Milli və bəşəri melo-aləm...

 

   Qara Qarayev - 95

  

   Dünyaya musiqi İldırımlı, sevgi Sədalı, məhəbbət Pıçıltılı Qara Qarayev!

  

   Onun - təkcə bu xalqa yox, bütün dünyaya mükafat olanlarımızdan Birisi haqda olan bu yazıya təltifat və mükafatlarından başlayım. SSRİ Xalq artisti, bir dəfə “Lenin”, iki dəfə “Stalin” mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik... Bu adlar çoxdur - çoxdan da çox! Say, vəzn və deməli, bu qəzet səhifəsinin həcminə nisbətcə də çox böyükdür. Lakin təkrarsız əsərlərinin böyüklüyü ilə proporsional deyil. Musiqisini yazdığı filmlərin hər birində ikinci baş qəhrəman mütləq mənada onun notlarıdır. Baletlərindəki parçaların hər biri həm də müstəqil sənət nümunələridir. Simfonik poemaları dünyanın bütün könül “nəşriyyat”larında eyni dildə, lakin məhz Azərbaycan imzası ilə səslənib-oxunan bəşəri partitura-romanlar, epoxal epopeyalardır.

  

   Qışın oğlan çağında (5 fevral 1918) doğulmuş bu dahi hələ gənc yaşlarından başlayaraq, “Odlar yurdu” Azərbaycanı dünyaya alovlu sənət məmləkəti kimi də notlandırmağa başladı. Çoxları üçün “uşaq çağı” hesab edilən 19 yaşda Azərbaycan, 28 yaşda SSRİ bəstəkarlar ittifaqlarının (6 il sonra Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri olmaqla), 36-sında Lenin və SSRİ Dövlət Mükafatları Komitəsinin üzvü, 41-ində AMEA-nın akademiki seçilmişdir.

   Deyilənlərə görə, uşaqlıq çağlarında nadinclik cızığından çox qırağa çıxan Qara, - sonralar hamımızın dediyimiz kimi - öz Qara Qarayev (!) erasında bizim sənət və intellekt istedadımızı coğrafi cızıqlarımızdan büsbütün qıraqlara - öz bəşəriyyət aləminə çıxardı...

  

   Dahilər - dünyaya məxsuslar...

  

   Müasir internet çaparlığında bu qəzetin gedib çıxacağı “yadstan”larda hansısa bir əcnəbinin “öz bəşəriyyət aləmi” ifadəsinə təəccüblənəcəyi gümanındayam. Amma təəssüf. Burada, olsa-olsa, balaca bir milli eqo ehtimalı ola bilər ki, bunu əlavə bir ştrixlə Bethovenə, Vivaldiyə, Rossiniyə, Şopenə, Motsarta, Çaykovskiyə... də verməklə, konsensuslaşa bilərik. Ancaq adlarını tam sadalamadığım bu nəhənglər, doğrudan da, təkcə öz xalqlarının deyil, bütünlükdə dünyanın fəxri zatları, major ovqatlarıdır.

  

   Dərya Qara Qarayev...

  

   Yuxarıdakı abzasa əlavə olaraq deyim ki, böyük çaylar, dənizlər, okeanlar yalnız bir xalqa, bir qitəyə mənsub olmadığı kimi, dahilər də - bütün bunların şəriksiz sahibi olan dünyaya məxsusdurlar. Siyasi-strateji qaliblik atributu olan böyük sular dövlətlər üçün nədirsə, dahilər də millətlərçün odur. Üç yoldan biri olan həmin sularsız dövlətin dünyaya, həmin adamlarsız isə millətin bəşər mədəniyyətinə çıxışı olmur. Hansı sənətkar ki milli sərhədi aşıb dünyəviləşir, ümumbəşəri tələbata çevrilir, o müsafir - daha heç hara heç bir səfər etmədən - bütün ölkələrdə öz məmləkətinin fövqəlZadə səfiri olur.

  

   “Adi” Qara Qarayev(?)...

  

   Deyirlər, sovet günlərinin bir günü “bizim kənd”dən Bakıya gəlmiş aydan arı, sudan duru bir qarı nənə(m) insan və maşın basırığına düşüb, ömrü uzunu “manqa başçılığı”na işlətmiş başını necə itirirsə, “Kommunist” küçəsinin o tayına keçə bilmir və yanından ötən bir topa qıza “Ay “yeddi gözəl”lər, məni də bu “ildırımlı yollar”dan keçirin” - deyə, şəhərə düşdüyü andan ona “kəndçi” kimi baxan ətrafın gözünə diribaşlıq külü üfürüb, “diplomatik” gəlmə gəlir...

  

   Korifey Qara Qarayev!..

