Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ilə yekun vurdu

 

“Cənab Prezidentin mədəniyyət və turizm sahəsinə dəstəyi, diqqət və qayğısı bizim üçün ən böyük stimuldur

 

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.

 

İclasda əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Şöhrət”, “Vətənə xidmətə görə” ordenləri, “Tərəqqi” medalı, “Əməkdar mədəniyyət işçisi” adına, eləcə də nazirliyin “Fəxri mədəniyyət işçisidöş nişanına layiq görülən şəxslərə təltifləri təqdim etdi. Qeyd olundu ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan hər kəsin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Əbülfəs Qarayev həmçinin bu günlərdə ilk dəfə olaraq nazirliyin bir qrup əməkdaşının M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) təkmilləşmə kurslarında iştirak etdiyini diqqətə çatdırdı, bu istiqamətdə əməkdaşlığın davamlı olacağını vurğuladı: “Əməkdaşlarımızın Rusiyanın ali təhsil ocağında təkmilləşdirmə kursu keçməsi onların işinə yeni anlayışlar, yeni düşüncə tərzinin gətirilməsi baxımından vacibdir. Fürsətdən istifadə edib bu səmərəli əməkdaşlığa görə Moskva Dövlət Universitetinin rəhbərliyinə, təhsil ocağının Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayevaya təşəkkürümü bildirirəm”.

 

Mədəniyyətə dövlət qayğısı

 

Cari ildə ölkəmizdə keçirilmiş mədəniyyət tədbirlərindən söz açan nazir Azərbaycanın mədəni irsinin, incəsənətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Qeyd olundu ki, əldə olunan uğurların əsasında dövlətin mükəmməl mədəniyyət siyasəti dayanır. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi, maddi-mədəni dəyərlərin qorunması istiqamətində tarixi addımların davamıdır. Ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən söz açan nazir bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı: “Bu il həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlamətdar idi. Bu yubileyin böyük silsilə tədbirlərlə qeyd olunması xalqımızın dahi liderə dərin ehtiramının təzahürü olmaqla yanaşı, eyni zamanda Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində əvəzsiz rolunun bariz göstəricisidir”.

Nazir çıxışında 2013-cü ildə ölkə başçısının sərəncamları ilə mədəniyyət və incəsənət xadimlərinin, yazıçı və şairlərin yubileylərinin yüksək səviyyədə təşkili, bununla bağlı respublikamızın hüdudlarından kənarda da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı.

2013-cü ilin həmçinin Azərbaycanda növbəti prezident seçkiləri ilə yadda qaldığını deyən nazir gələcəyə hesablanmış layihələrin xalqda öz rəhbərinə böyük inam yaratdığını və bu inamın, rəğbətin xalqın seçimində bir daha öz əksini tapdığını bildirdi: Bizim nazirlikdaxil olmaqla bütün dövlət qurumlarında həyata keçirilən tədbirlər Azərbaycanda formalaşan və güclənən, dünya ictimaiyyəti tərəfindən qəbul olunan demokratik proseslərin genişləndirilməsinə, respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoymasına xidmət edir. Azərbaycan cəmiyyəti də bu tərəqqinin davam etməsini istəyərək etimad göstərdiyi şəxsi yenidən dövlət başçısı seçdi. Bu, son 10 ildə ölkəmizdə gedən siyasi, iqtisadi proseslərin, dövlətin müdrik, tərəqqiyə yönəlmiş siyasətinin dəstəklənməsini göstərdi. Düşünürəm ki, bu, bizim sahə üçün də gələcəyə nikbin baxış amilidir”.

