Həqiqi
aşiq, yoxsa sənət
qayğıkeşi?..
Məhsəti Gəncəvi - 900
Səkkiz əsrdən
çoxdur ki, sadəlik,
gözəlliklə yanaşı, söz-hikmət cazibəsiylə
də humanizm simvolu kimi özündən söz
etdirən, şan-şöhrəti dünyayla
bir olan Məhsəti
Gəncəvi yalnız mənsub olduğu
xalqın, Şərqin yox, dünyanın
böyük hadisəsidir. O, dünya tədqiqatçılarının
diqqətini təkcə bədii irsi, poetik təfəkkürü ilə çəkməmişdi.
Araşdırıcıları əsir-yesir edən əsas məsələ
XII əsrdə yaşayıb-yaradan azərbaycanlı
xanımın Şərq-İslam mühitində günəş
kimi parlaması idi.
Zaman-zaman müxtəlif xalqların şairləri, mütəfəkkirləri, ədəbiyyatşünasları, şərqşünasları, təzkirəçiləri Məhsəti Gəncəvinin taleyinə və sənətinə münasibət bildirmişlər. Cəmaləddin Xəlil Şirvani, Fəridəddin Əttar, Abdullah Cövhəri Təbrizi, Həmdullah Qəzvini, Dövlətşah Səmərqəndi, Aqafengel Krımski, Yevgeni Bertels, Frits Meyer, Həmid Araslı və başqaları Azərbaycanın söz sənətkarının, fikir zərifinin taleyinə dair obyektiv və ya ziddiyyətli qənaətlər irəli sürmüşlər.
XX əsrin ikinci yarısında ədəbiyyatşünaslar Xəlil Yusifli və Rafael Hüseynov Məhsəti Gəncəvinin həyatına və irsinə milli təfəkkür prizmasından nəzər yetirmişlər. Xüsusilə AMEA-nın müxbir üzvü R.Hüseynovun 1989-cu ildə işıq üzü görən “Məhsəti necə varsa” monoqrafiyası müasir məhsətişünaslığa böyük töhfə oldu. Ədəbiyyatşünas ilk dəfə Məhsətinin bəlalara düçar olmasında şəhraşub və şəhrəngizlərin (anlamı - şəhəri heyran qoyan, şəhəri qatışdırıb vəlvələyə salan - R.Hüseynov) ciddi rol oynadığını göstərdi...
Şeyx Nizami qadın hüquqsuzluğu, patriarxal hegemonluğa qarşı mübarizəyə qalxdığı zamanlarda artıq ölkədə, yaxın-uzaq məmləkətlərdə Məhsəti mifi dolaşırdı...
Bir əlində
qədəh, birində Quran
poeziyanın, sənətin, idrak səltənətinin üfüqlərində qanad çalırdı. Bəllidir ki, Quran Yaradan və var olanlar haqqında ən etibarlı və ali mənbə, qədəhsə həqiqətə yolçuluqda (sufilik meyarlarına görə) ürfani vəsilədir. Məhsətinin “ayıq” olduğu vaxt onun Qurani-Kərim oxuduğu, Xaliqə və xilqətə idraki yanaşaraq elmi-məntiqi düşüncə sərgilədiyi anıdır. Özündə olmadığı zamanı isə Vücudi-Mütləqə “qovuşmaq” mücadiləsi, sərməstlik dəmləridir. Sonuncu əhvalın əsas əlaməti isə vəhdətə hesablanmış Eşqdir. Maddi aləmin əhəmiyyətsizliyi tendensiyası aparıcıdır. Bu duyğunu təxminən dörd əsr sonra Məhəmməd Füzuli “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir?” misrası ilə ustadanə şəkildə ifadə edib. Təəssüflər olsun ki, uzun illər, əsrlərdir ki, Məhsəti Gəncəvinin bu sərməstlik hal-vəziyyətini qara-qura yozanlar az olmayıb. Halbuki zərif qəlbli şairə dünyadan, var-dövlətdən beşəlli yapışıb yaradılışın, insan olaraq məsuliyyətinin nədən ibarət olduğunun fərqinə varmayanlara ibrət dərsi keçir, “yəhərli əcəl köhləni”ni nişan verirdi:
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki,
zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
Bu müdrik
xanımın çağırışına,
harayına, yanaşmasına
əsasən, əşyanın
nədən hazırlanması,
hansı əyar-qiymətə
malik olması şərt sayıla bilməz. O, sadəcə,
mayenin, məmulatın
saxlanılması, daşınması
üçün yararlı
ola bilər.
