəkarlar şairin şeirlərinə
musiqi bəstələyib.
Həmin
mahnılar müğənnilərimiz
tərəfindən bu
gün də yüksək zövqlə
ifa olunur”.
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
direktor müavini,
professor Məhərrəm Qasımlı
qeyd etdi ki, mədəniyyət tariximizdə çoxlu qadın sənətkarlarımız
olub. Onlar incəsənətin müxtəlif
sahələrində, xüsusilə
ədəbiyyatda, rəssamlıqda,
teatrda, kinoda dəyərli örnəklər
yaradıblar: “Azərbaycan
oxucusu Nigar Rəfibəylinin imzasına
rəğbətlə yanaşıb.
Məlumdur ki, Nigar xanım Azərbaycanın
istiqlalı uğrunda
mübarizə aparan, buna görə də təqiblərlə
üzləşən bir
nəslin nümayəndəsidir.
Ata-babalarının şöhrətli olmağı
sonralar onun həyatında bir çox çətinliklər
yaradıb. Ağır sınaq
illərində ona ömür-gün yoldaşı,
görkəmli şair
Rəsul Rza arxa-dayaq durub. Bu iki böyük
ziyalı Azərbaycan
şeirini sevib, təəssübünü çəkiblər”.
Qeyd olundu ki, Nigar Rəfibəylinin
“Şeirlər” adlı
ilk kitabı 1934-cü ildə
çapdan çıxıb. Başda görkəmli
yazıçı, ədəbiyyatşünas
Mir Cəlal olmaqla, kitab haqqında tanınmış ədəbiyyat
nümayəndələrinin müsbət yazıları
mətbuatda dərc edilib. Nigar xanım həmin il Yazıçılar
Birliyinə üzv qəbul olunub. 1967-ci ildə Əməkdar mədəniyyət işçisi,
1981-ci ildə isə Xalq şairi adına layiq
görülüb.
Nigar Rəfibəyli şeirlərinin
qayəsini Vətən,
ana, təbiət, uşaq dünyası, insan sevgisi, dünya gözəllikləri
və s. mövzular təşkil edir. O, bənzərsiz şairə
olmaqla bərabər, tərcüməçi kimi
də fəaliyyət
göstərib. Dünya şöhrətli
mütəfəkkir Məhsəti
Gəncəvinin rübailərini
ana dilimizə tərcümə edib.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
əməkdaşları, professor Əlizadə Əsgərov,
filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, AMEA Folklor İnstitutundan Nizami Muradoğlu, Atəş Əhmədov,
publisist Fatma Həsənqızı Xalq
şairinin yaradıcılığının
ideya-sənətkarlıq məziyyətlərindən
söz açdılar.
Sonda Nigar Rəfibəylinin oğlu, Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar Prezident İlham Əliyevin sərəncamı ilə
Nigar Rəfibəylinin
100 illik yubileyinin ölkəmizlə yanaşı,
respublikamızın hüdudlarından
kənarda - Rusiya, Almaniya və Türkiyədə də keçirilməsindən çox
şad olduğunu dilə gətirdi, tədbirin təşkilatçılarına
və iştirakçılarına
təşəkkürünü bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 6.