Bakı
Avropa mədəniyyətinin paytaxtı
seçilə bilərmi?
Son
illər paytaxtımızda gerçəkləşən beynəlxalq
festival və forumlar, böyük mədəniyyət layihələri,
intişar tapan genişmiqyaslı tikinti-quruculuq və
abadlıq işləri Bakını dünyanın öndə
gələn şəhərləri ilə bir sıraya
çıxarıb. Şəhərimiz ən möhtəşəm
beynəlxalq tədbirlərə ev sahibliyi etmək
imkanındadır. 2015-ci ildə ilk Avropa Olimpiya
Oyunlarının Bakıda keçirilməsi barədə qərarın
verilməsi də buna bariz sübutdur.
Amma onu da nəzərə almaq
lazımdır ki, hər bir tədbir
öz-özülüyündə unikal olduğu kimi, ona ev
sahibliyi etmək üçün müəyyən meyarlara
cavab vermək zəruridir. Bunu nəzərə alaraq
Bakının Avropa mədəniyyətinin paytaxtı
seçilə bilməsi ehtimalını araşdırdıq,
seçim prosesinə, qalib şəhərlərin nümunələrinə,
onların sahib olduqları unikallığa diqqət yetirdik.
Avropada “mədəniyyət paytaxtı”
anlayışı necə yaranıb?
Ümumiyyətlə, mədəniyyət paytaxtı anlayışı haradan gəlir və mədəniyyətlə yaxından-uzaqdan nə qədər əlaqəlidir, hansı mərama xidmət edir? Qısa tarixçə belədir: Avropanın mədəniyyət paytaxtı anlayışını iki nüfuzlu siyasətçi - Melina Merkuri və Jek Lang 1985-ci ildə formalaşdırıb. Əsas məqsəd isə mədəniyyətlə bağlı baş verən mühüm hadisələri bir şəhərə cəmləmək və bu minvalla Avropa insanlarını bir araya gətirmək olub. Əslində siyasilərin düşündüyü, Avropada inteqrasiyaya xidmət edən ideya daha sonra böyük mədəniyyət hadisəsinə çevrilib. İl ərzində sadəcə bir şəhərdə incəsənət və mədəniyyət tədbirlərinin ardıcıl şəkildə təşkili, müxtəlif etnik, dini fərqlərə malik olan insanların bir araya gəlməsi özlüyündə yeni mədəniyyət formalaşdıran amil kimi ortaya çıxır. Hansısa şəhərin “mədəniyyət paytaxtı” elan edilməsinin turizmin inkişafı baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulamağa isə lüzum yoxdur. Bu hər kəsə aydındır.
Seçim necə
aparılır?
Gələk “Avropa mədəniyyət paytaxtı”nın seçim prosesinə. Avropada hər il iki şəhər mədəniyyət paytaxtı seçilir. 2013-cü il üzrə uzun və gərgin keçən seçimlərdə Fransanın Marsel, Slovakiyanın Koşiçe şəhərləri qalib gəldi. Prosesin özü isə iki il çəkdi. Bir il sadəcə sənədlərin qəbulu və təqdimatlara ayrıldı. İkinci il seçim turuna həsr edildi ki, həmin müddətdə namizəd şəhərlər müraciətlərini daha detallı təqdim etməli, seçimlər üzrə dörd münsif namizəd şəhərlərə səyahət etməli idi.
Münsiflər
heyətinin tərkibi ümumilikdə 13 nəfərdən
ibarətdir. Onlardan 6-sı Fransa,
7-si isə Avropa institutları tərəfindən
təyin edilir. Münsiflər
3 il müddətinə
təyin olunur və onların üçdə biri hər il əvəzlənir.
Qalib şəhər isə münsiflər heyətinin
səs çoxluğu
ilə seçilir.
Keçirilən tədbirlərin
əhatə dairəsi
Avropanın mədəniyyət paytaxtının beynəlxalq
səviyyədə tanınan
xüsusi nişanı
yoxdur. Sadəcə paytaxt seçilən
şəhər özünün
mədəniyyət və
incəsənətlə bağlı
proqramlarını təklif
edir. Elə əsl məqsəd
də yüksək keyfiyyətli mədəniyyət
proqramlarının hazırlanması
və onun mümkün qədər daha geniş auditoriyaya çatdırılmasıdır.
Rəqs,
musiqi, teatr, müasir incəsənət
və eyni zamanda elm, texnologiya, idman, mətbəx və xalq mədəniyyəti
bu proqramların ayrılmaz tərkib hissəsidir. Əslində, mədəniyyət paytaxtı
çərçivəsində baş tutan tədbirlərin əhatə
dairəsi bəzi hallarda ölkə sərhədlərini də
aşır. Bu isə o deməkdir ki, paytaxt seçilmiş
şəhərə beynəlxalq
səviyyədə tanınan
mədəniyyət xadimləri
və gənc istedadlar cəlb oluna bilər və əksər hallarda belə də olur.