  

   Bəli, yuxarıda “baş vurduğum” siyasi-strateji qaliblik göstəricilərindən - su, hava, quru kimi təbii-fiziki çıxışlardan daha uzun, daha uca - gömrüksüz, vergisiz, tufansız (olsa-olsa, melodik “ildırımlı”) mənəvi yollar açan korifeyimiz! O, çox azını təşbeh edə bildiyim (və heç vaxt heç kimin qədərincə ifadə edə bilməyəcəyi) xüsusiyyətləri, ilahi musiqi taktları ilə öz mükəmməl “avtoportret”ini yaradıb; fırçasız və heç bir ərazi-əhatə ehtiva edə bilməyəsi ramka-çərçivəsiz!..

   Onun - başqaları tərəfindən fırça və sözlə yaradılmış portretləri də az deyil. Xüsusən, T.Salahovun «Bəstəkar Qara Qarayevin portreti»! Amma rəssamlar - yəni görünənləri hamıdan yaxşı görüb, hamıdan yaxşı göstərə bilənlər - adama “gəl-gəl” simfoniyası çalan bu əsər-surəti bizlərə - yəni adi görənlərə böyük orkestrlər səviyyəsində göstərməlidirlər. Bu, əlbəttə, göstəriş yox, xəlqi bir arzudur. Təəssüf ki, (T.Salahov istisna edilməklə) bu ecazkar sifət-surət obrazının ən kamil “ustadı” hələ də öz dövrünün güzgüləri, fotoobyektivləri və kino-tele lentlər olaraq qalır: rəssamlardan, qələm əhlindən fərqli olaraq, olanı ola bilən kimi yox, məhz olan kimi təqdim edən əşyalar. Sənətçilər yox, sənədçilər. Yaxşı, bəyəm sənətçiləri də sənədçilərlə “kolleqa”laşdırmaq üçün bundan da artıq vizual energetikaya malik olmalısan?!

   Siz bir onun fotolardakı baxışlarına baxın! Kadrlardakı jestlərini, hər an eko-kültüral taktlar ovlayan göz qırpımlarını, bəşəriyyəti psixo-sosioloji imtahanlardan azad etməyə yönəli melo-terapiya testlərini xatırlayın. Sakit, sa-kit... Tə-ləs-mə-yin. Asta baxın, bəstə xatırlayın, usta düşünün... Şax-şahanə duruşunda bir vuruş. Geniş və apaçıq (hər iki mənada) alnı tale və sənət ekranı. Bətndə sənət vulkanizmi, batində isə humanizm saçımları. Bir qulağı həmsöhbətində, o biri - doxsan doqquz tam onda doqquzunu tanımadığı, üzlərini görmədiyi müasir milyonların, gələcək milyardların yeni gözləntilərində; özü də ədasız, hay-küysüz, amma həm də «darı dələn» nisbətində...

   Yenidən xatırlayın və daha diqqətlə baxın; o heç vaxt heç kimə, heç nəyə baxmır; nə adamlara, nə obyektivlərə. Hə, hə, “Ağac bar gətirdikcə...” məsəli. Amma bir fərqlə: başını yox, baxışlarını aşağı dikir. Yəqin, belə bir duyğu ilə ki, birdən, onsuz da bəlli böyüklüyünü, kadr arxasındakı qlobal populyarlığını “lal ladlarla qarşısındakılara duyurur” təhlükəsi yarana bilər. Bəs necə (!), hədsiz populyarlıq, mayak böyüklük bu sayaq “kiçik” xətalardan nəm çəkə bilər. Hələlik terminolojiliyə gəlməyən “avtosimfonizm” yalnız bu “rəng”lərlə mümkündür. “Avtoportret” hər rəssamın kiçik bir dövr işidirsə, belələrinin bütün ömür işidir...

 

   Hər kəsin və hamının Qara Qarayevi...

  

   Qara Qarayevin xalqiçi-könüllərdaxili portretləri saysız-hesabsız. Fakturaca abstrakt, istək-arzuca göy qurşağı qədər rəngarəng, folkloranə. Daha çox Motsart-Bethovenlər sayağı - ultra-eleqant görünüşlü bu xəyali “portret”lər, şəkil və “şikil”lər müxtəlif «janr»lardadır; “xəyal-duyal”, “real-irreal”, “coşu-qoşu” və sair “növ”lərdə. Bunlardan ikisi mənimçün daha maraqlıdır; biri sənətkaranə «dəcəllik»lə bağlıdır, o biri - bütün korifeyləri müşayiət edən “qara camaat” ayama-sayamaları, rəngarəng, çoxahəng xalq münasibətlərilə.

   İşə baxın, onun pəncərə şüşəsi sındırmasını da məqbul hesab etməmək olmur. Belə ki, bir səhər indiki İqtisad Universitetinin yanından ötən Üzeyir bəy görür ki, bir uşaq üçüncü mərtəbədəki taybatay açılı pəncərəyə daş atır. Soruşur ki, niyə belə edirsən, dillənmir. Qeyri-adi fəhmə malik Üzeyir bəy uşağın gözlərində nə görürsə, yaxınlaşıb başını sığallayır və bir də soruşur. İçində gələcək dahi gizlənmiş uşaq millətin bu sənət babasının sığalındakı səmimiyyətə güvənib, fikrini bir nəvə ərki ilə bəyan edir; “...mən sınan şüşə cingiltisini çox xoşlayıram...”

