“Axundzadə şəxsiyyəti”

 

   Böyük ədibin 200 illiyinə həsr olunmuş daha bir kitab işıq üzü görüb

  

   Ötən il Azərbaycanda və eləcə də türkdilli ölkələrdə böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi qeyd edildi.

  

   Yubileylə bağlı bir sıra nəşrlər işıq üzü gördü. Onlardan biri də AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi və dissertantı Nərgiz Cabbarlının «Axundzadə şəxsiyyəti» kitabıdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən kitabda Axundzadənin yaradıcılığı, elmi-publisistik üslubda araşdırılıb, ədibin şəxsiyyəti, həyatı, ailəsi, övladları ilə bağlı maraqlı məqamlara yer verilib.

   Müəllif öz qəhrəmanını «zamanı qabaqlamış» yazıçı kimi təqdim edir. Onun fikrincə, əsl istedad təkcə yazmaq, yaratmaq deyil, həm də Zaman və Məkanın fövqündə dayanmaq, sərhədləri aşmaq, yaşadığı tarixi gerçəklikdən heç olmasa düşüncələrində, xəyallarında uzaqlara getmək bacarığıdır: “Belə bir istedad, bir qayda olaraq, öz sahibini böyük şəxsiyyətə, bəzənsə dahiyə çevirir. İstər yaradıcılığın söz sahəsində ol, istərsə başqa sahəsində... Əsas məsələ İstedadının sənə nə qədər uzağa boylanmağa imkan verməsidir...” Müəllif Axundzadəni yaşadığı həyatla gələcəyi görmək bacarığını, sözün əsl mənasında, sübut etmiş dahi şəxsiyyət kimi dəyərləndirir.

   Kitabın «Qalaq-qalaq kağızların arxasında qalan ruh», «Nifrətə səbəb və ya Nifrətə ünvan - dinmi, Allahmı, mollalarmı», «Gəlinciklə oynayan həyat yoldaşı?», “Kəmalüddövlə”də axtarılan şəxsiyyət izi ilə», «Kasıb yazıçı, ehtiyac içində yaşayan məmur, yoxsa mülklər sahibi olan zadəgan» bölmələrində böyük mütəfəkkirin həyat və yaradıcılığına işıq tutulur.

   AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun elmi redaktorluğu ilə ərsəyə gələn kitab «Təhsil» nəşriyyatında nəfis tərtibatla işıq üzü görüb.

  

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2013.- 8 fevral.- S. 10.