Bu ilin mədəniyyət paytaxtı - Marsel
İlk öncə qeyd
edək ki, 2013-cü ilin mədəniyyət paytaxtı dedikdə yalnız Marsel şəhəri nəzərdə
tutulmamalıdır. Şəhərin
yerləşdiyi vilayətə
La Cioatat Arles, Aix, Aubagne
daxildir. Ancaq söhbət Marsel
şəhərindən gedirsə,
burada təşkil olunan istənilən mədəni tədbiri izləmək çox asandır. Bunun üçün yalnız şəhərin
Bargemon adlanan hissəsində yerləşən
taxtadan və şüşədən hazırlanmış
“Pavilion M” binasına və
ya “Hotel de Ville”yə qalxmaq kifayətdir. Buradan biletləri almaq, şəhərdə olub-bitənlərdən
xəbərdar olmaq olduqca asandır.
Marselin özünə və
həyat tərzinə
gəldikdə, bu şəhər Fransanın
cənubunda yerləşən,
ərazisinə görə
ölkənin üçüncü,
əhalisinə görə
isə ikinci şəhəridir. Avropanın dörd
bir yanı ilə sıx əlaqəlidir. Şəhər əhalisi Şimali Afrikadan gələnlərin
(Əlcəzair, Liviya,
Mərakeş və
s.) çoxluğu ilə
seçilir. Bu isə Marseli mədəniyyət və
etnik baxımdan rəngarəng və müxtəlif edir. Marsel bir şəhər kimi təzadlarla çox zəngindir.
Dar küçələri ilə İçərişəhəri
xatırladan, kasıb
afrikalıları ilə
Şimali Afrika şəhərlərinə bənzəyən
və müasir beşulduzlu hotelləri ilə gözoxşayan şəhəri yalnız
bu xüsusiyyətlərinə
görə də ziyarət etməyə dəyər. Və bunun üzərinə Avropanın mədəniyyət
paytaxtı seçilməsi
ilə bağlı il boyu baş tutacaq tədbirləri gəlsək
turistləri hansı mənzərənin gözlədiyini
anlaya bilərik.
Avropanı Asiyaya bağlayan İstanbul
2010-cu ildə Türkiyənin İstanbul şəhəri
Avropa mədəniyyətinin
paytaxtı seçilmişdi.
İstanbulun mədəniyyət paytaxtı seçimlərində
qalib gəlməsi bu seçimlərin obyektivliyi, üstünlük
verilən şəhərlər
və onların sahib olmalı olduqları keyfiyyətlər barədə
kifayət qədər
informasiya verir. İstanbul coğrafi mövqeyi, iki qitədə yerləşməsi, etnik,
dini müxtəliflik baxımından dünyanın
ən unikal şəhərlərindəndir. Biz bu keyfiyyətləri
Marsel şəhərini
təsvir edərkən
də gördük.
Buradan heç şübhəsiz
nəticə çıxarmaq
olar ki, hansısa şəhərin
mədəniyyət paytaxtı
seçilməsi üçün
əsas şərtlərdən
biri oradakı mədəni, etnik müxtəliflik, təbii
və tarixi abidələrlə zənginlikdir.
Bakının mədəniyyət
paytaxtı kimi imkanları
Ümumiyyətlə,
seçim mərhələsi,
əsas götürülən
meyarlar və seçilən şəhərlərin
siyahısı onu göstərir ki, Bakı yaxın gələcəkdə Avropa
mədəniyyətinin paytaxtı
ola bilər.
Çünki şəhərimiz onsuz da müxtəlif
mədəniyyətlərin paytaxtıdır. Bu şəhər kilsə, məscid və sinaqoqun yan-yana durduğu, etnik müxtəlifliyi, tolerant mədəniyyəti,
müxtəlifliklərə dözümlülüyü ilə
seçilən paytaxtdır.
Həmin
xüsusiyyətlərin üzərinə
təbiətin Xəzərin
mirvarisi olan Bakıya bəxş etdiyi unikallığı da əlavə etsək, bu əminliyin əsassız olmadığını görərik.
Bundan əlavə, Bakının
maddi mədəniyyət
nümunələri olan
Qız qalası, İçərişəhər, Atəşgah və şəhər ətrafında
yerləşən müqəddəs
məkanlar da Bakını Avropa və dünya turistləri üçün
maraqlı edir. Son zamanlar müasir
tikinti və arxitektura nümunələri
də şəhərin
daha bir təzadını-müasirliklə tarixiliyi özündə ehtiva edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, heç şübhəsiz
bu unikallıqları nəzərə alaraq
2010-cu ildə şəhərimizdə
keçirilən Dini Liderlərin Ümumdünya
Sammitində bildirmişdi
ki, gün gələcək Bakı Avropa mədəniyyətinin
paytaxtı seçiləcək.
Son zamanlar
ölkəmizdə keçirilən
böyük beynəlxalq
tədbirlər də
o günün çox
uzaqda olmadığını
söyləməyə əsas
verir. Bakını
Avropa mədəniyyətinin
paytaxtı görmək
arzusu ilə!
Sadiq Musa
Mədəniyyət.-
2013.- 1 fevral.- S. 12.