 

Mədəni irsimizin dünyada təbliği

 

Kollegiyanın gündəliyi təsdiqləndikdən sonra nazir Əbülfəs Qarayev geniş məruzə ilə çıxış etdi. Gündəliyə çıxarılan məsələlərin nazirliyin müvafiq şöbələrində geniş təhlil olunduğunu diqqətə çatdırdı. 2014-cü ilin birinci yarımillik planının təsdiq edilməsi, 2010-2012-ci ildə respublika teatrlarında dövlət sifarişi ilə hazırlanan tamaşaların istismarı, gənc kinorejissorlarla aparılan işlər, teatrların 2014-cü il repertuar planının təsdiqi, həmçinin Naftalan şəhər və Goranboy rayon musiqi və incəsənət məktəblərinin vəziyyəti haqqında fikir mübadiləsi aparılacağını, müvafiq qərarların qəbul olunacağını dedi.

2013-cü ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətimizin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən söz açıldı. Bildirildi ki, mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin, sənət incilərimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir.

 

Turizm sektorunda inkişafın yeni üfüqləri

 

Nazir ölkədə aparılan turizm siyasətinin, reallaşan silsilə layihələrin Azərbaycanın turizm ölkəsi kimi imicinin formalaşmasına xidmət etdiyinibunun artıq müəyyən faktlarla öz təsdiqini tapdığını dedi: “Bu il maraqlı, nailiyyətlərlə dolu bir il idi. Cənab Prezidentin apardığı siyasət nəticəsində, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də öz təsdiqini tapdı. Ölkəmiz hər il olduğu kimi, bu il də beynəlxalq turizm sərgiləri, konfrans və toplantılara qatıldı. Təsadüfi deyil ki, ölkəmiz 2013-cü ildə Dünya Turizm Təşkilatı İcraiyyə Komitəsinə üzv seçildi. Bununla qarşıdakı 4 il ərzində dünya turizm proseslərinə Azərbaycanın da müəyyən qədər təsir etmək, onu formalaşdırmaq imkanı olacaq”.

İl ərzində ölkədə reallaşan beynəlxalq mədəni tədbirlərin də turizmin inkişafına yönəldiyini qeyd edən nazir bu tədbirlər sayəsinə ölkəmiz haqqında təsəvvürü belə olmayan insanların Azərbaycanı görmək imkanı qazandıqlarını dedi:Bu sahənin ən uğurlu layihələrindən biri də möhtəşəm “Şahdağ” qış-yay turizm kompleksinin istifadəyə verilməsi oldu. Möhtərəm Prezidentin daim nəzarətdə saxladığı bu məkana açıldığı ilk gündən turist axını başlanıb. Qarşıdakı illərdə də bu gəlirli və ölkənin nüfuz göstəricisi olan sahənin formalaşması, yeni obyektlərlə zənginləşməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik. Təbii ki, turizm obyektləri ilə yanaşı xidmət sektoru, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminatı da əsas məqamlardandır. Bu mənada Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, eləcə də turizm peşə məktəbi kadr hazırlığında özünü doğruldur. Amma tələblər də günü-gündən artır, yerlərdə ixtisaslı kadrlara ehtiyac yaranır. Nəzərinizə çatdırım ki, “Şahdağ” qış-yay turizm kompleksində hazırda 500-dən artıq işçi çalışır ki, onların da böyük əksəriyyətini kompleksin yerləşdiyi və əhatə olunduğu rayonlardan savadlı gənclər təşkil edir”.

 

Beynəlxalq tədbirlər ölkəmizin imicini formalaşdırır

 

İl ərzində ölkədə mədəniyyətlərarası dialoq, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən iki böyük beynəlxalq tədbirin keçirildiyini xatırladan nazir bununla da dünyanın diqqətinin Azərbaycana yönəldiyini vurğuladı:Bu gün Azərbaycanın nüfuzu durmadan artır. Beynəlxalq təşkilatlarda aktiv təmsil olunması və ümumilikdə ölkəmizin sürətli inkişafı dünyanın diqqətini cəlb edir. Bununla yanaşı, ölkəmiz mədəniyyətlərin mübadiləsi, tolerantlıq sahəsində qabaqcıl təcrübəsini də nümayiş etdirir. Bunu istər ölkənin hüdudlarından kənarda, istərsə də ev sahibi olduğumuz beynəlxalq toplantılarda bir daha nümayiş etdirdik. Bu dövlət siyasətimiz cənab Prezidentin çıxışlarında da dəfələrlə qeyd olunub. Beş beynəlxalq təşkilatın dəstəyi ilə reallaşan II Bakı Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası bu mənada böyük əhəmiyyətə malikdir. UNESCO Hökumətlərarası Komitəsinin sessiyası həm də Azərbaycanın çövkən milli oyununun təşkilatın qeyri-maddi mədəni irs siyahısına salınması ilə əlamətdar oldu. Beləcə, digər irs nümunələrimizlə yanaşı, bu qədim xalq oyunu da milli dəyər kimi öz layiqli yerini aldı”.

