Fəal mədəniyyət işçiləri mükafatlandırıldı

 

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 2013-cü ilin “Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

 

Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev ənənə halını alan müsabiqənin məqsədinin il ərzində mədəniyyət müəssisələrinin və işçilərinin ən fəallarını müəyyənləşdirmək və qiymətləndirmək olduğunu bildirdi. Qeyd olundu ki, 2013-cü il paytaxtın mədəniyyət müəssisələri üçün müxtəlif tədbirlər, layihələrlə yadda qalıb. Bu sırada ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlər xüsusi yer tutur.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova ölkəmizin hər sahədə inkişaf etdiyini söyləyərək mədəniyyət ocaqlarının, teatrların, musiqi məktəblərinin, kitabxanaların yüksək səviyyədə fəaliyyət göstərdiyini bildirdi.

Çıxışlardan sonra “Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsinin qalibləri təltif olundular. İlin ən fəal müəllimi, rejissoru, aktyor və aktrisası, rəqqas və rəqqasəsi, bədii rəhbəri, mədəni-maarif işçisi, muzey işçisi, kitabxanaçısı, mədəniyyət işçisi, mədəniyyət evi, xalq kollektivi, musiqi məktəbi, kitabxanası - ümumilikdə 24 nominasiya üzrə mükafatlar təqdim edildi. 32 mədəniyyət müəssisəsi və 67 mədəniyyət işçisi fəxri fərmanlar, diplomlar, pul mükafatı və hədiyyələrlə mükafatlandırıldı. İlk dəfə təsis olunan “Mədəniyyət işçilərinin ən yaxın dostu” nominasiyası üzrə mükafat Cəmilə Səttarovaya təqdim edildi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Şüvəlan qəsəbə Mədəniyyət evinin özfəaliyyət kollektivinə “Xalq Teatrı” adının verilməsi ilə bağlı qərarı da elan edildi.

Həmçinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə tədbirlərdə fəal iştirakına görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi əməkdaşlarına və tabelikdə olan mədəniyyət müəssisələrinə mükafatlar verildi. Sonda konsert proqramı təqdim edildi.

 

Həmidə

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 6.