“Gənclik teatra öz mövzusu ilə gəlir”
İsrafil İsrafilov: “Yaşca cavan olsa da, intellekti
«qocalmış», dünyagörüşü məhdud olanlar
var. Odur ki,
istedadlı, məsuliyyətli, intellektli gənc
insanlara şərait
yaradılmalıdır”
Akademik Milli Dram
Teatrının kollektivi İranın Tehran şəhərində 31-ci Beynəlxalq
Fəcr Festivalından qayıdıb. 22 ölkənin təmsil
olunduğu festivalda teatr Afaq Məsudun
«Qatarın altına atılan qadın» əsərinin
tamaşası ilə (quruluşçu rejissor Mehriban Ələkbərzadə)
iştirak edib.
Teatrın direktoru, sənətşünaslıq
elmləri doktoru İsrafil
İsrafilovla festival təəssüratları,
yaradıcılıq planları və qayğıları barədə
söhbət etdik.
- İsrafil müəllim, Fəcr festivalının əsas şərtləri, ümumi prinsipləri nədir?
- «Fəcr»
şəfəq, işıq, ziya deməkdir.
İranda bu ad altında ənənəvi
olaraq teatr və kino festivalları
keçirilir. Fəcr teatr
festivalı iki miqyasda - İranın paytaxt və bölgə teatrlarının
festivalı və beynəlxalq teatr festivalı formatında keçirilir. Festivala qatılmaq
istəyən teatrlar repertuarlarında olan əsərləri disk şəklində
təşkilatçılara təqdim edir və münsiflər heyəti o tamaşalara baxıb özləri hansısa tamaşanı seçir. İran islam respublikası
olduğu üçün
seçilən tamaşalara
da islami dəyərlər prizmasından
yanaşır və qiymətləndirirlər. Bizim teatrın
tamaşaları arasından
«Qatarın altına atılan qadın» seçildi. Tamaşa festival günlərində iki dəfə - yanvarın 25
və 26-da oynanıldı.
Orada dünyanın müxtəlif
ölkələrindən çox
maraqlı kollektivlər,
fəxri qonaqlar vardı. Cənubi Koreya, İtaliya və Macarıstan teatr kollektivlərinin maraqlı tamaşalarına
baxdıq. Hətta Avstraliyadan tamaşa
gətirmişdilər.
- Festivalın hansı nominasiyaları vardı?
- Festivalda nominasiyalar yox, sadəcə mükafatlandırmalar
nəzərdə tutulub.
Bağlanış və mükafatlandırma
mərasimi yanvarın
31-nə planlaşdırılmışdı.
Biz daha əvvəl
qayıtdığımız üçün bu mərasimdə iştirak edə bilmədik və nəticələrdən
xəbərsizik. Tanınmış rejissorumuz Cənnət Səlimovanın da üzv olduğu münsiflər heyəti müşavirə keçirib
tamaşaları müzakirə
edəcəkdi. Onu da deyə bilərəm ki, bizim tamaşamız
böyük maraqla qarşılandı. Xüsusən ikinci tamaşanı 10 dəqiqə ayaq üstə alqışladılar.
Tamaşadan sonra xeyli sayda seyrçi binanın çıxışında
aktyorların çıxmasını
gözləyirdi. İranın tanınmış rejissorları
aktyorlarımızla görüşüb
təbriklərini çatdırırdılar.
Bu mənada bu
çıxışımızı uğurlu hesab edirəm. Həmçinin, son on ildə ilk dəfə idi ki, Akademik Milli
Dram Teatrı İrana
gedirdi.
- Bu səfər
müxtəlif ölkələrlə
teatr əlaqələrinin
qurulmasına necə,
təsir etdimi?
- Koreya, Macarıstan, Gürcüstan
teatrları ilə daha sıx əlaqələr
yaratdıq. Roma teatrının heyəti ilə söhbətlərimiz
oldu. Açığını desək, bizim
indiyədək İran
teatrları ilə əlaqələrimiz yox idi, halbuki, çağdaş
dövrümüzdə İranın
teatrı və kinosu xeyli inkişaf
edib. Qonşu kimi müxtəlif
mədəni məsələlərlə
bağlı fikir mübadilələrimiz oldu.
Gələcəkdə imkan olarsa, qarşılıqlı qastrolların
təşkili müzakirə
olundu. İran tərəfi bizə
bir sıra qastrol təklifləri ilə müraciət etdi. Tehranda çox sayda
azərbaycanlı yaşayır,
tamaşaçı zalında
da azərbaycanlılar
çox idi. Yeri gəlmişkən, tamaşa
birbaşa Azərbaycan
dilində, tərcüməsiz
nümayiş olundu.
- İsrafil müəllim, Akademik Milli Dram Teatrının bu il üçün planları
nələrdir? "Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində nə işlər görürsünüz?
- Qastrollar haqqında düşünürük.
Bizi Qazaxıstanın Almatı
şəhərindən qastrola
dəvət ediblər.
