Qış turizmi - yeni imkanlar və pespektivlər

 

   Mahir Qəhrəmanov: “Bu sahənin Azərbaycanda inkişafı zamanla, lakin artan templə gedəcək”

  

   Azərbaycanda qış turizmi yeni sahə sayılır. Lakin hələ sovet dövründə respublikamızda da turizmin bu növünə maraq göstərənlər olub. O vaxtlar Şamaxı rayonunda, Pirqulu rəsədxanasının yaxınlığındakı ərazi xizək sürmək istəyənlər tərəfindən istifadə olunub. Bir çox həvəskarlar isə bu turizm növü ilə məşğul olmaq üçün qış fəslində müxtəlif xarici ölkələrə, o cümlədən bu sahədə yetərli infrastrukturu olan Türkiyəyə səfərlər edirlər.

  

   İndi isə Qusar rayonundaŞahdağ” Qış-Yay Turizm Kompleksi fəaliyyətə başlayıb, digər bölgələrdə də turizmin bu növünün inkişafı, təşviqi üçün imkanlar var. Bununla belə, qış turizminin ölkəmizdə nə dərəcədə perspektivli olması, o cümlədən özəl sektorun, sərmayədarların bu sahəyə nə dərəcədə maraq göstərməsi aktual mövzudur.

   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bu barədə sualımıza cavab olaraq bildirdi ki, qış turizminin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir və ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Dövlətin dəstəyi ilə “Şahdağ” Qış-Yay Turizm Kompleksinin inşası da buna bariz sübutdur: “Ötən ilin dekabrında cənab Prezidentin iştirakı ilə kompleksdə birinci mərhələ üzrə bir sıra infrastruktur obyektlərinin açılışı keçirildi. Burada təkcə qışda deyil, ilin hər fəslində istirahət üçün imkanlar yaradılır. Qış turizmi həm gəlirinə və perspektivlərinə görə fərqlənən, həm də mahiyyəti ilə maraq cəlb edən sahədir. Bu üçün böyük vəsait tələb olunur. “Şahdağ” layihəsi çərçivəsində ilk mərhələdə dövlətin imkanları hesabına böyük işlər görülür, infrastruktur, xizək yolları yaradılıb və lazım olan avadanlıqlar quraşdırılıb. Gələcəkdə bu işlər özəl sektorun da iştirakı ilə davam etdiriləcək. Hazırda bizim əsas hədəfimiz bu kompleksin inkişaf etdirilməsidir. “Şahdağkompleksi bütün müasir standartlara cavab verir və ölkəmizdə qış turizminin inkişafı üçün əsas baza rolunu oynayacaq”.

   Sektor müdiri qeyd etdi ki, Qəbələ rayonunda da xizək bazasının yaradılması planlaşdırılır: “Bu istiqamətdə də işlər aparılır. Bundan başqa, Gədəbəy və Zaqatalada da qış turizminin inkişafı üçün geniş potensial var. Lakin bunun üçün həm infrastrukturun formalaşması, həm də bu sahəyə marağın artması zəruridir. Uşaq və gənclərdə xizək sürməyə, qış idman növləri ilə məşğul olmağa maraq yaratmaq lazımdır. Qış turizmi yalnız gedib hansısa obyektdə istirahət etmək deyil. Burada geniş infrastrukturdan, xidmətlərdən, təhlükəsizlikdən söhbət gedirbu işlər çoxlu vəsait tələb edir. Hesab edirəm ki, bu sahənin Azərbaycanda inkişafı zamanla, lakin artan templə gedəcək. İlk növbədə yüksək səviyyəli xidmətlərin göstərilməsini təmin etməli, digər tərəfdən də, qış turizminin təbliğinə yer verməliyik”.

   Ekspert, Azərbaycan Turizm Assosiasiyası (AZTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, qış turizmi əksər insanlarımız üçün yeni sahə olduğu üçünŞahdağ” Qış-Yay Turizm Kompleksində istirahət cəlbedici görünür: “Şahdağmüasir dövrdə yaradılmış ən möhtəşəm qış-yay komplekslərindən biridir. Onun istifadəyə verilməsindən sonra ölkəmizdə qış turizminə böyük maraq hiss olunur. Bu istiqamətdə təbliğat işlərini daha da artırmaq, insanları məlumatlandırmaq lazımdır. Artıq turistlər şirkətlər vasitəsilə bu kompleksə səfər edir, xizək sürürlər. Bunu bacarmayanlara peşəkar instruktorlar kömək edir. Kompleksdə yaradılan şərait ölkədə qış turizminin inkişafı üçün əsas amillərdən biri sayıla bilər. Burada hələlik bir korpus fəaliyyət göstərir, lakin perspektivlər danılmazdır. Təbii ki, müəyyən təşkilati məsələlərin həlli, turistlərin qəbulu üçün daha yüksək səviyyəli xidmətlərin göstərilməsi ilə bağlı işlər görüləcək.

   Həmsöhbətim qeyd etdi ki, AZTA-nın turizm şirkətlərindən aldığı məlumata görə, bir neçə həftə ərzində kompleksə 600-ə yaxın turist gedib: “Təbii ki, fərdi şəkildə, digər təşkilatlar vasitəsilə ora gedənlər də var. Ümumiyyətlə, yaxşı olar ki, turistlər onları aparan şirkətlərin lisenziyasına və komplekslə müqaviləsinə diqqət yetirsinlər. Bu məsələyə ciddi yanaşmaq lazımdır ki, sonra ortaya hər hansı bir problem çıxmasın. Vətəndaşlarımız kompleksə səfər etməklə tədricən təcrübə qazana biləcəklər. Çünki turizmin bu növündə təcrübə də əhəmiyyət daşıyır. Azərbaycanın digər bölgələrində də qış turizminin inkişaf etdirilməsi üçün imkanlar var. Qış turizminin inkişafı idman və sağlamlıq baxımından çox lazımlıdır. Bu sahənin təşəkkül tapması və inkişafı ölkəmizdə qış idman növlərinin yayılması, bu növlərdə usta idmançıların yetişməsi üçünçox vacibdir. Eyni zamanda insanlarımız üçün də sərfəlidir. Bizim vətəndaşlar qış fəslində əsasən xarici ölkələrə, Rusiya, Gürcüstan, Fransa, Çexiya və Türkiyəyə üz tutur. Türkiyədə “Uludağkompleksi çoxlu turist cəlb edir. İndi artıq ölkəmizdə də bu imkan var. İnsanlar turizm səfərlərinə həm də gəzmək, festivallara qatılmaq və mənalı istirahət etmək üçün gedirlər. Buna görə də bölgələrdə turizmin inkişafında (o cümlədən qış fəslində) bu amillərə diqqət yetirmək lazımdır.

  

 

   Rüfət

 

  Mədəniyyət.- 2013.- 8 fevral.- S. 8.