İspaniyanın futbol ulduzları Azərbaycan stendində

 

   «FİTUR-2013» sərgisində ölkəmizin turizm imkanları böyük maraq doğurub

  

   Xəbər verdiyimiz kimi, yanvarın 30-dan fevralın 3-dək İspaniyanın paytaxtı Madriddə keçirilən «FİTUR-2013» beynəlxalq turizm sərgisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Heyətdə nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov, Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Günel Əliyeva və Azərbaycan Dövlət Rəqs Ansamblının 4 nəfər üzvü, habelə «Geo Travel», «Gilan Tourism», «ENC Tours» və «Regea travel» şirkətlərinin təmsilçiləri yer alıb.

   Sərgidə respublikamızın turizm imkanları 51 kv.m-lik sahədə nümayiş olunub, burada «Şahdağ» Qış-Yay Turizm Kompleksi və «Bakı” futbol klubu üçün xüsusi yer ayrılıb. Stendimiz ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ispan dillərində müxtəlif növ reklam-çap məhsulları, digər təbliğat materialları ilə təmin olunub.

   Sərginin ilk günündən ziyarətçilər Azərbaycan stendinə böyük maraq göstəriblər. Fevralın 1-də «Bakı” futbol klubu ilə əməkdaşlıq çərçivəsində «Atletico Madrid»in rəhbərliyi, baş məşqçisi və futbolçularının stendimizi ziyarət etməsi bu marağı daha da artırıb. İspan klubunun tanınmış futbolçuları sərgi iştirakçıları və ziyarətçilər üçün poster və futbol maykaları üzərində imza atıb, şəkil çəkdiriblər.

   Azərbaycanın stendində ilk dəfə təşkil edilən bu tədbir yerli kütləvi informasiya vasitələri - məşhur «As», «Marca», «Deportivo El Mundo» nəşrləri, həmçinin «TV5», «TV de Madrid» televiziya kanalları və digər 20-yə yaxın mətbuat orqanı tərəfindən işıqlandırılıb. Azərbaycanın turizm potensialının təbliğ olunması üçün gələcəkdə də belə reklam kampaniyalarının keçirilməsi nəzərdə tutulur.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, «FİTUR» beynəlxalq turizm sərgisində iştirak edir. Builki sərgidə 167 ölkədən 9 minə yaxın şirkət təmsil olunub.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2013.- 6 fevral.- S. 9.