   Onun haqqında söyləyəcəyim ikinci xəlqi rəvayət-“portret”in isə şəxsən şahidiyəm. On bir il əvvəl, bir dostumun maşınında onun məşhur “Vals”ını dinləyib təəssüratlarımızı bölüşürdük. Həmsöhbətimin 7-8 yaşlı nəvəsi “baba, imkan verin qulaq asaq, sonra danışarsız də!” - deyə, bizim müzakirəmizə çılğınlıqla etirazını bildirdi. Sonra bu yaşıdım 60-cı illərlə bağlı bir hekayət söylədi. Dedi ki, indi işğal altındakı rayonumuza yenicə radio qovşağı çəkilmişdi və muğamatdan, aşıq mahnılarından başqa heç nəyi dinləməyə səbri çatmayan nənəm tez-tez gileylənir, simfoniya, ariya (öz təbirincə “arya-zarya”) səslənəndə biz nəvə-nəticələrinə “onun səsini kəsin!” əmri verirdi. Qərəz, bir gün o 105 yaşlı nənəm 15-16 yaşlı mənə bir saçaqlı konfet verib dilə tutdu ki, onun adından “radyo-ustudya”ya bir məktub yazım. Yazım ki, o Qara Qarayevləri tez-tez versinlər. Ucqar bir kənd qarısının müasir musiqi zövqünə məəttəl qalan radio işçilərindən iki nəfər iki-üç həftədən sonra bizim kəndə gəldi. Xoş, beş, çay, çörək, nəhayət, bunun səbəbini soruşdular. Nənəm nə cavab versə yaxşıdır? Dedi, ay bala, mən bir xəstə qarıyam, başım səs-küy götürmür, o cürənə musiqilər veriləndə isə uşaqlar özləri bağlayır radionu...

   Sonra dostum əlavə etdi ki, indi mənim nəvəm, o vaxt nənəmə şərik çıxıb yol verdiyim o ucqar zövqümün qisasını alır məndən. Bir kərə də qayıdasan ki, baba, “dərslərinə fikir ver” deyib, mənə belə musiqilərin disklərini almırsan, barı, radiolara, televiziyalara yaz ki, indicə mənim ürəyimi oynadan bu musiqiləri tez-tez səsləndirsinlər...

  

   İndi siz səsləndirin...

  

   Yazı-pozuda səsləndirilməsi mümkün olmayan o ecazkar musiqiləri özlüyünüzdə çalıb-çağırın! “Uzun” poema-baletlərini (“Yeddi gözəl”, “Leyli və Məcnun”), qravür, muzikl, opera, simfoniya və simfonik əsərlərini, romanslarını (“Don Kixot”, “Çılğın qaskoniyalı”, “Zəriflik”, “Mən sizi sevirdim”, “Könül mahnısı”, “Gürcüstan təpələrində” və s.), “Qoyya”, “Uzaq sahillərdə”, “Qızıl eşelon” və başqa filmlərə yazdığı möcüzələrə vaxt tapmasanız da, “İldırımlı yollarla”dakı iki dəqiqəlik adajio-rəqsi qəlbinizdə havalandırın. Əgər əsl “slux”al şəkildə səsləndirə bilsəniz, bir kərə bir şəhid nənəsinin öz qəhrəman nəvəsi haqda danışarkən televizorda səslənən həmin musiqi səbəbilə söhbətinə ara verib dediyi “Elə bil mənim Kamilim düşmən üstünə şığıyır!” kəlmələrinə bənzər sözlər deyəcəyinizə əminəm...

   Sonra da - sizli-mənli - bu fikirlərimizə bunu da əlavə edək ki, nə bu saya sözlərimiz o şedevr milli-Səsə adekvatdı, nə sağlığında aldığı sayagəlməz mükafatlar o korifey Kəsə...

   ... Və yəqin ki, on bir il öncə dostumun maşınında bu dühanın saysız şedevrlərindən birinin - «Vals»ının davasını edən o uşaq indi ordudadır. Sözsüz ki, o oğlan bu Vətənin tək elə torpağını, maddi varidatını yox (hələ o yaşda ikən o qədər sevdiyi o «Vals» da daxil), qeyri-maddi irsinin, mənəvi nemətlərinin şan-şöhrətini də qoruduğunun fərqindədir və həmin irsdə misilsiz payı olan və bu gün 95 illiyini qeyd etdiyimiz böyük sənətkarın məlum “20 faiz”lik coğrafi nisgil kəm-kəsirini də düşməndən azad etmək qabiliyyəti və səviyyəsində döyüşəcək...

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2013.- 1 fevral.- S. 6.