Bosniya-Herseqovinadan Sarayevoda çıxış
etmək üçün,
Rusiyanın Tümen vilayətindən dəvətlərimiz
var. Bu yaxınlarda Elçinin
«Qatil» əsərinin tamaşası ilə Gürcüstana dəvət
ediblər. Milli teatrımızın
140 illik yubileyi ilə bağlı tədbirlər düşünürük.
Başqa
ölkələrdən olan
həmkarlarımızı dəvət edib, səliqəli, sadə bir yubiley tədbiri
keçirmək istəyirik.
Bir araya gəlmək, teatrın keçdiyi yolu xatırlamaq, indiki vəziyyəti müzakirə etmək, teatrımızın tarixində
böyük xidmətləri
olan sənətkarları
bir daha anmaq üçün yubiley tədbiri gözəl bir imkandır. Bununla bağlı Mədəniyyət
və Turizm Nazirliyinin də nəzərdə tutduğu
tədbirlər var - teatr haqqında kitabların çap olunması, müxtəlif
nəşr nümunələrinin
hazırlanması və
s. Yəni bununla bağlı tədqiqatçılar
və teatrların görəcəyi işlər
var.
2009-2019-cu illər üzrə Azərbaycan teatrının
inkişaf perspektivini əks etdirən Dövlət Proqramı icra olunmaqdadır. Teatr kollektivinin strukturunun formalaşmasından tutmuş,
repertuar siyasəti, teatrın ictimaiyyətlə
əlaqəsi, nəzəri
məsələlər, kadr
hazırlığı, kadrların
yerləşməsi prinsipləri
bu proqramda öz əksini tapıb. Əsas olan bir məqam mübadilə məsələsidir. Biz hər sahədə olduğu kimi, teatr sahəsində də dünyadan təcrid olunmuş şəkildə yaşaya
bilmərik. Başqa teatr
kollektivləri ilə
yaradıcılıq əlaqəsi
və əməkdaşlıqlar
qurmalıyıq. Ötən
ilin sonunda Mədəniyyət və
Turizm Nazirliyi bizim dörd mütəxəssisi (quruluş
hissə müdiri, səs rejissoru, qrim ustası) Rusiyanın əsas teatrlarından olan «Böyük Teatra», «Vaxtanqov Teatrı»na
ezam etdi. Onlar təcrübə qazandılar.
Bu, çox faydalı
və səmərəli
bir iş oldu.
Azərbaycan dramaturqlarının əsərlərinin ölkədən
kənarda yayılması
istiqamətində bir
sıra işlər görülüb. Bizim
müəlliflərin - Elçin,
Kamal Abdulla, Hüseynbala
Mirələmov, Afaq Məsud, Əli Əmirli, Firuz Mustafa, Elçin Hüseynbəylinin
əsərlərini tərcümədə
bütün türkdilli
dövlətlərin teatrına
göndərmişik. Bəzən
jurnalistlər soruşurlar
ki, «teatrda islahatlar aparıldı, nəticəsi hanı?» Bu ağacı
əkən kimi ondan meyvə istəməyə bənzəyir.
Zaman keçməlidir, ağac
böyüməlidir, şaxtadan,
soyuqdan qorunmalıdır
ki, meyvəsi olsun.
- 2 fevral Azərbaycanda Gənclər
Günüdür. “Teatr
və gənclər”,
“Akademik Teatrda gənclər» mövzusunda
fikirləriniz maraqlıdır...
- Mədəniyyət və Turizm Nazirliyi böyük etimad göstərərək bir sıra bölgələrdə istər baş rejissor, istər direktor vəzifələrinə gəncləri təyin etdi. Bu gənclər ümidləri doğrultdular, maraqlı tamaşalar hazırladılar. Bir şeyi də nəzərə almaq lazımdır, hər kəs gəncdirsə, ona şərait yaradılmalıdır kimi bir qayda yoxdur, gənclərin də içində işinə ciddi yanaşmayan, hətta yaşca cavan olsa da, intellekti «qocalmış», dünyagörüşü məhdud olanlar var. Odur ki, istedadlı, məsuliyyətli, intellektli gənc insanlara şərait yaradılır. Bizim teatrın özündə səhnədə, afişada az-az görünən gənclər əsas rollarda çıxış etməyə başlayıb. Gənc aktyor və aktrisaların çıxış faizi daha çoxdur - Hikmət Rəhimov, İlahə Həsənova, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı - onlar aparıcı rollarda çıxış edirlər. Gənc rejissorlar tamaşalar hazırlayırlar. Bəzən bu hallar qınanılır, gənclərə meydan verilməsi narazılıqla qarşılanır- amma tarixə nəzər salsaq, teatrın parlaq simaları, rejissorları ilə paralellər aparsaq, onların haqlı olmadıqlarını görərsiniz. Tofiq Kazımov, Adil İsgəndərov teatra rəhbərlik edəndə çox gənc idilər. Amma teatrın böyük və parlaq bir dövrü onların adı ilə bağlıdır. Əlbəttə, biz gənclərə meydan verməliyik. Gənclik öz mövzusu ilə gəlir teatra. Bu isə çox maraqlıdır.
A.Dadaşova
Mədəniyyət.-
2013.- 1 fevral.- S. 5.