“Sənəti saf qəlblə sevsən, o səni yüksəklərə ucaldacaq

 

   Artıq bir neçə ildir ki, musiqi tədbirlərində bir gənc tarzənin ifası diqqətimi cəlb edirdi. İfasında - istər solo, istərsə də müşayiət zamanı - hər zaman bir enerji, hərarət, ruh yüksəkliyi, bütün ruhu ilə xalq musiqisinə bağlılıq hiss olunur. 2 fevral - Gənclər Günü ərəfəsində tədbirlərin birində onunla görüşüb söhbət etdik.

  

   Yol üstündə idi, Xalq artisti, dirijor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə birlikdə növbəti səfərə hazırlaşırdı. Bu yerdə bir qədər irəli gedib onu da qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən konsert (2 fevral) incəsənətimizin təbliğinə növbəti töhfə oldu.

   Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar artist Sahib Paşazadə Azərbaycan ifaçılıq sənəti tarixində tar aləti üzrə fəxri ada layiq görülən ən gənc ifaçıdır. Tanınmış sənətkar Ağaverdi Paşayevin ailəsində dünyaya göz açan Sahib musiqinin ecazkar mühitini uşaqlıqdan hiss edib, duyub.

   Sənətə necə gəldiyini isə öz dilindən eşidək: “Sənətə öz istəyimlə gəlmişəm. Bülbül adına musiqi məktəbinin fortepiano sinfində beş il təhsil aldıqdan sonra öz istəyimlə tar sinfinə keçdim. O zaman atam həmin məktəbdə tardan dərs deyirdi. Tar alətinə sonsuz marağım var idi. Elə bu səbəbdən də sinfimi dəyişdim. Üç ildən sonra isə artıq tarda böyük uğurlar əldə etməyə başladım. 1996-cı ildə respublika üzrə “Yaşıl yarpaq” adlı ifaçıların müsabiqəsində I yeri qazandım. 1997-ci ildə görkəmli tar ifaçısı Sadıqcanın 150 illiyinə həsr edilmiş müsabiqədə III yerə layiq görüldüm. Bir il sonra, “Muğam-1998” respublika müsabiqəsində isə II mükafatla təltif edildim, aliorta ixtisas musiqi məktəbi tələbələri arasında keçirilən VII Ümumrespublika müsabiqəsində isə I yeri tutdum. Həmin il təhsilimi də başa vurdumbir daha anladım ki, tarı əlimə almaqda düz yolu seçmişəm. Əlbəttə, buna görə mənə dərs deyən müəllimlərimə borcluyam. Sözsüz ki, ilk olaraq tarı mənə atam sevdirib. Sonra isə müəllimlərimdən - mərhum sənətkarımız Sərvər İbrahimov, dəyərli müəllim Akif Novruzovdan dərs almışam. Allah onların ruhların şad etsin. Həm musiqiçi, həm də insan kimi yetişməyimdə onların böyük zəhməti olub. Konservatoriyada əvvəlcə Xalq artisti, professor Ramiz Quliyevin və Əməkdar artist Vamiq Məmmədəliyevin sinfində oxudum. 2002-ci ildə solo konsert proqramı ilə çıxış etdim. Konservatoriya Bakı Musiqi Akademiyası və Milli Konservatoriyaya bölündükdən sonra təhsilimi Milli Konservatoriyada davam etdirdim, 2003-cü ildə sənətşünaslıq namizədi Məmmədağa Kərimov və Xalq artisti Ağasəlim Abdullayevin sinfini bitirdim”.

   Gənc ifaçı 2003-cü ildə magistraturanı bitirdikdən sonra kafedra müdiri Məmmədağa Kərimovun təşəbbüsü ilə müəllim kimi doğma təhsil ocağında fəaliyyətini davam etdirir: “Eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Dövlət Xalq Çalğı Alətləri Orkestrində çalışıram. Ümumilikdə isə 2005-ci il mənim həyatımda çox uğurlu bir il oldu. Həmin ildə ifaçıların Əhsən Dadaşov adına I Respublika müsabiqəsində 1-ci yerə layiq görüldüm və Türkiyədə görkəmli dirijorumuz, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Bursa Dövlət Simfonik Orkestri ilə birgə solo konsert proqramı ilə çıxış etdim. Konsertdə Hacı Xanməmmədovun tar üçün II konsertini ifa etdim. Həmçinin bir çox qastrol səfərlərində oldum”.

   2009-cu ildə Milli Konservatoriyanın aspiranturasını bitirən S.Paşazadə elmi fəaliyyətini də davam etdirir: “Hazırda elmi işim üzərində çalışıram və inanıram ki, inşallah bu il başa çatdırıb müdafiə edə biləcəyəm. Mənim üçün çox xoşbəxt və sevindirici hallardan biriodur ki, 30 yaşımda mən “Əməkdar artist” fəxri adına layiq görülmüşəm. Hər ifaçıya qismət olmayan bir uğurdur ki, gənc yaşımda dövlətimiz mənim sənətimi belə yüksək qiymətləndirib. Bu, mənim üçün böyük məsuliyyətdir. 2011 və 2012-ci illərdə Prezident mükafatçısı olmuşambununla da böyük qürur duyuram. Çalışacağam ki, öz sənətim və əməyimlə bu adı, yüksək etimadı doğruldum. 2007 və 2011-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqələrində 4 ay xanəndələri müşayiət etmək mənim solo ifaçıdan savayı bir müşayiətçi kimi yetişməyimdə də mühüm rol oynadı. O vaxta qədər solist kimi fəaliyyət göstərirdim, bu layihələrdə 20 xanəndə ilə 4 ay müddətində gündəlik olaraq çalışmağım böyük bir məktəb və təcrübə oldu. Bu etimadı mənə göstərdiklərinə görə də hər kəsə minnətdaram. Bu gün gənclərimizə dövlətin qayğısını hər addımda hiss edirik. Tez-tez xarici dövlətlərdə qastrol səfərlərində oluruq, musiqimizi, mədəniyyətimizi təbliğ edirik. Arzum budur ki, gənclər, yaşıdlarım sənətə ürəkdən bağlansınlar. Sənəti safpak qəlblə sevsən, o səni mütləq yüksəklərə ucaldacaq”.

  

 

   Lalə Azəri

 

    Mədəniyyət.- 2013.- 6 fevral.- S. 11.