Mədəni irsin qorunması və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət
Proqramı təsdiq edilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də
“Daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası, qorunması, tarix
və mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda
Dövlət Proqramının milli mədəni
irsin qorunmasını təmin etmək,
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata
keçirmək məqsədilə hazırlandığı
vurğulanır.
Dövlət Proqramında qeyd olunur ki, hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.
Azərbaycan Respublikasının beynəlxalq qurumlara üzv olması və mədəni irs sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması daşınmaz mədəni irsin qorunması istiqamətində tədbirlərin davamlı inkişafı zərurəti yaradır.
2000-ci ildə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar sarayı kompleksi və Qız qalası, 2007-ci ildə “Qobustan” dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.
Son illər ölkə Prezidentinin sərəncamları ilə “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruğu, “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu və “Xınalıq” dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu yaradılıb. Heydər Əliyev Fondu tərəfindən yaradılan “Qala” arxeoloji-etnoqrafik muzey kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, bu məkanın turizm mərkəzlərindən birinə çevrilməsinə imkan verir.
Bakıda “Şirvanşahlar Sarayı Kompleksi”, “Məhəmməd” məscidi, “Kiçik Karvansaray”, Şəkidə “Kiş” alban məbədi, “Aşağı Karvansaray”, “Şəkixanovların evi”, Qubanın Xınalıq kəndində “Əbu-Müslüm” və “Xıdır Nəbi” məscidləri, Şərur rayonunda “Qudi-Xatun” türbələri, Culfada “Xanəgah” memarlıq kompleksi, Babək rayonunda “Əshabi-Kəhf” ziyarətgahı dini mədəni abidə kompleksi, Qusarda “Şeyx Cüneyd” türbəsi, Qax rayonunda “Kürmük” məbədi, Hacıqabul rayonunda “Pir Hüseyn” xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri başa çatdırılıb.
Dövlət Proqramı milli mədəni irsin
qorunması istiqamətində aparılan islahatların
davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin,
tarixi ərazilərin, tarix
və mədəniyyət qoruqlarının mühafizəsinin
müasir səviyyədə təşkilinə,
daşınmaz mədəni irsin bərpası
və inkişafı üzrə tədbirlərin həyata
keçirilməsinə yönəldilib.
Mədəniyyət.- 2013.- 29
dekabr.- S. 2.