Sənətin gənc Fidanı

 

   Sənət yolunda ilk addımlarını atan, ilk uğurların sevincini yaşayan gənc ifaçılara qəzetimizin səhifələrində mütəmadi olaraq yer ayırır, parlaq istedadları ilə fərqlənən bu gəncləri oxucularımıza tanıdırıq. Belə yaradıcı gənclərdən daha birini təqdim edirik.

  

   Tofiq Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin 10-cu sinif şagirdi Fidan Əliyeva istedadlı kamança ifaçısıdır, ötən il Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbülün 115 illik yubileyi münasibətilə keçirilən milli musiqi alətləri ifaçılarının və xanəndələrinin müsabiqəsində birincilik qazanıb.

   Fidan 1996-cı ildə ziyalı ailəsində dünyaya gəlib, atası mühəndis, anası müəllimədir. Gənc ifaçı haqqında ilk təəssüratı isə musiqi məktəbinin direktoru Gülnarə Səfərovanın dilindən eşitdik.

  

   “Fidanın müsabiqədə birincilik qazanması bizi çox sevindirdi

  

   - Məktəbimizdə müxtəlif ixtisaslar üzrə musiqi təhsili alan istedadlı şagirdlər çoxdur. Fidan Əliyeva da istedadlı və bacarıqlı şagirdlərimizdən biridir. Məktəbimizin kamança bölməsinin 10-cu sinfində oxuyur. Özünə qarşı çox tələbkar və məsuliyyətlidir. Ötən ilin oktyabr ayında gənc istedadların aşkara çıxarılması, ifaçılıq sənətinin inkişafı məqsədilə milli musiqi alətləri ifaçılarının və xanəndələrin müsabiqəsi keçirildi. Böyük sənətkarımız Bülbülün 115 illik yubileyinə həsr olunan müsabiqədə Fidan Əliyeva çox uğurlu çıxış etdi. Birinci dərəcəli diploma layiq görüldü. Əlbəttə, bu, bizi sevindirməyə bilməz...

  

   Məktəbin xalq çalğı alətləri şöbəsinin müdiri, Fidan Əliyevanın kamança müəlliməsi Mehriban Əliyevanın da yetirməsi ilə bağlı fikirləri bizi maraqlandırmaya bilməzdi. Axı bəzən müəllim şagirdini valideynlərindən yaxşı tanıyır:

  

   Avropa bəstəkarlarının əsərlərini də kamançada ifa edir

  

   - Fidanın, həqiqətən, musiqiyə böyük marağı var. Musiqi duyumu və qavrayışı çox güclüdür. O, ilk musiqi təhsilini Binəqədi rayonunun 11 saylı uşaq musiqi məktəbində alıb. Üçüncü ildir ki, təhsilini bizim məktəbdə davam etdirir. Ötən illərdə keçirilən müsabiqələrin hamısında yaxından iştirak edib. İkinci yeri tutubdiplom alıb. Maraqlı hal odur ki, o, xalq mahnılarımızla bərabər, fortepianoskripka üçün yazılan Avropa bəstəkarlarının əsərlərini də kamançada bacarıqla ifa edir.

  

   “Məndə bu sənətə marağı anam yaradıb”

  

   Nəhayət, qəhrəmanımızın özü ilə həmsöhbət olduq. Öncə onun musiqi sənətinə necə gəlməsini soruşduq.

  

   - Çox erkən yaşımdan musiqiyə maraq göstərmişəm. Məndə bu sənətə marağı anam yaradıb. Axı o, musiqi müəlliməsidir. Həm də kamança ifaçısıdır. Valideynlərim də seçimimi bəyəniblər. İndi bu sənəti dərindən öyrənmək və yaxşı sənətkar olmaq üçün böyük səy göstərirəm. Onlar mənim yaxşı musiqiçi olmağımı çox istəyirlər. Çalışacağam, etimadlarını və ümidlərini doğruldum.

   - Səncə, yaxşı musiqiçi olmaq üçün nə lazımdır?

   - Yaxşı musiqiçi olmaq üçün birinci həvəs, məsuliyyət olmalıdır. Mənim bu sənətə həvəsim böyükdür. İndi çalışıram ki, bu sənətin sirlərini və incəliklərini öyrənim. Müəllimim bu yolda mənə çox böyük köməklik göstərir. Dərs zamanı bizə bu sənətin məna çalarlarını və sirlərini dərindən öyrədir. Həm də görkəmli Azərbaycan bəstəkarlarının və kaman ifaçılarının yaradıcılığı barədə də geniş məlumat verir.

   - Görkəmli kamança ustalarından kimlərin ifasını dinləyirsən?

   - Respublikanın xalq artistləri Habil Əliyev və Şəfiqə Eyvazovanı bir sənətkar kimi çox sevirəm.

   - Birincilik qazandığın müsabiqə haqqında təəssüratın necədir?

   - Müsabiqə çox maraqlı keçdi. Mən ikinci yaş qrupunda çıxış edirdim. Özümdən asılı olmayaraq bir az sıxıldım. Ancaq sonra hər şey ötüb keçdi. Defayleninİspan rəqsi”ni və Dadaş DadaşovunAdajio” əsərlərini ifa etdim. Sonda qaliblər müəyyənləşdirildi. Məlum oldu ki, mən birinci yerə layiq görülmüşəm. Sevincimin həddi-hüdudu yox idi.

   Biz də gənc ifaçıya bundan sonra da yeni-yeni qələbə sevincləri arzulayırıq.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2013.- 6 fevral.- S. 13.