Musiqi festivalları mədəniyyətimizin
təbliğinə xidmət edir
Yola saldığımız 2013-cü il
ölkəmizin mədəni həyatında bir
sıra əlamətdar hadisələrlə yadda
qaldı. Ötən bir ilin
musiqi mənzərəsinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,
Xalq artisti, professor Fərhad Bədəlbəyli ilə nəzər
saldıq.
Xalq artisti bildirdi ki, son illərdə olduğu kimi, 2013-cü ildə də musiqi tədbirləri baxımından zəngin bir il yaşamışıq: “Ölkəmizdə ənənəvi olaraq bir neçə beynəlxalq musiqi festivalı keçirilir. Buraya ilk növbədə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq muğam festivalı və müsabiqəsi, muğam simpoziumu daxildir. Bundan əlavə, Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç adına beynəlxalq musiqi festivalları, Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı və ən nəhayət, Bakı caz festivalını göstərə bilərik. Bu tədbirlərə dünyanın tanınmış musiqiçiləri təşrif buyururlar. Onlar ölkəmizlə, musiqi sənətimizlə tanış olmaqla yanaşı, mədəniyyətimizin təbliğini də həyata keçirmiş olurlar”.
Fərhad Bədəlbəyli qeyd etdi ki, il ərzində bu qədər musiqi bayramlarının keçirilməsi, sözsüz ki, dövlətimizin musiqiyə, incəsənətə diqqət və qayğısının bariz nümunəsidir: “Belə beynəlxalq əhəmiyyətli tədbirlər Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin uğurlu təşkilatçılığı nəticəsində ərsəyə gəlir. Beynəlxalq musiqi bayramları təkcə paytaxtda deyil, bölgələrdə də təşkil olunur. Konsertlərdə həmin bölgədə yerləşən rayonların əhalisi də iştirak edir. “Şahdağ” qış-yay turizm kompleksinin açılışı da hamımızın sevincinə səbəb oldu. Düzü, bu xəbəri eşidən vaxt ağlıma gəldi ki, biz orada qış festivalları təşkil edə bilərik. Bu gün musiqimizi təbliğ etmək üçün bütün şəraitlər var. Musiqi həyatımız çox zəngin və rəngarəngdir”.
Qəbələ beynəlxalq festivalının bədii rəhbəri olan həmsöhbətim deyir ki, bu sənət bayramında gənc bəstəkar və ifaçılar üçün ayrıca proqram tərtib olunur: “Klassik ifaçılıq çətin sənətdir və bu yöndə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Onlar beynəlxalq müsabiqə və festivallarda musiqi mədəniyyətimizi layiqincə təmsil edirlər”.
Fərhad Bədəlbəyli 2013-cü ilin özünün və Bakı Musiqi Akademiyasının həyatında yaddaqalan olduğunu bildirdi: “Londonda, Moskvada, habelə İsraildə, Almaniyada konsertlərim oldu. Tələbələrimiz bir çox müsabiqə və festivallardan qalib qayıtdılar. Finlandiya ilə qarşılıqlı saziş əsasında master-klasslar təşkil edildi. Tələbələrimiz Finlandiyada yay akademiyasında iştirak etdilər. Norveç Musiqi Akademiyasının nümayəndələri bizim akademiyada oldular. Yeni yaradılan kamera orkestrimiz konsertlərlə çıxış edib. Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdə təhsil alan gənclərimiz var ki, məhz onların sayəsində ölkəmizdə klassik musiqi inkişaf edərək yaşayacaq. Ölkəmizin musiqi mühitini daha da dolğunlaşdırmaq üçün sadəcə işləmək lazımdır. Sonda isə xalqımızı təbrik edərək, hər il olduğu kimi, bu il də bir arzumun həyata keçməsini istəyirəm. Kaş ki, 2014-cü ildə Qarabağ problemi həll olunsun...”
Lalə Azəri
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 6.