Böyük səhnə yolunun
başlanğıcı
Milli Teatr - 140
Martın 10-da Azərbaycan peşəkar
teatrının 140 yaşı tamam olur
1873-cü il martın 10-da görkəmli maarifçilər
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər
ağa Goraninin
(Adıgözəlov) təşəbbüsü ilə
M.F.Axundzadənin “Lənkəran xanının vəziri” əsəri
Bakı Realnı Məktəbi şagirdlərinin iştirakı
ilə “Nəciblər klubu”nda oynanıldı və o
gündən Azərbaycanda peşəkar teatrın əsası
qoyuldu.
Daş dövründən bu yana insanların tamaşaya həmişə ehtiyacı olub. Məkr və məhəbbət, əyləncə dolu mərasimlər, məhkəmə və edam səhnələri, qladiator döyüşləri, hətta müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist ionlarla yüklənmiş biri bu gerçək tamaşalardan cana doyub onları səhnəyə köçürdü. Bu səhnədə sevmək də, ölmək də vardı. Sadəcə pərdələr enəndə ölənlər diriləcək, tamaşa qansız və qadasız ötüşəcəkdi. Pərdənin o üzündəkilər uzun müddət bu sehri “aça” bilməsələr də, teatra inanmışdılar... O inam, bu inam, kosmos əsrində belə səhnədə baş verənləri göz yaşları ilə seyr edənlər, sonuncu pulunu verib teatra bilet alanlar hələ də var. Bunlar teatr barədə mənim öz mülahizələrimdir. İndi isə milli teatrımızın keçdiyi yola nəzər salmamışdan əvvəl teatr tarixinə qısa bir nəzər salaq.
“Böyüklər üçün
məktəb”
Teatrın vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənasını verən teatr tezliklə bütün dünyaya yayıldı. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar. Qədim yunan əfsanələri teatra zəngin mövzu verdikcə ilk tragediyalar adlanan pyeslər yaranırdı. “Tragediya” sözü isə yunanca “keçilər mahnısı” deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi təsvir edilirdi.
Gülməli səhnəciklərdən isə şən və məzəli pyeslər - komediyalar yarandı. Yenə də yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya seyrçilərin rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyələrlə mükafatlandırılardılar.
Teatr sonralar qədim Romada, Şərq ölkələrində - Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə dünya teatr ictimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunu yaratdı. Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk teatr konqresi toplandı. Konqres iştirakçıları belə qərara gəldilər ki, dünya teatr xadimləri bir araya toplandığı həmin tarix Beynəlxalq Teatr Günü kimi qeyd olunsun.
Bəlkə də təsadüfdür, bəlkə də yox, amma Beynəlxalq Teatr Günü də, Azərbaycanda Milli Teatr Günü də mart ayının payına düşür. Qarşıdakı bir ayda teatr tariximizin keçdiyi yola, peşəkar səhnəmizin 140 illik salnaməsinə geniş nəzər salacağıq. Hələliksə...
Milli teatrımızın
anları...
1873-cü ilin 10 martında "Lənkəran xanının vəziri" tamaşası Bakıda səhnəyə qoyuldu...
1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1883-cü ildə Naxçıvanda teatr tamaşaları göstərildi...
1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirdi və bu teatr xalq arasında “Tağıyev teatrı” kimi tanındı, sevildi, teatr tariximizdə yeni bir səhifə açdı.
1896-cı ildə Həsən bəy Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi...
1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı...
1906-cı ildə
Bakıda "Müsəlman
dram artistləri" şirkəti
quruldu...
1908-ci il yanvarın 12-də
Bakıda ilk milli opera
- Üzeyir Hacıbəylinin
"Leyli və Məcnun" əsərinin
tamaşası ilə
Azərbaycanda professional musiqili
teatrın əsası
qoyuldu...
1910-cu ildə
"Səfa" adlı
yeni mədəni-maarif
cəmiyyəti və
onun nəzdində teatr şöbəsi fəaliyyətə başladı...
1917-ci ildə Bakıda "Müsəlman
artistləri ittifaqı"
yaradıldı...
Teatr tariximizlə bağlı kifayət qədər belə faktlar var...
