Yenə
bu səhər...
Yuxudan oyanıram. Saat 8-i göstərir. Telefonu götürüb gecədən gələn
sms və zənglərə baxıram.
Tarix 04.02.2013. Bu gün
onun ad günüdür...
Elə bu an telefonuma sms gəlir. Radioda çalışan rejissor dostlarımdan biri yazır: “Səhər efirində verilişlərin fonuna mütləq onun mahnılarından istifadə
edirəm”. Mətbəxə
keçib çaydanı
qazın üstünə
qoyuram. Televizoru açıram. Bütün
telekanalların “Səhər
xəbərləri”ndə onun
ad günü ilə bağlı reportajlar verilir. Aparıcı deyir: “Məşhur bəstəkar və müğənni, Xalq artisti, professor Polad Bülbüloğlu 1945-ci il
fevralın 4-də Bakıda
anadan olub. Böyük müğənni,
SSRİ Xalq artisti Bülbülün ailəsindəki
musiqi aurası, yüksək sənət mühiti kiçik yaşlarından onu ağuşuna alır, gələcək həyat
yolunu müəyyənləşdirir”.
Bu, sənət
uğurları ilə
zəngin, zirvələrlə
dolu ömür yolu olub. Bu ömrün
18 ilini o həm sənət adamı, həm də dövlət xadimi kimi yaşayıb, respublikanın Mədəniyyət
Nazirliyinə rəhbərlik
edib. Artıq yeddi ildir ki,
ölkəmizin Rusiyadakı
böyükelçisidir, amma
yaradıcılığı da unutmur və
yenə bu iki statusu (rəsmiyyət
və sənət) üzərində daşıyır.
Bu illər ərzində onun telekanallarda, qəzetlərdə
çıxışlarını xatırlayıram. “Rəsmilər
qeyri-rəsmi” verilişinin
ona həsr olunan buraxılışında
dediyi nisgil dolu sözlər yadıma düşür:
“Şuşa, gecələr
də məni yatmağa qoymur”.
Kompyuterin qarşısına keçib
sənətkara təbrik
məktubu yazıram. Yazdıqca 18 il əvvəl Bakıda qeyd edilən 50 illik yubileyini xatırlayıram. Həmin
yubiley konsertində keçmiş SSRİ-nin bütün tanınmış,
say-seçmə sənətçiləri
iştirak edirdilər.
1988-1993-cü illər arası
ölkədə baş
verən siyasi çəkişmələr və
mədəniyyət sahəsindəki
süstlükdən sonra
bu yubileylərin qeyd edilməsi mədəni həyatımızda
bir canlanma yaratmışdı.
Hazırlaşıb
işə gedirəm.
Yol boyu onunla bağlı verilişləri xatırlayıram.
Rusiyanın “Ostankino” telestudiyasında bəstəkar
Aleksandra Paxmutovanın yubiley
gecəsindən çıxarkən
televiziyanın yaşlı
xanım əməkdaşlarından
birinin Polad Bülbüloğludan gənc
nəvəsi üçün
avtoqraf istəməsi
səhnəsi yadıma
düşür. Axı,
o yalnız ötən
əsrin nəsillərinin
deyil, gənc nəslin də sevimli bəstəkarı və müğənnisidir.
Biz onun mahnıları ilə böyüdük. 20-yə yaxın
filmə yazdığı
musiqilər hamının
dilində zümzümə
edilir. “Mən mahnı qoşuram”, “Uşaqlığın son gecəsi”,
“İstintaq davam edir”, “Qorxma mən səninləyəm”
(baş rolda sənətkarın özü
çəkilib) və
digər filmlərdəki
mahnılar illər ötsə də, tamaşaçı yaddaşına
əbədi həkk olub. Sənətkarın
2000-ci ildə Moskvanın
“Ulduzlar meydanı”na gəlişi gözlərim
önündə canlanır.
