Kitabxanaçılıqda
yeni mərhələ
AZLİBNET Mərkəzinin məlumat
bazası kitabxana istifadəçilərinə
geniş imkanlar yaradacaq
Mədəniyyət
sahəsində dövlət siyasətinin əsas prioritetlərindən
biri də cəmiyyətin intellektual,
mənəvi potensialının inkişafında əvəzsiz
rol oynayan
kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi,
kitabxana fondlarının müasir
informasiya daşıyıcıları ilə
zənginləşdirilməsi, dünyanın qabaqcıl
kitabxana-informasiya müəssisələrinin
təcrübəsindən istifadə, elektron
məlumat banklarının yaradılmasıdır.
Son illər ərzində bu sahədə bir sıra mühüm sənədlər qəbul edilmişdir. Ölkə Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarına əsasən ölkənin bütün kitabxanalarına latın qrafikası ilə çapdan çıxmış nəşrlər hədiyyə edilmişdir. Həmçinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafı, rabitə və informasiya texnologiyalarının inkişafı, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı ilə bağlı proqram sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.
Ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiqi bu sahədə köklü dəyişikliklərin həyata keçirilməsinə səbəb olmuşdur. Proqramın reallaşdırılması üzrə Tədbirlər Planının "2.2. Kitabxanaların kompyuter və informasiya-proqram təminatı, respublika üzrə kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı" bölməsinə uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha effektiv həyata keçirilməsində Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET) xüsusi xidmətləri vardır. AZLİBNET - qeyri-kommersiya təşkilatı kimi Mədəniyyət və Turizm Nazirliyinin himayəsi və dəstəyi ilə C.Cabbarlı adına Cənclər Kitabxanasının nəzdində yaradılmışdır.
Kompyuter şəbəkəsində Milli Kitabxana-İnformasiya Mərkəzinin yaradılması üzrə işlərə son illərdə başlanılmışdır. Onun prioritet istiqamətlərindən biri kitabxa-nalarda elektron informasiya resurslarının yaradılması və onların istifadəçilərə təqdim olunması, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir.
AZLİBNET-in məqsədi Azərbaycan kitabxanalarının birgə Milli Kataloqlaşdırma Sistemini yaratmaqdan ibarətdir. Başlıca vəzifə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan respublika əhəmiyyətli böyük kitabxanalar, habelə şəhər (rayon) MKS-lərinin elektron resurslarının vahid mərkəzdən idarə olunması, təhlükəsizliyinin təmin edilməsi, elektron resurslarının istifadəçilərə fasiləsiz və operativ olaraq təqdim edilməsi, kataloqlaşdırma zamanı əlavə vaxt, zaman, vəsait itkisinin, habelə biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasına nail olmaqdır.
AZLİBNET Mərkəzinin hazırda həyata keçirdiyi ən vacib iş Azərbaycan kitabxanalarında birgə kataloqlaşdırma, kitabxanaların Milli Toplu Elektron Kataloq sistemini yaratmaqdır. Azərbaycanın Toplu Elektron Kataloqu kitabxanaların inkişafının strateji istiqaməti kimi böyük əhəmiyyətə malikdir. Onun yaradılması kitabxana fondlarının məzmunu haqqında informasiya almağa, ölkənin bütün ərazisində istifadəçilərə sənədlərin rasional çatdırılmasını təmin etməyə, komplektləşdirmə prosesinin koordinasiyasına, mərkəzləşdirilmiş kataloqlaşdırma prosesinin təşkilinə imkan verəcək. Toplu Elektron Kataloq ölkə kitabxanalarının informasiya kooperasiyası üçün yeni standartların tətbiqi və onların dünya kitabxana ictimaiyyətinə inteqrasiyasında həlledici faktordur.
Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxananın daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar daxildir. Onların çoxunda artıq elektron kataloq sistemi yaradılmışdır. Elektron kataloqlara xeyli sayda kitab, jurnal, qəzet haqqında biblioqrafik yazılar daxil edilmişdir. Bir sıra kitabxanalar daha irəli gedərək kitabxanaya daxil olan yeni latın qrafikalı kitablara dair biblioqrafik təsvirlərlə yanaşı, keçmiş dövrləri əhatə edən və oxucular tərəfindən tez-tez soruşulan kiril qrafikalı kitablar haqqında biblioqrafik yazıları bu bazalara daxil edirlər. Bundan başqa, respublikanın konkret şəhər və rayonlarında kitabxanalarda məhz onlarla bağlı olan müxtəlif materiallar (yerli qəzetlər və nəşrlər) saxlanılır ki, bu barədə məlumatlar da elektron kartotekaya əlavə edilir.