 

Musiqimiz yenə ecaz yaratdı

 

Bu il də təkrarsız Azərbaycan musiqisi, muğamlarımız, qədim ozan sənətimiz, milli bəstəkarlıq məktəbi təmsilçilərinin yaratdığı nümunələr dünyanın müxtəlif konsert salonlarını bəzədi: Bu tədbirlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı, nazirliyin icrası ilə Avropanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş layihələrin, silsilə tədbirlərin keçirilməsini xüsusi qeyd etmək lazımdır. Fransa, Almaniya, İtaliyaBraziliyada Azərbaycan musiqiçiləri, fırça ustaları və digər incəsənət xadimləri çox böyük ustalıqla çıxış etdilər”.

2013-cü ildə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirildi.

Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı, V Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyli adına V Beynəlxalq Musiqi Festivalı və ənənəvi Bakı Caz Festivalı ilin mühüm tədbirləri kimi incəsənətimizin təbliğinə, mədəniyyətlərin mübadiləsinə xidmət etdi. Müxtəlif ölkələrlə qarşılıqlı mədəniyyət günləri də bu mübadiləyə töhfə verir. İyun ayında Ukraynanın, iyulda Belarusun ölkəmizdə mədəniyyət günlərinin keçirilməsi bu qəbildəndir.

 

Kitabkitabxana işi beynəlxalq arenada

 

Bu ilin sentyabrında üçüncü dəfə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirildiyini deyən nazir ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan tədbirin daha geniş miqyasda nüfuz qazandığını vurğuladı. Bildirildi ki, bu tədbirlər kitab, poliqrafiyakitabxana işinin daim dövlətin diqqət mərkəzində olduğunu göstərir: “Buna görə də düşünürük ki, bu tədbir ənənə halını alaraq beynəlxalq aləmdə bu sahədə də nüfuzumuzun artmasına xidmət edəcək. Tədbir yeni əlaqələrin qurulması, təcrübə mübadiləsi baxımından da vacibdir. Biz bu işə verdiyimiz xüsusi önəmi dünyanın müxtəlif ölkələrində təşkil olunan kitab sərgilərində iştirakımızla bir daha təsdiq edirik”.

Nazir Azərbaycanda kitabxana sahəsində müasir informasiya tendensiyalarının tətbiqi ilə bağlı görülən işlərdən də danışdı. Vahid elektron kitabxana sisteminin yaradılmasında paytaxtla yanaşı, region kitabxanalarının da aktiv iştirakının vacibliyi qeyd olundu: Milli Kitabxananın 90 illik yubileyinin dövlət başçısının müvafiq sərəncamı ilə yüksək səviyyədə qeyd olunması, burada çalışan əməkdaşların əməyinin qiymətləndirilməsi dövlətin bu sahəyə diqqət və qayğısının təzahürüdür”.