Şirin
suyun, yaxud zəhərin saxsıda, qızıl-gümüşdə saxlanılmasının əhəmiyyəti
yoxdur. Məhsəti Gəncəvinin müdrikliyi
“İnsan insandır, olmasa belə pulu, Heyvan heyvandır,
almasdan olsa çulu” aforizmini yadımıza salır.
Deməli, dəyərli
olan insandır, onun münasibətidir!..
Qərbi Avropa ədəbiyyatında
klassisizm öz yerini sentimentalizmə verəndən sonra (XVIII əsrin II yarısı) yaranan bədii əsərlərdə klassisizmdən
qalma kralların, əsilzadələrin, əyanların
ədəbi qəhrəman
olmaq şansı tədricən sadə zəhmət adamlarına keçir. Bundan altı əsr öncə isə ədəbiyyatımızda Məhsəti
Gəncəvi çörəkçi,
papaqçı, toxucu,
nalbənd, dülgər,
başmaqçı, dərzi,
qəssab və s. sahələrdə çalışan
sadə zəhmət adamlarına rübailər
deyirdi. Onları öz peşələrinin
ustası hesab edərək qəhrəman
kimi vəsf edirdi.
Fikrimizcə, Məhsəti Gəncəvi
öz məmləkətinin
sənətkarlarının ümumiləşdirilmiş obrazını
nisbətən irihəcmli
janrlarda da ifadə edə bilərdi. Ancaq, görünür, şairə hər bir sənət sahibinin əməyini, istedadını xüsusi qiymətləndirib, onlara ruh, həvəs vermək üçün
dörd misrada bitkin əsər hesab olunan rübailərlə
kifayətlənmişdir. Sözü hökmdarlar tərəfindən
eşidilən, əyan-əşrəfin
hörmət və ehtiramını həmişə
hiss edən şairənin
bu humanist davranışı,
həqiqətən də,
onun əbədiyaşarlığını,
örnəkliyini təmin
etmişdir.
Avropanın bəzi tədqiqatçılarının,
həmçinin rusiyalı
şərqşünas alim
Y.Bertelsin Məhsətiyə
real şəxsiyyət kimi
yanaşmamaq meylləri,
daha doğrusu, qısqanc münasibəti
başadüşüləndir. Çünki onlar Nizami poetikasının və hikmətinin də qarşısında heyrətlərini
gizlədə bilməmişdilər.
Cavid əfəndi demişkən, avropalılar
öyrəniblər göz
süzüb, dodaq büzməyə... Ancaq nə etmək olar, Azərbaycan şairəsinin həqiqəti
ortadadır!..
Qəmim yoxsa, ürək qoy viran olsun...
Orta əsr sufi-ürfani
şeirdə dərdin
var olması kamilliyə işarə idi. Dərdin, qəmin gətirdiyi
əhval-ruhiyyə hansısa
əzanın, orqanın
yarasının, iltihabının
nəticəsi deyildi.
Bu dərd Xaliqin hikmətlərinin dərkinin
gətirdiyi Eşqi anlamaq, ona can atmaq meylləri idi. Ona görə
də ürfani atmosferdə olanlar, məsələn, Füzuli
“Var bir dərdim ki, çox dərmandan artıqdır mənə...”, yaxud “Bir
dəm bəlayi-eşqdən
etmə cüda məni!” - deyərək
dərd üstünə
dərd istəyirdi. Füzulinin sələfi Məhsəti də qəm möhtaclarına, aşiqi-şeydalara qisməti-qəm
arzulayır, qəmsiz
ürəklərin viranə
qalmasını diləyirdi:
Sənsiz can bədənə qoy peykan olsun,
Qəmim yoxsa, ürək
qoy viran olsun.
Qəmindən
ayrı bir sevincim olsa,
Öz dərdim bədənə
bir zindan olsun.
yaxud
Möhtaca yeni qəm yetişər
hər an,
Dərdliyə yeni ox dəyər
cəfadan.
