Xaricdə
turizm təhsilinin üstünlükləri
Avstriyanın Krems
Univesitetində bir semestr
təhsil alan tələbələr təəssüratlarını
bizimlə bölüşdülər
Həvva Kərimli və Nərgiz
Cəfərli Azərbaycan Turizm İnstitutunun turizm və hotelçilik fakültəsinin 3-cü kurs tələbələridir. Hər ikisi eyni zamanda
Avstriyanın Krems Universitetində təhsil
alır. Ötən semestri Avstriyada oxuyublar. Qeyd edək ki, bu tələbələrin bir
semestr boyu Avstriyada təhsil alması Turizm
İnstitutu ilə Krems
Universiteti arasında bağlanmış müqaviləyə
əsasən həyata keçirilən ilk
təcrübə idi.
Tələbələrlə görüşüb təəssüratlarını öyrəndik.
Həvva Kərimli: - Ötən il sentyabrın 6-dan bu il yanvarın 31-dək Avstriyanın Krems Universitetində təhsil aldıq. Krems kiçik bir şəhərcikdir, bu başından o başına piyada 10 dəqiqəlik yoldur. Əksər əhalisi yaşlı nəslin nümayəndələridir. Axşam saat 6-dan sonra bir dənə də açıq mağaza tapmaq mümkün deyil. Şənbə günü qısa iş günüdür, bazar günü isə ümumiyyətlə heç bir yer işləmir. Bu bizə bir qədər darıxdırıcı gəlirdi. Amma təhsil prosesi çox maraqlı idi.
Nərgiz Cəfərli:
- Biz orada tələbə
yataqxanasında qalırdıq. Universitetin özünün böyük
kampusu var. Bakıda bizə deyiləndə ki, orada yataqxanada
qalacağıq, doğrusu,
bir qədər çəkindim. Çünki sovet filmlərindən
gördüyüm yataqxana
şəraiti mənə
çox çətin
gəlirdi. Amma orada
bunun tam əksi ilə rastlaşdıq.
Qaldığımız yataqxana 5 mərtəbəli
bina idi. Hər mərtəbənin öz
mətbəxi, otaqlar geniş, rahat, hərəsinin vanna otağı və s.
- Universitetdə
digər tələbələrlə
necə anlaşırdınız?
Həvva Kərimli: - Universitetdə
oxumaqla bağlı çətinlik yox idi. Amma oranın tələbələri
ATİ-nin tələbələrindən
çox fərqlənirlər.
Məsələn, bizdə qrup
işi hazırlayanda çalışırıq bir-birimizə
kömək edək, başa düşmədiyi
məqamları yoldaşlarımıza
izah edək. Amma onlarda belə deyil. Bir-birinə kömək etmək yoxdur, kim
zəifdir, bu geriliyi özü aradan qaldırmalıdır.
Birincilik
uğrunda mübarizə
aparırlar. Amma
sonda nəticə yenə də qrupun adına
yazılır.
Nərgiz Cəfərli: - Bir tərəfdən götürəndə
bu, yaxşıdır.
Çünki rəqabət olmalıdır
ki, yaxşı nəticə də olsun. Amma biz millət olaraq
istiqanlı və mehribanıq deyə, ətrafımızda olanlardan
da bunu görmək
istəyirik.
- Qeyd etdiniz ki, Krems
şəhərinin əhalisinin
əksəriyyəti yaşlılardır.
Bunun səbəbi nədir?
Həvva Kərimli: - Krems qədim şəhər kimi UNESCO-nun siyahısına
daxildir. Burada sırf zadəgan
nəslindən olan kübar insanlar yaşayır. Yolla gedərkən
bir gənc insan gördükdə onun hər hansı
bir universitetin tələbəsi olduğunu
bilmək çətin
deyil. Bizim universitetdən başqa
orada Dunay adlı ikinci bir universitet də vardı. Gənclər isə əsasən
ölkənin böyük
şəhərlərində yaşayırlar.
Nərgiz Cəfərli: - Amma bir məqamı da qeyd edim
ki, Krems şəhəri sanki sırf tələbə həyatı üçün
nəzərdə tutulub.
Çünki Bakıda və
digər şəhərlərdə
gənclərin əlavə
məşğuliyyəti üçün
əyləncə vasitələri
çoxdur. Orda isə
kitabxana, universitet, yataqxana. Əyləncə vasitələri isə
şəhərdən kənardadır.
