Qaraca qız” yeni quruluşda

 

   Vaqif Əsədov: “Uşaq kiçik yaşlarından anlamalıdır ki, o bir fərddir”

  

   Gənc Tamaşaçılar Teatrında bir neçə səhnə əsərinin məşqi gedir. Onlardan üçü uşaqlar üçün nəzərdə tutulub. Süleyman Sani AxundovunQaraca qız” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa da bu sıradadır.

  

   Əsər Azərbaycan teatrında bir neçə dəfə səhnələşdirilib. Növbəti səhnələşdirməni Xalq artisti, rejissor Vaqif Əsədov edəcək. Təxminən bir aya yaxındır ki, məşqlər başlayıb. Bizteatra baş çəkib “Qaraca qız”ın məşqlərini izlədik. Qurulmamış səhnə, aktyorların adi geyimdə məşqi bir o qədər cəlbedici görünməsə də, dialoqlar, aktyor emosiyası, rejissor göstərişləri çox şey deyirdi.

   Balaca Tutu zəlzələdə valideynlərini itirir və övladı olmayan bir qaraçı ailəsi onu himayəsinə götürür. Lakin atalığı Oruc Tutu ilə yaxşı davranmır. Onu rəqs edib pul toplamağa məcbur edir. Orucdan can qurtarmaq üçün qaraçı dəstəsindən qaçan qızı meşədə ovçular tapır. Bəyin ailəsinə gətirilən Tutu onun qızı Ağca ilə dostlaşır. Bağban Piri babanın yanında yaşayan qızcığaz ilan vurmuş Ağcanı xilas edərək özü zəhərlənir və dünyasını dəyişir.

   Rejissor Vaqif Əsədov bildirdi ki, səhnə əsərində qısa ömür yaşamış qızın acınacaqlı taleyi göstərilir: “Qaraçı deyilən bir cəmiyyət, bir toplum tərəkəmə həyatı keçirir. Bu toplumun yazılmamış qanunları var və həmin qanunları sındırmaq mümkünsüzdür. Azadlıq ruhu, vəfalı və sədaqətli olmaq qaraçılar üçün əsas göstəricilərdəndir. Tutu da qaraçı ailəsində yaşadığı müddətdə analığı Yasəmən ona azadlıq ruhunu öyrədir. Azadlığın nə demək olduğunu başa düşən Tutu öz sədaqətini sonradan göstərir, dostu Ağcanı ölümdən xilas edir. Uşaq kiçik yaşlarından anlamalıdır ki, o bir fərddir, bir kimsədir. O, qürurlu, azad olmalıdır, düşünməyi bacarmağı öyrənməlidir. Bu əsər də uşaqlara vəfalı, sədaqətli və ən əsası azad olmağı öyrədir”.

   Tamaşada Tutu obrazını canlandıran Asya Atakişiyeva rolu haqqında danışdı: “Qaraca qız rolunu bir dəfə oynamışam. Vaqif Əsədovun quruluşunda çox maraqlı olacağına əminəm. Əvvəlki tamaşadan fərqlidir. Hər halda son nəticəni gözləyək. Çalışıram, rejissorun çatdırmaq istədiyi məqamları qabardım”.

   Oruc rolunun ifaçısı aktyor Manaf Dadaşov bildirdi ki, hər kəsə məlum olan əsəri oynamaq məsuliyyətlidir: “Tamaşa bir neçə dəfə qurulub. Filmini də dəfələrlə izləmişik. Çalışmalıyıq elə oynayaq ki, fərqli və maraqlı səhnə əsəri yaransın. Oruc obrazı məni həmişə cəlb edib. Nə dərəcədə öhdəsindən gələcəyəm bilmirəm. Rejissorun verdiyi tapşırığa əsasən rolu yaradırsan. Aktyor olaraq prosesim elədir ki, obrazı qəlib olaraq yaradıb səhnəyə çıxmıram. Məşq zamanı xarakterimi qururamsonda müəyyən obraz yaranır. Oruc tamaşaçı tərəfindən bir o qədər də sevilmir. Lakin mən bütün qəhrəmanlarıma haqq qazandırıram. Mənfi obrazlarıma belə. Oruc qaraçıdır, pula görə nələrisə etməlidir. Ətrafdakılar onu bir o qədər də maraqlandırmır. Öldü-qaldı fərq etmir. Mən də çalışıram Orucu tamaşaçıya olduğu kimi göstərə bilim”.

   Tamaşada yer alan qaraçı rəqsləri səhnə əsərinə dinamiklik gətirəcək. Rəqslərə quruluş verən Rasim Cəfərov bildirdi ki, Qaraca qızın, həmçinin qaraçı tayfasından digər obrazların maraqlı rəqsləri var: “Çalışırıq, rəqsləri elə quraq ki, azyaşlı tamaşaçının zövqünü oxşasın. Tamaşanın proloqunda qaraçıların kəndə gəlişi səhnəsində maraqlı rəqs yer alır. Tamaşa boyu da bir neçə səhnədə rəqslər yer alacaq”.

   Səhnə əsərinin mart ayında təhvil verilməsi nəzərdə tutulub. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elşən Aslanovdur. Rollarda Asya Atakişiyeva (Qaraca qız-Tutu), Vüsal Mehrəliyev, Manaf Dadaşov (Oruc), Roza İbadova (Ağca), Sona Babayeva (Gülpəri), Kərəm Hadızadə (Piri baba), Elşən Çarxanlı (bəy), Almaz Mustafayeva (Yetər), Sevinc Mehrəliyeva (Yasəmən) və digərləri oynayırlar.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2013.- 6 fevral.- S. 10.