“Gəncləşən
muğam” - yeni səslər
və maraqlı ifalar
Fevralın 1-də Mədəniyyət
və Turizm Nazirliyinin,
Heydər Əliyev Sarayının birgə təşəbbüsü
və təşkilatçılığı ilə ölkəmizin
baş səhnəsində Gənclər
Gününə həsr olunmuş “Gəncləşən
muğam-4” adlı konsert keçirildi.
Konsert Azərbaycanın Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.
Mərasimdə çıxış edən Milli Konservatoriyanın rektoru, Siyavuş Kərimi artıq ənənə halını alan layihənin yaradıcılarının əməyini yüksək qiymətləndirdi: “Bu zəhmət Azərbaycan dövlətinin, hökumətinin milli musiqiyə, milli ənənələrimizə olan diqqət və qayğısının bir nümunəsi, davamıdır. Əminəm ki, muğamsevərlər istedadlı gənclərimizin ifasından böyük zövq alacaqlar. Bilmək olmaz, bəlkə də bu gün bu səhnədə ifa edənlərin hansısa biri gələcəkdə Azərbaycanın ən yüksək ustadı adına layiq görüləcək”.
Ustad sənətkar, Xalq artisti Arif Babayev gənclərə xeyir-dua verdi: “İnanıram ki, cavanlarımız uğurla çıxış edəcəklər. Gənclərimizin muğama meyli çoxdur, muğamlarımız sevilir, demək olar ki, bu gecədə bütün müəllimlərimizin hamısının zəhməti var. Gecədə rəngarəng səslər eşidəcəksiniz, gənc ifaçılarımıza böyük uğurlar arzulayıram”.
“Gəncləşən muğam” layihəsinin rəhbəri, Xalq artisti Mənsum İbrahimov da gecədə iştirak edən ustad sənətkarları salamlayaraq ürək sözlərini hər kəslə bölüşdü: “Bu gün bizim üçün bir bayramdır. Artıq dördüncü dəfədir ki, “Gəncləşən muğam” layihəsi bu sarayda keçirilir. Hər dəfə fikirləşirik ki, layihəni bir qədər fərqli formada gerçəkləşdirək. Bu dəfə qərara gəldik ki, konsertdə duet ifalar olsun. Gecədə 40 ifaçı duet formasında çıxış edəcək. 15 tar və kamança ifaçısı isə onları müşayiət edəcək. Çox gözəl ifalarımız var, biz müəllimlərin, pedaqoqların borcudur ki, onlara dəstək olaq. Bizi öyrədiblər, biz də öyrətməliyik”.
Mənsum İbrahimov layihənin gerçəkləşməsində əməyi olan Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının, Milli Konservatoriyanın və Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən Musiqi Kollecinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Gecədə muğam ifaçıları Arzu Əliyeva, Elşad Aydınoğlu, Aytən Məhərrəmova, Elnur Zeynalov, Səbinə Ərəbli, Mirələm Mirələmov, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynli, Elgiz Əliyev, Cabir Həsənov, Fizzə Mirzəyeva, Gülay Zeynalova, Zeynal Əhmədov, Humay Məmmədova, Nəzər Bəylərov, Oksana Aslanova, Xəyalə Abdullayeva, Vüqar Musayev, Rəvanə Ərəbova, Ariz Hüseynov, Kamilə Babayeva, Hüseyn Məlikzadə, Valid Abdullayev, Səadət Cavadova, Səfər İdrisov, Səfa Məmmədov, Nuran Namazov, Tuqay İsmayılov, İntizam Qasımov, Ramiz Bayramov, Məhəbbət Səfərov, Vüsal Cəfərov, Mirpaşa Şükürov, Əli Hacızadə gözəl ifaları ilə yadda qaldılar.
Təranə
Vahid
Mədəniyyət.- 2013.- 6 fevral.-
S. 8.