Vida akkordları

 

   İstedadlı pianoçu, musiqiçi, gözəl pedaqoq və əsl insan haqqında xatirə

  

   Bethoven musiqini ilahi vəhy adlandırırdı. Min illərdir bu vəhylər Yer üzünə səpələnir, kimlərsə seçilir, kimlər vasitəsilə kimlərəsə ötürülür.

   Bu mənada Cahangir Qarayev adını musiqi tarixinə qeyri-adi pianoçu, özünəməxsus improvizələri olan təkrarsız musiqiçi kimi yazdı. Onun ifaları sirri, sehri ilə insanları ovsunladı, üstündən uzun illər keçsə belə, unudulmadı.

   Ömür vəfa etsəydi, fevralın 12-də 63 yaşı tamam olacaqdı. Ömür vəfa etmədi...

  

   O elə bir ailədə dünyaya gəlmişdi ki, bu ailənin təməli ziyalılıq, xeyirxahlıq, yüksək zövq və mədəniyyət üzərində qurulmuşdu. Bu təməl üzərində o, babasının da, atasının da, əmisinin də yolu ilə gedə bilərdi. Çünki bu yolların sonunda işıq vardı. Ancaq bütün istedadlı insanlar kimi o öz işığını axtarırdı. Qəlbinin səsinə qulaq asdı, musiqini seçdi. Ona görə yox ki, musiqinin içində böyümüşdü, əmisi Qara Qarayev dünya şöhrətli musiqiçi idi, sadəcə, o, musiqisiz yaşaya bilməyəcəyinin fərqindəydi...

   Cahangir Qarayev 1950-ci ildə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini, sonra isə aspiranturanı bitirib. Bir müddət konservatoriyada xüsusi fortepiano sinfində dərs deyib. Aydın düşüncəsi, qızıl əlləri, incə qəlbi ilə hər kəsi heyrətləndirir, qısa bir vaxtda fərqli və mükəmməl ifası ilə şöhrət tapır.

   70-ci illərdə Sovet İttifaqının müxtəlif şəhərlərində keçirilən musiqi forumlarında, festivallarda Azərbaycanın fortepiano musiqisi və ifaçılıq sənəti də uğurla təmsil olunurdu. Cahangir Qarayev 1973-cü ildə Almatıda keçirilən “Asiya və Afrika ölkələrinin musiqi tribunası”nda, 1975-ci ildə Tbilisidə gerçəkləşən “Zaqafqaziya baharı” festivalında respublikamızı müvəffəqiyyətlə təmsil etmişdi.

   1981-ci il oktyabrın 17-də bəstəkar Firəngiz Əlizadə onun qeyri-adi konserti barədə “Molodyoj Azerbaydjana” qəzetində dərc olunan “Cahangir Qarayevin labirintləri” adlı resenziyasında yazır: “O, dayanmadan, saatlarla caz, rok, klassik musiqilər ifa edə bilər, lakin bu musiqilərin heç biri bir-birinə bənzəməz, bir-birini təkrarlamaz. Təsadüfi deyil ki, Cahangir Bakıda mürəkkəb əsərlərin ilk ifaçısı kimi məşhurlaşmışdır. O, hərtərəfli istedada malikdir. Onun ifalarını başqaları ilə səhv salmaq olmaz. Bu onun güclü improvizasiya bacarığından, zəngin təfəkküründən, böyük texniki ixtiraçılığından irəli gəlir... Sonda sürəkli alqışlar altında Cahangir “Labirint”i üç dəfə ifa etməli oldu. Konsertdə tamaşaçılara daha bir sürpriz elədi. Bethovenin 6-cı simfoniyasını muğamlarla improvizə olunmuş orijinal bir şəkildə ifa etdi. Royalın axırıncı akkordları səsləndi, sürəkli alqışlar sakitləşdi, biz isə hələ də onun yaradıcı fantaziyasının “Labirint”lərində gəzişirdik...”.

   Onun yaradıcılıq axtarışları bitib-tükənmirdi. Musiqi bəstələyir, oranjimanlar edir, gözlənilməz improvizələri ilə hər kəsi heyrətləndirirdi.

  

   Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli:

  

   - Cahangiri uşaqlıqdan tanıyırdım. Məndən bir neçə yaş kiçik olsa da, biz hamımız professor Mayor Brennerin sinfində oxuyurduq. Cahangir olduqca istedadlı bir uşaq idi. Təkcə musiqi sahəsində deyil, bütün sahələrdə istedadlı idi. Futbol oynayırdı, musiqi bəstələyirdi, caz, klassik musiqilər ifa edirdi. Bütün bunların hamısının da öhdəsindən bacarıqla gəlirdi. Çünki o istedadlı idi, bu istedadı ona Allah bəxş etmişdi. Özü də gözəl, yaraşıqlı oğlan idi. Konservatoriyada qızlar ona tamaşa edərdilər. Cavan idik (gülür).

   Bu günə qədər onun fransız bəstəkarı Moris Ravelin yalnız sol əl üçün yazdığı əsəri necə ustalıqla, məharətlə ifa etdiyini unuda bilmirəm. Onun Bəstəkarlar İttifaqında müəllif konsertləri, eksperimentləri olurdu. O illərdə ciddi musiqiyə daha böyük diqqət olduğundan cavanlar ciddi musiqi ilə məşğul olurdular. Əlbəttə, Canik (biz onu belə çağırırdıq) caz musiqilərini də ifa edirdi, özü də son dərəcə optimist bir insan idi. Onu həmişə “Romeo və Cülyetta” əsərindəki Merkutsio obrazına bənzədirəm. Bir az nadinc, bir az zarafatcıl, amma xeyirxah bir obraza.