Akademik Milli Dram Teatrı
... Böyük
sənət məbədimiz
- Akademik Milli Dram Teatrının teatr tariximizdə öz yeri var. Əvvəllər
müxtəlif truppalar
- «Nicat», «Səfa», «Həmiyyət» mədəni-maarif
cəmiyyətləri nəzdindəki
teatr dəstələrilə,
həmçinin «Müsəlman
Dram Artistləri İttifaqı»,
«Hacıbəyov qardaşları
müdiriyyəti» şəklində
tamaşalar verən teatr 1919-cu ildən Dövlət Teatrı statusu ilə fəaliyyətə başlayır.
Üzeyir Hacıbəyli, Cəfər
Cabbarlı və digər sənət fədailərinin şəxsi
təşəbbüsləri, yorulmaz zəhməti sayəsində Azərbaycan
teatrı öz simasını formalaşdırmağa
başlayır. Özünün dramaturgiyası, aktyor və aktrisaları ilə birlikdə milli teatr məktəbi
böyük zəhmətlər,
səylər və fədakarlıqlar nəticəsində
təşəkkül tapır.
1919-cu ilin martında faciəli şəkildə dünyasını
dəyişən Hüseyn
Ərəblinski, onun səhnə yolunu davam etdirən sənətkarlar - Mirzəağa
Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, İsmayıl
Dağıstanlı, İsmayıl
Osmanlı, Möhsün
Sənani, Rza Təhmasib, Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədiri, Barat Şəkinskaya,
Leyla Bədirbəyli,
Kazım Ziya, Məmmədəli Vəlixanlı
və onlarla başqaları öz fədakarlıqları ilə
milli teatrımızın
inkişafında misilsiz
xidmətlər göstərirlər.
Teatr Texnikumu, İncəsənət
İnstitutu (indiki Mədəniyyət və
İncəsənət Universiteti),
Tənqid-təbliğ və
Tədris teatr-studiyalarının
divarları arasından
peşəkar səhnəyə
Ağasadıq Gəraybəyli,
Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov, Hökümə Qurbanova, Şəfiqə Məmmədova
və neçə-neçə
möhtəşəm simalar
çıxdı. Bir
qismi Moskvada təhsil alan, oranın son dərəcə
teatral mühitində
"bişib" vətəninə
dönən bu sənətkarların, o cümlədən
adlarını çəkmədiyimiz
aktyor və rejissorların əksəriyyətinin
istedadı, bacarığı
keçmiş SSRİ və
hətta dünya miqyasında tanınmağa
layiq idi və tanınırdı da.
Bu illərin
repertuarında milli əsərlərlə yanaşı,
xarici ədəbiyyat nümunələri də
uğurla təqdim olunur. M.F.Axundzadənin,
N.Vəzirovun, Ə.Haqverdiyevin,
N.Nərimanovun, C.Cabbarlının,
H.Cavidin, S.Rəhmanın,
İ.Əfəndiyevin pyesləri
ilə pərvəriş
tapan Akademik Dram Teatrı müxtəlif illərdə dünya klassiklərindən Şekspirin,
Şillerin, Molyerin, Lope
de Veqanın, K.Qaldoninin,
A.Dümanın, V.Hüqonun,
H.Hauptmanın, M.Meterlinkin,
Balzakın, H.Heynenin, Volterin, A.Ostrovskinin, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca digər dramaturqun əsərlərini
repertuarına daxil edib. Ötən əsrin əvvəllərində
Türkiyədə, İranda,
Volqaboyu şəhərlərdə,
Orta Asiyada tamaşalar verən teatr dövlət statusu aldıqdan sonra dünyanın bir çox ölkələrində qastrollarda
olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra mədəniyyətimizin
əsas qollarından olan teatr sənəti
yeni tarixi dövrə qədəm qoyub. Ötən 140 ildə bu dövrlərin
hər birinin öz yeri, səhnə
töhfələri var. 140 illik
teatr tarixi insanların sevgisi, məhəbbəti, cəsarəti,
fədakarlığı ilə
yazılmış bir
tarixdir. Bu tarixi bir daha vərəqləməyə
dəyər...
Təranə Vahid
Mədəniyyət.-
2013.- 6 fevral.- S. 15.