 

Milli teatrımız tərəqqi yolundadır

 

Nazir çıxışında teatr sahəsinin inkişafını səciyyələndirən amillərə də toxundu: “Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən peşəkar milli teatrımızın 140 illiyi təntənə ilə qeyd olundu. Ölkə başçısının bu sahə ilə bağlı imzaladığı müxtəlif sərəncamlar, qəbul olunan müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarının əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam edir. Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması, bu sahənin təmsilçilərinin fəxri adlar, mükafatlarla təltif olunması sənətə və sənətkara yüksək diqqətin nümayişidir. Bu da öz nəticəsini verir. Teatrımızın sorağı müxtəlif ölkələrdən gəlir, dramaturgiya nümunələrimiz müxtəlif ölkələrdə səhnəyə qoyulur, beynəlxalq tədbirlərdə iştirak, qarşılıqlı səfərlər, birgə layihələr bu sahədə əməkdaşlığa mühüm zəmin yaradır. Dünyanın kukla teatrları, sənət adamları bu il “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalında bir araya gəldi. Ümumiyyətlə, Azərbaycan teatrı yeni bir mərhələni yaşayır. İl ərzində çoxlu sayda dövlət sifarişi əsasında tamaşalar səhnələşdirildi, yeni layihələr reallaşdı”.

 

Kinematoqrafiyada yeni meyllər

 

Məruzədə kinematoqrafiya sahəsi, milli kinonun inkişafı istiqamətində atılan addımlar, kino istehsalında müasir texniki proseslərin tətbiqi və kinematoqrafçılar nəslinin gəncləşdirilməsi üçün atılan addımlardan da söz açıldı. Bu sahədə uğurların əldə olunduğu, yeni filmlərin premyerasının reallaşdırıldığı və bu prosesin gələn ildavam etdiriləcəyi bildirildi: “Sevindirici haldır ki, bizim tarixi şəxsiyyətlərlə bağlı sənədli filmlərin çəkilişi peşəkarcasına hazırlanır və yüksək səviyyədə təqdim olunur. Beynəlxalq əməkdaşlıq çərçivəsində də işlər davam etdirilir. Artıq bir neçə ölkədə Azərbaycan kino günləri keçirilib, eləcə də ölkəmizdə bu qəbildən maraqlı tədbirlər reallaşıb. Ən müasir səviyyədə yenidən qurulmuş Nizami Kino Mərkəzi kinosevərlərin ixtiyarına verilib, burada bir-birindən maraqlı tədbirlər, festival və müsabiqələr keçirilir. Nazirliyin gənc kinematoqrafçılarla bağlı işləri, “Bu meydan, bu ekran” layihəsi bundan sonra da davam etdiriləcək. Mən istərdim ki, bu mənada Azərbaycanın müasir durumunu, adət-ənənələrini, əxlaqını, milli dəyərlərini, tarixini, mədəniyyətini, insanlarının daxili aləmini əks etdirən ssenarilər daha çox yazılsın”.

 

Muzeylər yeni tələblər qarşısında

 

Nazir ölkədə muzey işi, bu sahədə qarşıda duran vəzifələr, yeniliklərin tətbiqi barədə də söz açdı: “Muzey işi bizim üçün prioritet istiqamətlərdən biridir. Bu il iki dəfə cənab Prezidentin muzeylərimizi ziyarət etməsi, eləcə də regionlara səfərləri zamanı Heydər Əliyev muzeylərinə, tarix-diyarşünaslıq muzeylərinə baş çəkməsi şəxsən dövlət başçısının bu sahəyə diqqətinin göstəricisidir. Ona görə də muzey rəhbərləri və əməkdaşları öz üzərilərində daha çox çalışmalı, yeni tələbləri hiss edərək işlərini ona uyğun qurmalıdırlar”.

 

Regionların mədəni mənzərəsi

 

Məruzədə regionlarda keçirilən mədəni-kütləvi tədbirlərdən danışıldı, mədəniyyət və turizm layihələrinin paytaxtla məhdudlaşmayıb ölkənin bölgələrini, ən ucqar kəndlərini əhatə etməsinin, habelə sırf regionlarla bağlı layihələrin reallaşdırılmasının önəmi vurğulandı.

