Böyük musiqinin
işığında
Qara
Qarayev - 95
Fevralın 6-da Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda
dahi bəstəkar Qara Qarayevin anadan olmasının 95 illik
yubileyinə həsr edilmiş gecə keçirildi.
Azərbaycan Bəstəkarlar
İttifaqı ilə birgə təşkil olunan tədbirdə
çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət
işçisi Alla Bayramova böyük sənətkarın Azərbaycan
və dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən
danışdı. Qeyd olundu ki, Sankt-Peterburq dram
teatrlarının arxivlərindən Qara Qarayevin səs
yazıları və partituralarının surətləri Azərbaycana
gətirilib. Bəstəkar ötən əsrin 50-60-cı illərində
bu şəhərdə “Qaçış”, “Nikbin faciə”,
“Artyom” və “Kral IV Henrix” tamaşalarına musiqi bəstələyib.
Sonra söz Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəyə
verildi. O, böyük sənət müəllimi Qara Qarayevlə
bağlı xatirələrini tədbir
iştirakçıları ilə bölüşdü: “Qara
Qarayevin dərsləri son dərəcə maraqlı
keçirdi. O, dərs zamanı hətta oxuduğu ədəbi
əsərlərin musiqi tərəflərində
gördüyü notları belə tələbələri ilə
bölüşürdü. Hərtərəfli biliyə malik
insan idi. Həmin illərdə informasiya axını bu dərəcədə
deyildi. Amma o, dünyada bütün sahələrdə baş
verən yeniliklərdən xəbər tutur və bunu tələbələri
ilə müzakirə edir, onların dünyagörüşlərinin
formalaşmasına, həyatı dərk etməsinə
çalışırdı”.
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru Səadət Səttarovanın
dahi sənətkarın həyat və
yaradıcılığı haqqında
çıxışı isə muzeyin
hazırladığı slaydlarla müşayiət edildi.
Daha sonra tədbir
iştirakçıları Qara Qarayevin Azərbaycanda səslənməmiş
dram tamaşalarına yazdığı musiqilərdən
fraqmentləri dinlədilər, partituraların surətini əks
etdirən slaydlarla tanış oldular.
Tədbir çərçivəsində
son vaxtlarda muzeyə bəstəkarın ailəsi tərəfindən
hədiyyə edilmiş arxiv materiallarının bir hissəsi
əsasında hazırlanmış “Qara Qarayev. Ailə portreti
interyerdə” mövzusunda sərgi də nümayiş
etdirildi.
Gecənin sonunda Dövlət
fortepiano triosunun (Səbinə İbrahimova, əməkdar
artistlər Töhfə Babayeva, Nərgiz Əliyarova),
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru, Əməkdar incəsənət
xadimi Ülviyyə Hacıbəyovanın, Akademik Opera və
Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədovanın,
Bülbül adına orta ixtisas musiqi məktəbinin
şagirdlərinin ifalarında dahi bəstəkarın əsərlərindən
parçalar səsləndirildi.
Lalə
Azəri
Mədənyyət.-
2013.- 8 fevral.- S. 4.