Sirli qadın
Ölməz musiqiləri yaddaşlarda yaşayacaq
Fevralın 11-də bir il tamam olacaq. Qəlbləri riqqətə gətirən
bəstələrin müəllifi
unudulmaz bəstəkarımız
Elza İbrahimovasız
bir ili
də beləcə yola salacağıq. Ancaq yaratdığı əsərlər
bizimlədir. O bəstələr
ki, insan ruhunun səsi, qəlblərin pıçıltısı,
dilə gəlməyən
hisslərin təzahürüdür.
Daha bir heyrətamiz məqam isə Elza xanımın ömrünün son illərini
“sirli, müəmmalı
qadın” olaraq başa vurmasıdır.
Heç danışmadı,
görünmədi və
varlığını belə
hiss etdirmədi.
Şəxsən mənim yaddaşımda
Elza İbrahimova Muğam Teatrında ona həsr edilmiş
yubiley gecəsindəki
görünüşü ilə
qaldı. Bəlkə də
bu, yalnız mənim deyil, yüzlərlə sənətsevərin
yaddaşında qalan
son kadrdır. Həmin çəkilişdən
bu günə kimi ancaq onun
musiqisi danışdı,
mahnıları haray saldı. O mahnılar
hamının ürəyindən
xəbər verdi,
hamının yerinə
dilə gəldi. “Nəğmə dolu
bir ürək” ancaq nəğmələrdə
özünə yer tapdı. Bizim nəslin sevimli
bəstəkarı gələcək
nəslin yaddaşına
“sirli qadın” kimi köçdü.
Son illərdə isə bəstəkar ona müraciət edən bütün jurnalistlərin suallarını
qardaşı Çingiz
müəllimin vasitəsilə
cavablandırırdı. Qəribəsi də budur ki, heç kimə “yox” söyləmirdi. Sadəcə, “mənim yerimə qardaşım danışacaq”
- deyirdi.
Milli Kitabxananın əməkdaşlarından
birinin Elza xanım haqqında söylədiyi fikri xatırlayıram: “Mən
həmişə bu xanımın bəstələrini
dinləmişdim, bir sözlə desəm, mahnılarının dəlisi
idim. Çox arzulayırdım ki, bəstəkarın özünü görüm
və həmişə
belə sanballı əsərlərin müəllifini
təkəbbürlü, şux
qadın kimi təsəvvürümdə canlandırırdım.
Amma bir dəfə o bizim kitabxanaya gəlmişdi. Sadəliyi, təvazökarlığı
məndə böyük
təəccüb doğurdu.
Elza xanımın sadəliyi məni heyrətə gətirdi”.
Bəstəkarın əsərlərini dinləyəndə istər-istəməz
bir nüans da diqqətdən yayınmır. Bu da onun öz
bəstələrinə seçdiyi
mətnlərlə bağlıdır.
Biz Elza xanımın
mahnıları və
bu mahnıların ifaçıları haqqında
çox danışmışıq,
amma bu qadının
nə qədər poetik təbiətli olduğunu nədənsə
nəzərdən qaçırmışıq.
Onun mahnılarında sözlər
axarlılığı və
musiqi-mətn tamamlanması
baxımından əvəzedilməz
dərəcədə möhtəşəmlik
yaradır. Buna görə də bu mövzu məni
həmişə maraqlandırırdı.
Çünki bu günə
qədər musiqişünaslıqda
ayrı-ayrı mahnı
janrlarının tədqiqinə
həsr edilmiş bir sıra elmi
əsərlər və
araşdırmalarla tanışam.
Düşünürdüm ki, Elza İbrahimovanın mahnılarına
mətn seçməsində
özünəməxsus dəst-xətt
var və bu seçim onun mahnı üslubunun səciyyəvi
elementlərini daha qabarıq üzə çıxarır. O, mahnılarında
poetik mətnlə musiqinin dilini böyük ustalıqla, estrada mahnı
janrının müxtəlif
növlərində - ənənəvi
estrada, romans, müasir lirik mahnı melodiyalarında maksimal dərəcədə
tətbiq etməklə
bu əsərlərin
yaddaqalan olmasına
nail olmuşdur.
Bu yöndə
araşdırma apararkən
professor-musiqişünas Ceyran
Mahmudovanın dissertasiya
işindən, Elza İbrahimova yaradıcılığına
həsr edilmiş məqalədən bəzi
fikirləri də qeyd etməyi lazım bildim: “Qara Qarayev bəstəkarlıq
məktəbinin yetirməsi
olan Elza İbrahimovanın musiqinin
başqa janrlarında
bir sıra simfonik, kamera-instrumental, səhnə əsərlərinin
müəllifi olmasına
baxmayaraq, onun məhz mahnı janrında yaratdığı
nümunələr yaddaşlara
həkk olunub. Bəstəkarın heç kimə
bənzəməyən fərdi
mahnı üslubu mövcuddur. Mahnılarını dinləyəndə melodiyanın
xüsusi ifadəliliyinin,
seçilmiş mətnin
dərin mənalılığının
şahidi oluruq. Bütün bu amillər Elza İbrahimovanın bəstələrinin dəyərini
daha da artırmış
olur. Öz mahnılarında müxtəlif şairlərə
müraciət edən
bəstəkar melodiyalarda
mətnin misralarını
özünəməxsus şəkildə
bölərək vurğulayır.
Hər misranın uyğun gəldiyi melodik cümlə biri neçə ibarəyə
bölünür. Onun musiqi
dilinin səciyyəvi
cəhətlərindən bir
də mahnılarında
sekvensiyalardan geniş
şəkildə istifadə
etməsidir. Tonlarla, tersiyalarla
yuxarı və ya aşağı hərəkət edən sekvensiyalara bəstəkarın
mahnılarının əksəriyyətində
rast gəlinir. Buradan da belə bir
nəticəyə gəlirik
ki, bəstəkarın
gözəl, ifadəli
melodiyalara malik yaddaqalan mahnılarının
yaranmasının bir sirri də onun
poetik mətni düzgün seçməsi
və mətnin məzmun çalarlarını
musiqidə dolğun, orijinal tərzdə çatdırmasıdır”.
Bəli, şair təbiətli, dərin musiqi duyumlu Elza İbrahimova
2012-ci il fevralın 11-də 74 yaşında
dünyasını dəyişdi.
Onun musiqisi isə nəsillərdən nəsillərə
ötürülərək insanları öz dünyalarına səyahətə
aparacaq. “Üzü
küləyə gedənlər”
də, “Mehribanım” deyə bir-birinə müraciət edənlər
də, nə vaxtsa “Gecələr bulaq başı”nda oturub səmimi söhbət edənlər
də istər-istəməz
bu ölməz musiqiləri yada salacaqlar və əgər bu mahnılar xatırlanacaqsa,
demək, bəstəkarın
ruhu da yaşayacaq,
xatırlanacaq...
Lalə Azəri
Mədəniyyət.- 2013.- 8 fevral.-
S. 13.