Tariximizə
işıq tutan nəşrlər
Fevralın 7-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Milli
Azərbaycan Tarixi Muzeyində 2010-2012-ci
illərdə nəşr olunmuş
kitabların təqdimatı keçirildi.
Təqdimatdan əvvəl tədbir
iştirakçıları muzeyin konfrans salonunda təşkil
olunmuş nəşrlərlə
tanış oldular.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq müəssisənin tarixinə qısa nəzər saldı. Qeyd olundu ki, 1920-ci il iyunun 15-də təşkil edilən muzey tədricən ölkənin ən böyük və zəngin muzeyinə çevrilib. Hazırda 300 mindən artıq eksponatın qorunduğu, 8 elmi şöbə və 11 fonddan ibarət olan muzey tariximizin qorunması, tədqiqi və təbliği kimi vacib missiyanı həyata keçirməkdədir. Muzeyin eksponatları sırasında Çin, Hindistan, İran, Türkiyə, Misir və s. ölkələrdən gətirilmiş əşyalar da var.
Direktor ötən üç il ərzində muzeyin əməkdaşları tərəfindən hazırlanan nəşrlər barədə də məlumat verdi. Bildirildi ki, bu müddətdə muzey tərəfindən 20-dən artıq kitab, kataloq, broşur və buklet nəşr olunub. Onlar sırasına nəfis tərtibatlı “Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri” kataloq-albomu, “Hacı Zeynalabdin Tağıyev” albomu, “H.Z.Tağıyevin qız məktəbi tarixindən”, “Mirzə Fətəli Axundzadə-200”, “Xurşudbanu Natəvan-180”, “Azərbaycan xanlıqlarının bayraqları”, “Qarabağın tarixi-mədəni irsi”, “Qafqaz Albaniyasının epiqrafik abidələri”, “Azərbaycanın maddi və mənəvi mədəniyyətində zərdüştlük dövrünün kaşıları” bukletləri və s. nəşrlər daxildir. Təqdim olunan kitabların bir qisminin rus və ingilis dillərində də çap olunduğu diqqətə çatdırıldı, bu nəşrlərin dünyanın məşhur kitabxanalarına göndəriləcəyi vurğulandı.
Muzeyin 90 illiyi ilə bağlı müasir muzeyşünaslığın tələblərinə tam uyğun tərtib olunan “Bələdçi” kitabı çapdan çıxıb. Kitabda muzeyin ekspozisiyasının xəritəsi, dövrlər üzrə bölünmüş zallar, həmçinin zallarda qurulan vitrinlər barədə müfəssəl məlumat yer alıb.
Sonra tarix üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda çıxış etdi. Bildirdi ki, 2011-ci il iyunun 29-30-da Milli Azərbaycan Tarixi Muzeyində keçirilən beynəlxalq elmi konfransın materialları toplu halında çap edilib. Tezislərdə müasir muzeylərin üzləşdiyi problemlər, yeni texnologiyaların muzeyşünaslıqda tətbiqi, gənc nəsillərin muzeylərə cəlb olunması ilə bağlı materiallar əksini tapıb.
Etnoqrafiya elm fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova Xurşudbanu Natəvanın 180 illiyi ilə bağlı hazırlanmış kataloqla bağlı fikirlərini bölüşdü. Kataloqda şairənin bioqrafiyası, Azərbaycan xalqı qarşısında xidmətləri əks olunub. Onun sözlərinə görə, muzeyin fondlarında Qarabağ torpağının istedadlı simalarından olan Xurşudbanu Natəvanın həyatına dair müxtəlif eksponatlar qorunur və onlar ilk dəfə bu kataloqda əksini tapıb.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri (2010-2012) adlı slayd-film nümayiş olundu.
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 8 fevral.- S. 5.