Yeni kino ittifaqının vəsiqələri
təqdim edildi
Şəfiqə Məmmədova:
“Həm qocaman kino
xadimlərinin, həm də gənclərin dəstəyi bizi ümidləndirir”
Fevralın 2-də Dövlət Film Fondunda Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
(ARKİ) üzvlük vəsiqələrinin
təqdim olunması mərasimi keçirildi.
Mədəniyyət və incəsənət
xadimlərinin, yaradıcı gənclərin iştirak
etdikləri tədbir çərçivəsində sənətşünaslıq
elmləri doktoru, ARKİ-nin
üzvü Əlisəftər Hüseynovun “Səhnədən o yana, yaxud
sözün şəkli” kitabının
təqdimatı da keçirildi.
İttifaqın icraçı katibi, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq öncə Azərbaycan Gəncləri Günü münasibətilə gənc kinematoqrafçıları təbrik etdi. Qeyd olundu ki, ötən ilin yayında yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı fəaliyyətini uğurla davam etdirir. Hazırda qurumun 186 üzvü var. İttifaqın əsas məramı milli kinomuzun inkişafına töhfələr vermək və bütün səyləri bu istiqamətə yönəltməkdir: “Bizi bu işdə yalnız kinonun inkişafı maraqlandırır və üzvlərimizin, kino xadimlərimizin problemlərinin aradan qaldırılması, gənc kadrların hazırlanması qarşımızda duran önəmli vəzifələrdir”.
İcraçı katib bildirdi ki, kino xadimlərinə diqqət və qayğı, böyük xidmətləri olan kino işçilərinin müxtəlif mükafat və təltiflərə təqdim olunması da diqqət mərkəzindədir: “Biz çalışacağıq ki, Azərbaycan kinosuna töhfə verən hər kəsə yardımçı olaq”. Qurum beynəlxalq əlaqələrini də inkişaf etdirir, beynəlxalq konfrans keçirmək niyyətindədir.
ARKİ-nın icraçı katibi təqdim olunan kitab barədə də fikirlərini bölüşdü: “Əlisəftər Hüseynovun imzası oxuculara hələ ötən əsrin 80-ci illərindən elmi-nəzəri, bədii-publisistik yazıları ilə yaxşı tanışdır. Onun kitabları geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. “Səhnədən o yana, yaxud sözün şəkli” kitabı da bu qəbildəndir. Kitabda nəsr və ekran əsərlərinin ekranlaşdırılmasının təhkiyə aspekti həm elmi-nəzəri müstəvidə, həm də konkret nümunələr əsasında təhlil edilib”.
Daha sonra ARKİ-nin üzvlük vəsiqələrinin təqdimatı oldu. İttifaqın sədri, Xalq artisti, professor Şəfiqə Məmmədovaya, xalq artistləri Eldar Quliyev, Vaqif Mustafayev, Oktay Mir-Qasım, Mərahim Fərzəlibəyov, Vasif Babayev, Tofiq İsmayılov, Tariyel Qasımov, Siyavuş Kərimi, İlham Namiq Kamal, Zərnigar Ağakişiyeva, Arif Quliyev, Nuriyyə Əhmədova, kinorejissor Ayaz Salayev, Əməkdar incəsənət xadimi Ənvər Əbluc, əməkdar artistlər Nahidə Orucovaya və digərlərinə vəsiqələr təqdim edilidi.
ARKİ-nin sədri, Xalq artisti Şəfiqə Məmmədova tədbiri yeni qurumun tarixində əlamətdar hadisə kimi qiymətləndirdi: “Çox xoşbəxtəm ki, bu anı sizinlə birgə yaşadım. Ötən ilin yayında ittifaqımız yeni yaranmışdı, o vaxtlarda bizə dəstək verən hər kəsə təşəkkür edirəm. Onların arasında gənclər də var. Kinomuzun inkişafı naminə gənclərimizin də fəallıq göstərməsi, yeniliklərə can atması sevindiricidir. Yeni ittifaqın yaranması bir zərurət idi və biz zamanla sübut edəcəyik ki, bu işin öhdəsindən gələ bilərik. Məqsədimiz Azərbaycan kinosuna yeni töhfələr verən bir təşkilat formalaşdırmaqdır. Bu yolda həm qocaman kino xadimlərinin, həm də gənclərin dəstəyi bizi ümidləndirir”.
Rüfət Əhməd
Mədəniyyət.-
2013.- 6 fevral.- S. 5.