Əsl Azərbaycan övladı kimi at belində, milli geyimdə, başında da SSRİ-nin Xalq artisti, rəqqas
Mahmud Esambayevin 50 illik
yubileyində ona hədiyyə etdiyi papaq.
2013-cü ilin
ilk günlərində yenə
də Rusiya telekanallarının birinə
dəvət edilmişdi.
Həmişə necə
sadə, gülərüz,
nikbindirsə, yenə
həmin əhva-ruhiyyədədir.
Veriliş keçmiş
sovet məkanında ötən əsrin ən populyar mahnı və ifaçılarına həsr
edilib. Polad Bülbüloğlu verilişə
bu gün də gündəmdə qalan, lakin mədəniyyətdən
əlavə həm də siyasətlə, diplomatik fəaliyyətlə
məşğul olan sənətkar qismində dəvət olunmuşdu. Çıxışı böyük
alqışlarla qarşılandı.
Bu düşüncələrlə
redaksiyaya çatıram.
Tanınmış sənətkar
haqqında yazı hazırlamalıyam...
O, uzun illərdir, müğənni
və bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətini
layiqincə təmsil edir. Respublikamızın estrada kollektivlərinə
rəhbərlik edərək
dünyanın 70-dən çox
ölkəsində vətənimizi
layiqincə tanıdıb.
Estrada sənətimizdə yeni istiqamətin əsasını qoyub, müasir ritm və harmoniyaları yaddaqalan milli melodiyalarla birləşdirərək
inkişaf etdirib. Onun bu yaradıcılıq
eksperimenti hazırkı
nəsil musiqiçilər
üçün bir örnəkdir. Vaxtilə dahi Bülbülün ifa etdiyi xalq
mahnılarını yeni
formada tamaşaçıya
təqdim edən Polad Bülbüloğlu bu əməyi ilə həmin əsərlərə ikinci
həyat bəxş edib.
Bəstəkar kimi rəngarəng yaradıcılığında
simfonik əsərlər,
kamera-instrumental musiqilər,
vokal silsilələr,
dram tamaşaları və
kinofilmlərə yazılmış
musiqilərlə yanaşı,
ona xüsusi uğur qazandıran mahnılar üstünlük
təşkil edir. Həm ölkənin tanınmış ifaçıları,
həm də özü tərəfindən
səslənən bu mahnılar sevilir, sevilir və yenə də sevilir. Polad Bülbüloğlunun yaratdığı
"Məhəbbət və
ölüm" baletinin
Rusiyada, Türkiyədə
tamaşaya qoyulması,
böyük mədəniyyətimizə
verdiyi sanballı töhfə və ölkəmizin imici üçün göstərdiyi
səylərdən biridir.
Sənətkar
elə hər sahədə sənətkar
olurmuş demə. Polad Bülbüloğlu
2006-cı ildən, Azərbaycan
Respublikasının Rusiya
Federasiyasında fövqəladə
və səlahiyyətli
səfiri təyin olunduğu gündən ikitərəfli mədəni
əlaqələrin güclənməsinə
çalışır. 2007-ci ildə Rusiya-Azərbaycan mədəni əlaqələrinin
inkişafına verdiyi
töhfəyə görə
Rusiya Federasiyasının
“Dostluq” ordeni ilə təltif olundu. Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən “Müqəddəs Knyaz Nevski” mükafatına layiq görüldü. Azərbaycanda və bütövlükdə keçmiş
sovet məkanında kifayət qədər populyar olan sənətkarın
digər titullarını
da sadalamaq istərdim. Amma Polad Bülbüloğlunun
pərəstişkarlarına bunları xatırlatmağa
sadəcə, gərək
yoxdur. Sevimli sənətkarımıza möhkəm
cansağlığı, yeni
yaradıcılıq uğurları
arzusu ilə
Lalə Azəri
Mədəniyyət.-
2013.- 6 fevral.- S. 7.