Turizmdə xidmət və qiymət problemi
Mütəxəssislər həll
yollarını göstərirlər
Hazırda Azərbaycanın turizm sektorunda çox rast gəlinən problemlərdən biri də göstərilən
xidmətin keyfiyyəti
ilə onun qiymətinin uyğun olmamasıdır. Bunu zaman-zaman
turistlərin öz dilindən də eşitmək olur. Eyni zamanda mütəxəssislər
də daima bu məsələyə toxunurlar. Əksər hallarda insanların
narazılığı iaşə
xidmətinə görə
yüksək məbləğdə
hesabın istənilməsi
ilə bağlıdır.
Maraqlıdır, problemin səbəbini
harada axtarmaq lazımdır və onun həlli yolları nədir?
Qida sənayesində dünya praktikasına uyğun standartlar tətbiq olunmalıdır
Turizm İnstitutunun Turizmin
təşkili və texnologiyası kafedrasının
müdiri, dosent Bahadur Bilalovun sözlərinə görə,
son zamanlar hotellərdə
qiymət enmələri
baş verir. Amma turizm deyəndə təkcə hotellər nəzərdə tutulmur.
Burada qidalanma məsələsi
də önəmlidir.
Bu sahədə qiymətlərin
yüksək olması
və göstərilən
xidmətin keyfiyyətinin
aşağı olması
diqqəti cəlb edir: «Bunu xüsusilə
regionlara gedərkən
yol kənarında yerləşən kafe və restoranlarda müşahidə etmək
mümkündür. Xarici ölkələrdə
menyu deyilən bir şey var. Burada təqdim olunan yeməyin tərkibi və qiyməti əks olunur. Təəssüflər olsun ki, bizdə bir çox iaşə obyektlərində menyu anlayışı yoxdur.
Ofisiant gəlir, şifahi olaraq yeməklərin adını sadalayır, tərkibi barədə isə heç bir məlumat vermir. Bu yeməklərin
bir çoxunu xarici qonaqlar heç adı ilə tanımırlar da. Sonda da müştəriyə
elə qiymət “oxuyur” ki, təəccübdən
donub qalırsan.
Bu baxımdan düşünürəm ki,
turizmdə böyük
rol oynayan qida sənayesində dünya praktikasına uyğun standartlar tətbiq olunmalıdır».
Sahibkarlar qoyduqları investisiyanı qısa zamanda çıxarmaq istəyirlər
«İnfotour.az»
saytının direktoru,
turizm üzrə mütəxəssis Kamran Qədirov isə məsələyə başqa
cür yanaşır.
Onun fikrincə, sahibkarlar hoteli tikib istifadəyə verən gündən ondan mənfəət götürmək istəyirlər,
qiymətləri də
yuxarı həddə
müəyyənləşdirirlər: «Bu
zaman onlar rəhbərlik etdikləri
müəssisədə personalın
müştərilərə necə xidmət etdiklərini nəzərə
almırlar. Bu isə müştərilərin
narazılığı ilə
qarşılanır. Çünki hər bir insan
qaldığı hoteldə,
yemək yediyi restoranda ödədiyi məbləğin dəyərinə
uyğun xidmət görmək istəyir”.
Həmsöhbətimiz
qeyd etdi ki, problemin əsas
səbəblərindən biri
kimi peşəkar kadrların azlığı
göstərilir: «Amma
bu istiqamətdə məqsədyönlü işlər
görülür və
nəticə də
var. Azərbaycan Turizm
İnstitutu ildə
200-dən yuxarı ali təhsilli kadrı istehsalata təhvil verir. Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi fəaliyyət
göstərir. Bundan başqa,
Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası Türkiyənin
aidiyyəti qurumları
ilə birlikdə vaxtaşırı olaraq mehmanxana əməkdaşları
üçün ixtisasartırma
kursları təşkil
edirlər. Bütün bunlar
yaxın gələcəkdə
turizmdə kadr probleminin də həll ediləcəyini deməyə əsas verir. Sadəcə, lazımdır ki,
müəssisə sahibləri
onlardan səmərəli
istifadə edə bilsin».
K.Qədirovun fikrincə, ölkədə
mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
çoxaldıqca problem də
yoluna qoyulacaq. Rəqabət artdıqca müəssisə sahibləri
də çalışacaqlar
ki, həm qiymətə, həm də xidmətə fikir versinlər: «Əks halda, rəqabətdə uduzacaqlar.
