Region gənclərinin mədəni həyatı
Qloballaşmanın vüsət aldığı,
informasiya cəmiyyətinin sürətlə
formalaşdığı dövrdə ölkə gənclərinin
vətənpərvərlik, azərbaycançılıq və
dövlətçilik prinsipləri əsasında, tarixi-mədəni
irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması ən aktual məsələlərdəndir.
Təsadüfi deyil ki, bu məsələ
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramında da başlıca müddəalardan biri kimi əksini
tapıb. Sənəddə elm, təhsil, mədəniyyət
və digər sahələrdə yaradıcı gənclərə
dövlət dəstəyinin gücləndirilməsi,
onların təcrübə, bilik və
bacarıqlarının artırılması müvafiq təşkilatlar
qarşısında mühüm vəzifələr qoyulub. Bəs
region gəncləri mədəni layihələrdə nə dərəcədə
aktivdir?
Gənclər
mədəniyyət layihələrində fəal iştirak
edirlər
Mədəniyyət və Turizm
Nazirliyinin ötən illərdə keçirdiyi silsilə tədbirlərə
nəzər salsaq, bu layihələrin bir çoxunda gənclərin
aktiv iştirakını görərik. Nazirliyin Regionlarla
iş sektorunun aparıcı məsləhətçisi Oqtay
Muxtarovun sözlərinə görə, bölgələrdə
aparılan islahatlar, yeni mədəniyyət müəssisələrini
istifadəyə verilməsi gənclərin asudə
vaxtlarının səmərəli təşkilinə,
onların bölgənin mədəni həyatında aktiv
iştirakına imkan verir: “Mədəniyyət və Turizm Nazirliyinin
tədbirlər planı əsasında biz hər il bölgələrdə
müxtəlif layihələr, tədbirlər keçiririk.
Ötən ilin mayında Masallıda uşaq-gənclər
muğam ifaçılarının VI respublika müsabiqəsi
keçirildi. Oktyabrda Ağstafa rayonunda gənc
aşıqların Aşıq Şəmşir adına VI
respublika müsabiqəsi təşkil olundu. Bakıdakı
“LN” İncəsənət Mərkəzində “Mədəniyyət
abidələrimiz” adlı fotomüsabiqənin
iştirakçılarının da əksəriyyəti gənclər
idi. Bu və digər qeyd etmədiyim mədəni tədbirlərdə
gənclərin fəal iştirakı müsbət haldır.
Bu il də gənclər nazirliyin bir sıra mədəni layihələrinə
cəlb olunacaq”.
Həmsöhbətim nazirliyin xətti
ilə hər il regionlarda respublikanın tanınmış mədəniyyət
və incəsənət xadimləri ilə görüşlərin
də təşkil olunduğunu nəzərə
çatdırdı. Məqsəd gənc nəslin yaradıcı
şəxslərlə yaxından tanış olmasını,
bölgələrlə mədəni əlaqələrin daha
da möhkəmləndirilməsini təmin etməkdir. Ötən
il Siyəzən və Qusar rayonlarında Milli Qurtuluş
Günü, Hacıqabul, Ucar, Göyçay və Kürdəmirdə
Dövlət Müstəqilliyi Günü, Ağdam və Bərdə
rayonlarında Silahlı Qüvvələr Günü ilə
bağlı təşkil olunan tədbirlərdə gənc sənətçilər
də çıxış edib.
* * *
Naxçıvan Muxtar
Respublikasının mədəniyyət və turizm nazirinin
müavini Məhəmməd Həsənov gənclərin mədəni
layihələrdəki aktivliyindən razılıq etdi. 2012-ci
il muxtar respublikada “Milli dəyərlər ili” elan olunmuşdu:
“Bu çərçivədə “Milli dəyərlərimiz -
milli sərvətimiz” folklor və muğam festivalı, ədəbi
tədbirlər, yaradıcılıq təşkilatları
üzrə müsabiqələr, müxtəlif seminarlar,
kurslar təşkil olundu və bu tədbirlərdə gənclər
fəal iştirak etdi”.
Nazir müavini bildirdi ki, regionda
yaradıcı gənclərə dəstək göstərilir,
məşğuliyyətləri təmin edilir. Muxtar respublika Mədəniyyət
və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzi tərəfindən
yaradılan “Ozan” yaradıcılıq studiyasına 15 gənc
cəlb olunub. Naxçıvan Dövlət Filarmoniyasında
yaradılan estrada orkestrində gənclər də təmsil
olunurlar.
Gənc
rəssamlara qayğı
Mədəniyyət və Turizm
Nazirliyi, habelə rayon və şəhər mədəniyyət
və turizm şöbələri tərəfindən təşkil
olunan rəsm sərgilərinə gənclər böyük
maraq göstərirlər. Dövlət Rəsm
Qalereyasının direktoru Elnur Hüseynov deyir ki, bölgələrdə
gənc istedadlar çoxdur, onlar rəssamların
yaradıcılıq emalatxanalarına xüsusilə
böyük maraq göstərirlər: “İl ərzində
regionlarda silsilə mədəni tədbirlər, müsabiqələr
təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyinin
təşkil etdiyi yaradıcılıq emalatxanalarına da gənclərin
marağı böyükdür. Tanınmış rəssamlar
gənclərə ustad dərsləri keçirlər.
Onların çəkdiyi ən yaxşı əsərlər
nazirlik tərəfindən alınaraq bölgələrdə
olan qalereyaların fondlarına təhvil verilir. Ötən il
Ağdaşda, Mingəçevirdə rəssamların
yaradıcılıq emalatxanası keçirildi, 30-dan
artıq əsər qalereyaların fonduna verildi”.
E.Hüseynov qalereyalarda yaradıcılıq
studiyalarının fəaliyyət göstərdiyini, yeniyetmə
və gənc istedadlara rəssamlığın sirlərinin
öyrədildiyini bildirdi. Bu, gənclərin böyük sənətə
doğru ilk addımlarıdır.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2013.- 1 fevral.- S. 4.