Bununla bağlı nazirliyin həyata keçirdiyi layihələr barədə fikirlərini bölüşən Əbülfəs Qarayev “2010-2014-cü illər üzrə Xalq Yaradıcılığı Paytaxtları” proqramının özünü doğrultduğunu vurğuladı, proqramın davam etdirilməsini məqsədəuyğun hesab etdi. Çıxışda yerlərdəki park, klub, mədəniyyət evləri və digər asudə vaxtın təşkili mərkəzlərinin vəziyyətinə nəzər salındı. Hazırkı dövrdə klub anlayışının özünü doğrultmadığı, onların adı və fəaliyyətinin dövrlə səsləşən mədəniyyət mərkəzləri ilə əvəzlənməsinin vacibliyi qeyd olundu. Növbəti 5 il üçün bununla bağlı pilot layihənin hazırlandığını və müvafiq dövlət strukturlarına göndərildiyi bildirildi.

 

Mədəni irsin qorunması mühüm amildir

 

Son illər mədəni irs sahəsi üzrə görülən işlərə də toxunan nazir bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırdı: “Bu günlərdə UNESCO-dan diqqətəlayiq bir xəbər aldıq. UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin iclasında Qobustan və İçərişəhər qoruqlarına “gücləndirilmiş mühafizə statusuverildi. Həmçinin işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edildi. Bununla UNESCO səviyyəsində dünya bir daha Azərbaycanın torpaqlarının işğal olunmasını, bu talançılıq nəticəsində qurumun siyahısında olan maddi irs nümunələrinin zərər görməsi faktı da önə çəkildi. Bu, diplomatik uğur olmaqla yanaşı, həm də maddi mədəni nümunələrimizin məruz qala biləcəyi dağıntılar haqqında dünyaya verilən SOS siqnalıdır. Ümumiyyətlə, hesab edirəm ki, son vaxtlar mədəni irs sahəsində görülən işlər qənaətbəxşdir. Bu sahədə yeni abidələrin siyahıya alınması, onların mühafizə zolağının müəyyənləşdirilməsi və təsdiqlənməsi işləri icra olunub, bununla bağlı Dövlət Proqramı işlənib hazırlanıb”.

 

Qarşıda duran vəzifələr

 

Mədəniyyət və turizm sahələrində həyata keçirilən silsilə layihələrin əhəmiyyətindən danışan nazir bu işin qarşıdakı ildə də davam etdiriləcəyini vurğuladı: “Qazanılan uğurlarla yanaşı, qarşımızda böyük tələblər və məqsədlər də var. Biz düşünürük ki, müasir dövrdə, XXI əsrdə ölkənin həm mədəniyyət, həm də turizm sahəsində islahatlara ehtiyacı var. Bu islahatlar yeniləşmə, müasirləşmə, yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Qeyd etdiyim kimi, bu il, zəngin, dolğun bir il oldu. Amma bununla yanaşı nazirliyin, həmişə olduğu kimi, mövqeyi dəyişmir: əldə olunan nailiyyət məhdudlaşmayıb, daha böyük uğurlara imza üçün irəli getmək. Bu yolda cənab Prezidentimizin mədəniyyət və turizm sahəsinə verdiyi dəstək, diqqət və qayğı bizim üçün ən böyük stimuldur”.

Kollegiya iclasında çıxış edən Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov il ərzində qədim və zəngin Azərbaycan mədəniyyəti, onun inkişaf və təbliğatı yönündə reallaşan bir-birindən vacib və dəyərli tədbirlərin keçirildiyini dedi. Bu gərgin işin müsbət nəticələrinin qürurverici olduğunu deyən şöbə müdiri mədəni irsin xalqın mənəvi təşəkkülündə böyük əhəmiyyətə malik olduğunu xatırlatdı. Bu mənada mədəniyyət və turizm sistemində çalışanların düzgün istiqamətdə olduğunu, dövlət başçısının bu sahədəki siyasətinin icrası üçün mühüm işlər görüldüyünü dedi.

Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri də nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ilin birinci yarımillik planı təsdiq edildi. Nazir Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.

 

Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 3-4.