Dastan gecəsi” - yaddaşımızın xəzinəsi

 

   Yanvarın 30-da Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə dastan gecəsi keçirildi.

 

   Tədbirdən əvvəl Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub bir necə sualımızı cavablandırdı. Qeyd etdi ki, “Dastan gecəsi” Aşıqlar Birliyinin 2013-cü ildə ilk tədbiridir: “Bu axşam müxtəlif dastanlardan ən maraqlı, ən şirin, ən yaddaqalan parçalar səsləndiriləcək. Çünki hər birimizin ömrümüzdə bir dastan, bir dastançılıq var. Bizim uşaqlığımız, gəncliyimiz o dastanlarla keçib. Bu gün də o günləri xoş xatirələrlə xatırlayırıq. Ona görə ki, dastanlar insanları bir az gəncliyə, bir az uşaqlığa, keçmişə, dastan dünyasına qaytarır. “Koroğlu”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Alı xan və Pəri” və onlarca dastanlarımız var ki, onların hamısında gözəl deyişmələr, qıfılbəndlər, hərbə-zorbalar, müxəmməslər var. İstədik, bu gecə dastanlardan hissə-hissə də olsa, tamaşaçılara çatdıraq. Əlbəttə, fikrimiz var ki, gələcəkdə ayrı-ayı dastanların hərəsinin bir gecəsini keçirək”.

   “Bəs özünüzü hansı dastan qəhrəmanına daha yaxın hesab edirdiniz” sualına Zəlimxan Yaqub bığaltı gülərək belə cavab verdi: “Mən “Koroğlu” dastanında həmişə Koroğlu olmaq istəmişəm”.

   Mərasimi açan Zəlimxan Yaqub saz-söz sənətimizin inkişafından danışdı, gecədə cavan aşıqların iştirakını yüksək qiymətləndirdi: “Aşığın yaraşığı eyni zamanda gözəl dastan danışmağıdır. Dastanları zaman-zaman Azərbaycan xalqı yaradıb, yaşadıb bu gün də, sabah da yaşadacaq. Dastanlarımız xalqın, millətin özüdür. Bu gün “dastan gecəsi”ni keçirməklə xalqımızı, bizi dinləyənləri əzəli vaxtlarımıza qaytarmaq istəyirik. O dastan gecələrini ki biz görmüşük, istəyirik ki, yeni nəsillər də görsünlər. Dastanlar unudulmasın. Çünki bizim ömrümüzün ən sevincli anlarıdır o anlar. Bu gün sizin qarşınızda çıxış edən aşıqlarımız o ustadların varisləridir”.

   ”Dastan gecəsi”ndə tanınmış aşıqlardan Gülarə Azaflı, əməkdar mədəniyyət işçiləri Sərdar Məmmədli və Ağamurad Şirvanlı, Ramin Qarayev, Hakim Azaflı, Qələndər Zeynalov, Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, Dəmir Vəliyev, Təbriz Vəliyev, Sovqat İsmayılov, Rakif Tatlı, Bəhman Göyçəli, Nəbi Şınıxlı, Nazim Şınıxlı, Günel Tovuzlu, Rəfiqə Göyçəli, Firudin Göyçəli və başqaları “Şah İsmayıl və Ərəbzəngi”, “Aşıq Alı və Bəsti xanım”, “Səlim şah”, “Valeh və Zərnigar” və digər dastanlardan parçalar səsləndirdilər. Gecə boyu alqışlanan sənətkarlar dastanlarımızdakı incə mətləblərlə, xalq ruhuna yaxın səhnələrlə, incə yumor hissi, bitkin mətinlərlə tamaşaçılarda xoş anlar, xoş duyğular oyatdılar.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 1 fevral.- S. 4.