Görülən bu işlərdə nöqsanlara, pərakəndəliyə yol verilməməsi, işlərin sistemli şəkildə həyata keçirilməsi və müasir kitabxana standartlarına cavab verməsi qarşıda duran prioritet məsələlərdəndir. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektoru tərəfindən aparılmış monitorinqlər nəticəsində məlum olmuşdur ki, bir sıra kitabxanalar biblioqrafik təsvirlərin tərtibində nöqsanlara yol vermiş, bu sahədə mövcud olan standartlar və qaydalar nəzərə alınmamışdır. Kitabların təsviri həyata keçirilərkən kitab elm sahələri üzrə düzgün sistemləşdirilmir, elektron kataloqda nəzərdə tutulmuş kitab sahələri aidiyyəti üzrə tərtib edilmir. Belə hallar hətta respublikanın böyük kitabxanalarında da mövcuddur.
Bu problemləri aradan qaldırmaq, kitabxanaçılar tərəfindən sərf olunan əməyə və vaxta qənaət etmək, yaradılan resursların keyfiyyətini yüksəltmək və dünya standartları səviyyəsinə çatdırmaq, ölkə əhalisinin fasiləsiz informasiya tələbatını ödəmək, bir sözlə, toplu elektron kataloqun yaradılması və istifadəsi üçün qurulan vahid mərkəzin - AZLİBNET-in xüsusi rolu vardır.
Mədəniyyət və Turizm Nazirliyinin və kitabxana-informasiya sahəsində tanınmış mütəxəssislərin köməkliyi ilə vahid mərkəzin iştirakçı kitabxanaları müəyyən edilmişdir. Bu sıraya Prezident Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Sumqayıt şəhər MKS daxildir. Bu kitabxanalara öz resurslarını istifadə üçün AZLİBNET Mərkəzinin məlumat bazasına yerləşdirmək hüququ verilmişdir. Digər kitabxanalar hazır biblioqrafik yazıları Toplu Kataloqa daxil olaraq əldə edə biləcəklər.
AZLİBNET Mərkəzi vasitəsilə respublikada mövcud olan elektron resursların fasiləsiz və uzaq məsafədən idarə edilməsi sistemi yaradılmışdır. Mərkəz ölkənin bütün kitabxanaları ilə (sahəvi, elmi, kütləvi) əlaqələr qurur. Toplu kataloqdan AZLİBNET Mərkəzinin www.azlibnet.az və ya C.Cabbarlı adına Gənclər Kitabxanasının www.ryl.az ünvanlı veb saytları vasitəsilə istifadə etmək olar.
AZLİBNET Mərkəzinin veb-saytında layihədə iştirak edəcək kitabxanaların resurslarına, habelə mərkəzin resurslarından yararlanacaq kitabxanaların veb-saytlarına keçid linki yerləşdirilmişdir. Saytda interaktiv xəritə də verilmişdir ki, onun vasitəsilə Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən şəhər və rayonlar üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Elektron Kataloquna giriş təmin olunur. Burada həmçinin kitabxana işi ilə əlaqədar normativ hüquqi sənədlər, Azərbaycanın kitab abidələri, mütaliə və s. haqda məlumatlar da əldə etmək olar.
AZLİBNET Mərkəzinə qoşulan kitabxanaların mütəmadi olaraq yaratdıqları biblioqrafik yazıların vahid mərkəzə göndərilməsi təmin ediləcəkdir. Həmçinin layihənin icrası çərçivəsində məlumat bülletenlərinin, biblioqrafik göstəricilərin, soraq-məlumat biblioqrafiyasının, milli retrokataloq fondunun, milli biblioqrafik uçotu, biblioqrafik yazıların qəbulu və şəbəkə istifadəsinə verilməsi sisteminin yaradılması və müasir tələblər səviyyəsində, davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Nigar
İsmayılova,
BDU-nun
kitabxanaşünaslıq
kafedrasının
baş müəllimi
Mədəniyyət.-
2013.- 8 fevral.- S. 11.