Təki
kitab oxunsun!
Kitabı mövzu edirik və bir girişə
ehtiyacımız yaranır. Mövzuya necə başlamalı?
Zatən kitaba dəyər verənlər onun nə
olduğunu, nə qədər ali olduğunu bilir.
Kitabsızlara nə demək olar? Kitabın içindəki
boşluğu doldura biləcək qədər, insanı dəyişəcək
qədər güclü olmasınımı? «Kitabsız»
sözünün ən yumşaq halda tənə
olmasınımı? «Dinsiz» anlamında işlənsə də,
«kitabsız» elə kitabsızdır...
Ruhun qidası kitab
Əgər elədirsə, nə
üçün kitabı zəruri tələbatlar
sırasında görməməliyik? Bakının iri əyləncə
və ticarət mərkəzində kitab mağazası
açılıb. Gözümüz aydın olsun deyək!
Kitab satışı sahəsində kampaniya və yenilikləri
ilə bu sahəni dinamik və kreativ vəziyyətə gətirməyə
çalışan «Ali & Nino» kitab mağazaları şəbəkəsinin
dükanlarını “Park Bulvar”, “Metropark” və 28 MALL əyləncə
və ticarət mərkəzlərində görə bilərsiniz.
Niyə də yox? Bu mərkəzlərin içində
kinozallar varsa, kafelər, uşaq əyləncə guşələri,
saysız geyim dükanları varsa, kitab dükanı nədən
olmasın? Deməli, ya kitab artıq zəruri tələbatlar
sırasına keçib, ya da bunun belə olmasını istəyirlər.
Axı tələb və təklif məsələsi var. Təklif
olsa, tələb də olacaq.
«Əli & Nino» mağazalar şəbəkəsinin
direktoru Nigar Köçərli isə bunu tələbatla
bağlamır: “Təbii ki, tələbat hələ zəifdir.
Sadəcə, kitab dükanlarının insanların çox
olduğu yerdə açılması lazımdır. Bu ticarət
və əyləncə mərkəzləri isə
insanların sıx olduğu yerlərdir”.
Endirim və kreditli satış
28 MALL City Centerdə və
“Metropark” ticarət və əyləncə mərkəzindəki
«Ali & Nino» dükanlarında kitab satışı ilə
maraqlandıq. Brend markaların, reklamın
parıltısının göz qamaşdırdığı
bir vaxtda və məkanda əylənmək və
alış-veriş etmək istəyən adama kitab təklif
olunması çox alicənab hərəkətdir. Həm də
bu kitablar müəyyən kampaniyalar, endirimlərlə və
hətta geyim dükanlarında olduğu kimi kredit kartları
vasitəsilə satılırsa.
Əvvəla, kitabların baha
olması haqqında bəhanələrin əsassızlığını
bu mərkəzlərdə daha aydın görmək olur. Geyim
və digər tələbat malları ilə müqayisədə
kitabların qiyməti baha deyil, üstəlik müştərilərə
müxtəlif fürsətlər təqdim edilir. «Ali &
Nino» kitab dükanında hər həftə «Həftənin
fürsəti» kampaniyası keçirilir və bu kampaniya
müddətində - bir həftə ərzində dörd
kitab 70% endirimlə alıcılara təklif olunur. Bu kitablar nəyə
əsasən seçilir?
“Metropark”dakı mağazanın
satış üzrə meneceri İlkin Məmmədov bu
kitabları hər həftə özü seçdiyini deyir:
«Bu həftə dörd dildə kitab həftənin endirim
fürsəti kampaniyası ilə satılır: Bunlar
F.M.Dostayevskinin «Ölü evdən qeydlər» (Azərbaycan
dilində), Anna Qavalda “Uteşitelğnaə partiə iqrı
v petank” (rus dilində), Green Jane «Jemima J: A Novel about Ugly
Ducklings and Swans» (ingilis dilində) və türk müəllifin
«Böyürtkən şərabı» əsəri 70% endirimlə
satılır. Kitabların satışına baxsaq, əlbəttə,
bestsellerlər daha çox satılır. Elmi, tarixi ədəbiyyata
da maraq var. Ümumiyyətlə, faizə qalanda Azərbaycan və
türk dillində bədii ədəbiyyatın daha çox
satıldığını deyə bilərəm.
14 fevral - Sevgililər Günü
münasibətilə üç gün seçdiyimiz
kitabların endirimli satışını təşkil edəcəyik.
Həmin kitablar 10, 30 və 50 faiz endirimlə satılacaq.
Yaş qrupuna gəlincə, daha çox gənclər kitab
alır. Satış faizindən şikayətlənməyə
haqqımız yoxdur. Digər mağazalardan geri
qalmırıq: bura məxsusi olaraq bu dükandan kitab almaq
üçün gələnlər var. Alış-veriş məqsədilə
gəlib, kitab mağazasından kitabla çıxanlar da az
deyil».
Uzun müddət sonra bu qədər əlvan və
çox kitab görmək...
Mağazanın uşaq kitabları
bölməsində söhbətləşdiyimiz İradə
xanım da belələrindəndir: «56 yaşım var.
“Metropark”a nəvəmi əyləndirmək üçün
gəlmişəm. Evdar qadınam, amma vaxtilə çox kitab
oxumuşam. Açığı, uzun müddətdir ki, kitab
dükanında olmamışdım. Rastıma
çıxmayıb. İndi burada bu dükanın olması
çox yaxşıdır. Uzun müddət sonra bu qədər
əlvan və çox kitab görmək mənə xoş
oldu. Nəvəmə kitab seçmək istəyirəm. O qədər
də baha deyil. Bilirsiniz, hansı oyuncaqdan yapışsan od
qiymətinədir. Bu kitablar onlardan baha deyil».
Şəhərin əyləncə
və ticarət mərkəzlərində daha çox gənclərə
rast gəlirsən. Onları birləşdirən yalnız gənc
olmaları deyil - onlar zövqlü, müasir görünmək
və əylənmək istəyirlər. Zövq və
müasirlik isə yalnız zahiri görkəmdə, geyimdə
deyil. Müasir və zövqlü gənc olmaq
üçün kitab oxumaq əsas şərtlərdəndir.
Deyəsən, artıq onlar bunu anlamağa başlayıblar...
P.S. Xatırladaq ki, ötən ay
«Ali & Nino» mağazalar şəbəkəsi Tağıyev
küçəsi, 19 ünvanındakı kitab
dükanında tələbə və təqaüdçülər
üçün pulsuz kitab aksiyası keçirdi. Elanda
deyilirdi: «Bu kitablar oxumağa həvəsi olan, amma almağa
imkanı olmayan tələbə və təqaüdçülər
üçündür. Buyurun götürün, pulsuzdur. Təki
kitab oxunsun!»
Aliyə
Mədəniyyət.-
2013.- 8 fevral.- S. 10.