Turizm İnstitutu TEMPUS
proqramı çərçivəsində müzakirələrdə
iştirak edib
Azərbaycan Turizm
İnstitutunun nümayəndə heyəti
yanvarın 21-dən 25-dək Avropa
İttifaqının TEMPUS proqramı çərçivəsində
Almaniyada səfərdə olub.
ATİ «Davamlı turizmin idarə olunması
sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün
yeni modulların hazırlanması» layihəsində
tərəfdaş ali təhsil müəssisələrindən
biridir. Almaniya, İrlandiya, Latviya, həmçinin
Cənubi Qafqaz dövlətlərinin tərəfdaş
olduğu və 3 il
müddətində nəzərdə tutulan
layihə regionda turizm
sahəsində təhsilin keyfiyyətinin
artırılmasına istiqamətlənib.
Almaniyanın Vilhelmshaven şəhərində layihənin ilkin görüşü keçirilib. Görüşü Almaniyanın Jade Tətbiqi Elmlər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, layihə koordinatoru Uve Vaythoner açıb. Vilhelmshaven şəhərinin meri Holger Barkovski, Azərbaycan Turizm İnstitutunun Xarici əlaqələr və layihələr şöbəsinin müdiri Şəhla Əhmədova çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıblar.
ATİ-nin nümayəndə heyətinin tərkibində Tədqiqat və inkişaf şöbəsinin layihələr üzrə böyük mütəxəssisi Kazım Quliyev və metodisti Yulius Arneqqer də olub. Cənubi Qafqaz dövlətlərinin hər birindən iki nəfərdən ibarət rəhbər komitə təşkil edilib. Azərbaycan üzrə rəhbər komitəyə Kazım Quliyev və «Ekosfera» Sosial-Ekoloji Mərkəzin direktoru Firuzə Sultanzadə seçilib.
Qeyd edək ki, tədbirlərdə ölkəmizdə Azərbaycan Turizm İnstitutu, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Dövlət Kənd Təsərrüfatı Universiteti, Mingəçevir Turizm Kolleci, Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, «Ekosfera» Sosial-Ekoloji Mərkəz, «Millennium Turizm Konqress» DMC və «Təbiət dostları» qeyri-hökumət gənclər təşkilatının nümayəndələri iştirak edib. Görüşlərdə layihənin mərhələləri, iş bölgüsü aparılıb, işçi qrupların gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.
Yanvarın 28-29-da isə TEMPUS proqramı çərçivəsində növbəti müzakirələr Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universitetində keçirilib. Burada proqram çərçivəsində «Kompyuter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılması» layihəsinin açılış mərasimi olub. 5 Avropa və 11 yerli universitetin nümayəndəsinin iştirak etdiyi layihənin əsas məqsədi İKT sahəsində biliklərin artırılması və onların ölçülməsidir. Layihə 2015-ci ilin oktyabrında başa çatacaq. Layihənin sonunda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaq. Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Turizm İnstitutunun Xarici əlaqələr və layihələr şöbəsinin müdiri Şəhla Əhmədova və İnformasiya texnologiyaları kafedrasının müdir müavini Flora Ələsgərova təmsil edib.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 1 fevral.-
S. 9.