   Cahangir özünə qarşı son dərəcə tələbkar idi. Ömrünün sonuna kimi musiqi ilə məşğul oldu, musiqilər yazdı, eksperimentlər apardı. Onun dünyadan qəfil gedişi hamımız üçün ağır itki oldu.

 

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə:

  

   - Biz Bülbül adına məktəbdə təhsil almışıq. Cahangir kiçik bacımla bir sinifdə oxuyurdu. Demək olar ki, məktəbdə hamının sevimlisi idi. Bu insanın həmişə üzü gülürdü. Üzünün gözəlliyi hamını valeh edirdi. Bundan başqa, Allah ona çox böyük musiqi istedadı vermişdi. Cahangir çox istedadlı bir pianoçu idi. Klassik bəstəkarlardan Baxın, Bethovenin əsərlərini yüksək səviyyədə ifa edirdi. Bizim imtahanlarımız açıq keçirilərdi, kim istəsə, zalda oturub dinləyə bilərdi. Biz həmişə onun ifalarına valeh olurduq. Cahangirin təkrarolunmaz ifası vardı. O, musiqini çox asanlıqla aranjiman edirdi. Bir melodiyanı götürüb variasiyalarda çala bilərdi. Onun improvizələri təkrarsız idi. O dövrdə ona çatan pianoçu yox idi. O vaxtlar bizi konservatoriyadan qrup şəklində festivallara göndərirdilər. Cahangirin çox gözəl yol yoldaşlığı vardı. Səmimi, xanımlara qarşı son dərəcə nəzakətli idi, özünü əsl centlmen kimi aparırdı.

   Konservatoriyanı bitirəndən sonra bir neçə dəfə Bəstəkarlar İttifaqında konsertlər verdi. O konsertlərin biri haqqında 1981-ci ildə mən də resenziya yazmışam. Sonra ailə qurdu, xaricdə yaşadı, beləliklə də əlaqələrimiz bir qədər zəiflədi. Ancaq Cahangir çox işıqlı, istedadlı musiqiçi kimi bizim hafizəmizdə qalıb. Yaxşı yadımdadır, konservatoriyanın böyük zalında buraxılış gecəmiz idi. Gecə boyu fortepianonun arxasında keçib bizim üçün ən gözəl əsərləri ifa etdi.

   Cahangir olduqca təvazökar, sadə, eyni zamanda, son dərəcə istedadlı bir insan idi. Allahın çox böyük vergisini daşıyırdı, əvəzolunmaz musiqiçi idi. Onun vəfat etməsi bizim üçün o qədər gözlənilməz oldu ki, bu itki hamımızı silkələdi. Mənə elə gəlir ki, onun üzündən heç vaxt təbəssüm və işıq əskik olmadı. Mən onun ölümünə inana bilmirəm. Onun musiqisi təbii ki, ölməyəcək, çox gözəl kompakt diski çıxıb, o diskdə öz əsərləri ilə yanaşı, aranjiman etdiyi əsərlər də var. İnanıram ki, bizim televiziyada və radioda Cahangirin lent yazıları qorunub saxlanılır, bunların hamısını toplayıb bitkin şəkildə təqdim etmək lazımdır. O, ömrü boyu bir insan, bir musiqiçi kimi insanlara gözəllik bəxş etdi. Qəbri nurla dolsun.

  

   Bakı Musiqi Akademiyasının birinci prorektoru, fortepiano kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Oqtay Abbasquliyev:

  

   - Əfsuslar olsun ki, Cahangir müəllim haqqında keçmiş zamanda danışırıq. Mən bu xəbəri eşidəndə çox təəssüfləndim. Demək olar ki, Cahangirlə biz eyni vaxtda oxumuşuq. Mənim rəhmətlik qardaşımla konservatoriyada çox yaxın dost idilər. Biz hamımız professor Brennerin sinfini qurtarmışıq. Brenner sinfinə adi tələbələri qəbul etmirdi, onun sinfində seçilmiş tələbələr oxuyurdu. Cahangir çox istedadlı pianoçu idi. Mən çox pianoçulara qulaq asmışam, elə ifalar var ki, üstündən 30-40 il keçsə də, yadımdan çıxmayıb. Onun Ravelin əsərlərindən ibarət konserti belə ifaların sırasındadır. İfasında işıq vardı, şənlik vardı, onu unutmaq mümkün deyil.

   Sonra biz konservatoriyada birgə çalışırdıq. Xüsusi fortepiano kafedrasında müəllim işləyirdi, özünün tələbələri vardı. Az vaxt ərzində yaxşı müəllim kimi şöhrət tapdı. Bizdə fərdi dərslər keçirilir və yeganə kurs idi ki, müəllimi tələbələr özləri seçirdilər. Onun sinfinə düşmək üçün tələbələr həmişə növbəyə dayanardılar. Cahangir tələbələrə olduqca qayğıkeşliklə yanaşırdı. Musiqini nə qədər sevirdisə, bildiklərini də tələbələrinə eyni məhəbbətlə öyrədirdi.

   O, musiqiçi olmaqla yanaşı, insan kimi də əvəzsiz idi. Çünki o elə bir ailədə anadan olmuşdu ki, ayrı cür ola da bilməzdi. Cahangir dünyasını dəyişsə də, bizim qəlbimizdə həmişə yaşayacaq. Çünki o əsl pianoçu, musiqiçi, pedaqoq idi.

   Taqor yazırdı: “Həyat dənizdə bir səyahətdir ki, biz burda eyni bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib, bir-birimizdən ayrılırıq”. Cahangir Qarayevin bu dünyada da, axirət dünyasında da bir aləmi olduğu bəllidir. Bu aləmin adı musiqidir.

  

 

   Təranə Vahid

 

  Mədəniyyət.- 2013.- 8 fevral.- S. 7.