Cəhd etmə aşiqi öldürməyə çox,
Bir xətər yetişər
eyləmə, aman.
Məhsəti Gəncəvinin hazırcavablığı,
sinədəftərliyi haqqında
mühitində hamı
xəbərdar idi.
Alın təri ilə dolanan sənətkarlardan tutmuş, dövrün hökmdarlarına qədər.
Hansısa bir ustanın
əl əməyini, istedadını gördüyü
anda onun şəninə elə yerindəcə şəhraşub
söyləməyi də
şairənin poetik təfəkkür qüdrətini
göstərirdi. Təzkirəçilərin yazdığına görə, saray məclislərinin birində
qonaq olan şairə bayıra çıxıb içəri
qayıdır. Hökmdar ondan
havanın necə olduğunu soruşur.
Məhsəti bədahətən
bu rübaini deyir:
Ey şahım, hamıdan üstün bilərək,
Bəxt atını sənə
bəxş etdi fələk.
Qızıl nallı atın batmasın deyə,
Yerlərə sərmişdir gümüş
bir örpək.
Burada diqqətçəkən məsələ Məhsətinin
təkcə hazırcavablığı
deyil, önəmli olan fikrin ifadə,
üslub gözəlliyi,
poetik yüküdür.
Nümunədə “qızıl
nal” və “gümüş örpək”
epitetləri yüksək
sənətkarlıqla işlədilmiş,
qızıl gümüşə
tay tutulmamışdır.
Əsərlərinin zahiri ifadəsinə
əsaslanan müasirləri
və araşdırıcılarından
bəziləri Məhsəti
Gəncəvi haqqında
qoşulan “Əmir Əhməd və Məhsəti” dastanına
istinad edərək onun şeirlərinin ünvanını dəqiq
müəyyən edə
bilməmişlər. Az qala dövründəki bütün
sənət adamlarına
vurulması haqqında
fikirlər yürütmüşlər.
Ancaq onun şeir həsr etdiyi təkcə ustalar, sənətkarlar olmamışdır.
Bunu aşağıdakı
nümunələrdən də
aydın görmək
mümkündür:
...Bir bax gözümə, bir gül üzün
eşqindən,
Yaşlar süzülür hər zaman ümman-ümman.
yaxud
Bir cüt gözün ilə nə qədər qan etdin,
Zülfünlə
nə çox qəlbi, de, viran etdin!
Allah özü
qoy qəlbinə insaf versin,
Bəlkə yazıq aşiqlərə
dərman etdin.
Örnəklərdə işlənən “gül üz”, “aşiq” ifadələri ilə şeirin ünvanını müəyyən
etmək o qədər
də çətin deyil. Klassik ədəbi ənənədə
“gül üzlü” ifadəsi yalnız xanımlar haqqında işlədilib. Aşiqlərə dərman etmək isə məhz məşuqlara aiddir.
Şairənin ədəbi irsindən
onlarla belə nümunə vermək mümkündür.
O, simvollaşdı, əfsanələşdi...
Məhsəti Gəncəvidən təxminən
bir əsr sonra şair İzzəddin Həsənoğlu
məşhur qəzəlində
“Dutuşmayınca dər
atəş, bəlürməz
xisləti-ənbər” - deyərək
odda yanmayınca ənbərdən ətir
hasil olmaz qənaətini irəli sürürdü. Sarıyanız Məhsəti də azad düşüncədə,
humanist əxlaqda, ən
əsası isə nəinki Azərbaycan ədəbi ənənəsində,
hətta Şərq ədəbi fikrində intibaha böyük zəmin yaratdı. Məhsəti bütöv bir
əsrin yazılmış
və yazılmamış
qanunlarına qarşı
mücadilə apardı.
Odlara yandı, cəmiyyətə,
şəriətə, ilahi-ürfani
düşüncəyə mərdanə (kişicəsinə)
yanaşdı, simvollaşdı,
əfsanələşdi. Doqquz əsr öncə “yanan ənbər” indi də rayihəsini saçmaqdadır...
Fariz Yunisli
Mədəniyyət.-
2013.- 1 fevral.- S. 13.