Çünki turizm şirkətləri
də belə obyektlərlə əməkdaşlıq
etmirlər. Artıq əksər
hotellər «Hər şey daxil» prinsipi ilə işləməyə üstünlük
verirlər. Xüsusilə
Nabran zonasında yerləşən istirahət
mərkəzləri ötən
il bu
paketin nə qədər sərfəli
olduğunu gördülər.
Əksər turistlər buna
üstünlük verirlər.
«Hər şey
daxil» paketi hazırlanarkən də istər-istəməz xidmətin
keyfiyyəti əsas şərt kimi götürülür».
Nazirlik xidmət sahəsində sağlam rəqabətin formalaşmasına
çalışır
Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə,
bazar iqtisadiyyatı sərbəstdir, burada qiymətlər dövlət
tərəfindən tənzimlənmir:
«Bizim məqsədimiz
odur ki, bütün bölgələrdə
xidmət infrastrukturu yaradılsın, yataq yerlərinin sayı çoxaldılsın, sağlam
rəqabət formalaşsın.
Bu həm xidmətin
keyfiyyətinə öz
təsirini göstərəcək,
həm də qiymətə. Bazarda məhsul
qıtlığı yarananda
bu, istər-istəməz
qiymətin bahalaşmasına
gətirib çıxarır,
eyni zamanda xidməti zəiflədir.
Amma xidmət sahələri çox olduqca bu, qiymət baxımından bazara öz təsirini göstərir. Düzdür,
qiymətlərin bahalaşmasına
səbəb olan başqa amillər də var. Nəqliyyatın,
icarə haqqının
və s. baha olması bu sıraya daxildir».
Sektor müdirinin sözlərinə
görə, nazirliyin həyata keçirdiyi siyasət ondan ibarətdir ki, xidmət sahələrinin
sayı çoxalsın
və ona uyğun olaraq qiymətlər aşağı
salınsın: “Turizm
haqqında” yeni qanunda, yeni strategiyalarda
da hədəfimiz buna doğru olacaq. Yəni bazarda xidmətin
səviyyəsini tənzimləməklə
qiymətlərə təsir
göstərmək. Tələb qoyaq
ki, əgər sən baha satırsansa,
satdığın məhsula
görə də xidmət göstər.
Bazar iqtisadiyyatında bu tərəfi tənzimləyə
bilərik. Restoranda, ekskursiya
xidmətində, bələdçi
fəaliyyətində, mehmanxana
xidmətində standartları
müəyyən etmək
və o standartlara uyğun onun icrasının həyata keçməsinə nəzarəti
gücləndirməklə qiymətləri nizamlaya bilərik. Ötən ilin sonunda təsdiq edilən «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı,
ulduz kateqoriyalarının
müəyyənləşdirilməsi və qiymətləndirmədə
meyarların tətbiq
edilməsi barədə»
Dövlət Standartı
da bizə imkan verəcək ki, xidmətin keyfiyyətinin yaxşılaşdırılması
üçün əvvəlkindən
daha çox yüksək tələblər
qoyaq”.
Yeni standartları Dövlət Komitəsindən
əldə etmək olar
Məlum olduğu kimi,
ötən ilin dekabrında Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən
xidmət sahəsi ilə bağlı iki standart təsdiq
edilib. Bunlardan biri «Şadlıq
saraylarının təsnifatı
və qaydalar», digəri isə Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən hazırlanmış
«Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı,
ulduz kateqoriyalarının
müəyyənləşdirilməsi və qiymətləndirmədə
meyarların tətbiq
edilməsi barədə»
Dövlət Standartıdır.
İkinci sənəd “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın
icrasını təmin
etmək məqsədilə
«Turizm və yerdəyişmə vasitələrinin
xidmətləri» üzrə
Texniki Komitə tərəfindən hazırlanıb.
Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ictimaiyyətlə
əlaqələr sektorunun
müdiri Fazil Talıbovun sözlərinə
görə, maraqlananlar
standartlarla tanış
olmaq üçün
komitəyə müraciət
edə bilərlər.
Sənədləri Dövlət
Komitəsinin Təcrübə
Sınaq Mərkəzindən
almaq olar: “Bir müddət sonra biz sənədlərin
internet vasitəsilə onlayn
satışını həyata
keçirəcəyik”.
F.Abdullayeva
Mədəniyyət.-
2013.- 1 fevral.- S. 9.