Bizim yeganə əyləncə
yerimiz qaldığımız
yataqxananın qarşısında
yerləşən restoran
idi. Orada bilyard salonu
vardı. Boş vaxtımız
olanda ora gedib bilyard oynayırdıq.
Bu da bizim
əyləncəmiz sayılırdı.
- Necə oldu Kremsdə təhsil almaq imkanı əldə etdiniz?
Nərgiz Cəfərli: - Bilirsiniz ki, ATİ-nin Krems Unversiteti ilə əməkdaşlıq
müqaviləsi var. Bu vaxta
qədər belə bir təcrübə yox idi. Rektorumuz Cəfər
müəllimə istəyimizi
bildirəndə bunu müsbət qarşıladı.
Krems Universitetinin Azərbaycan üzrə koordinatoru cənab Andreasla məsləhətləşib razılıq
əldə etdilər.
Təhsil haqqı institut
tərəfindən ödənildi.
Qalan digər xərcləri isə özümüz çəkdik.
- Avstriyada bir semestr təhsil
almaq üçün
nə qədər pul lazımdır?
Həvva Kərimli: - Normal şəraitdə
qida və yaşayış üçün
bir semestr ərzində 3 min avro kifayət edir. Amma biz boş vaxtlarımızda Avropanın başqa ölkələrinə gəzməyə
gedirdik. Təxminən 10 ölkəyə səyahət
etdik. Buna görə də 5 min avro xərcimiz çıxdı.
- Bəs dərslərdən bu səyahətlərə necə
vaxt ayırırdınız?
Həvva Kərimli: - Orada dərslər bizdəki kimi deyil. Hərdən elə olurdu ki, 3-4 gün, 1 həftə dərs olmurdu. İntensiv proqram tətbiq
edilir. Elə fənn var ki, semestrin axırına
qədər fasilələrlə
keçilir. Elə fənn
də var ki, müəllim gəlir, bir həftə davamlı dərslərini keçir,
həftənin axırında
isə imtahanımızı
veririk.
Nərgiz Cəfərli: - Yəni buradakı kimi, gündə hər fəndən 2 saat dərs keçilmir. Bir fənnin dərslərində
elə gün olurdu ki, 6-7 saat otururduq.
- Kəsildiyiniz
fənn oldu?
Nərgiz Cəfərli: - Bəli, oldu. Artıq həmin fənlərdən
təkrar imtahanlarımızı
verməyə hazırlaşırıq.
- Bunun üçün Kremsə
getməyə ehtiyac varmı?
Nərgiz Cəfərli: - Xeyr. Müəllimlər ordan materialları
göndərirlər. Biz
burada hazırlaşırıq.
İmtahanın suallarını cavablandırıb
həmin müəllimə
göndəririk.
Həvva Kərimli: - Bizdə sistem eyni olduğu
üçün biz onsuz
da Krems Universitetinin tələbələriyik.
Koordinatorlar vasitəsilə bütün
problemlər həll olunur.
- Dərslərin
keyfiyyəti, müəllimlərin
münasibəti, imtahanlara
yanaşma baxımından
Turizm İnstitutu ilə Krems Universitetinin fərqi varmı?
Həvva Kərimli: - Biz ora getməmişdən əvvəl
rektor Cəfər Cəfərov bizə demişdi ki, gördüyümüz fərqli
şeylərin hamısını
qeyd edək. Orada dərs proqramında elə bir fərq
olmadı. Çünki
burada artıq bir il onların proqramı ilə Krems qrupunda təhsil almışdıq.
Nərgiz Cəfərli: - Dərslərdə
və imtahanlarda ciddiliyə gəldikdə
isə, etiraf edim ki, ATİ-də qaydalar daha sərtdir. İmtahan zamanı boynunu azca döndərəndə
xəbərdarlıq edirlər.
Amma orda belə deyildi, bir qədər
sərbəstlik vardı.
Sadəcə, tələbələr bu sərbəstlikdən
sui-istifadə etmirlər.
Həvva Kərimli: - Biz burada milli qrupda da
təhsil alırıq.
Burada çatışmayan cəhət
odur ki, müəllim baxmır, sən bu fənni
praktikaya yönəldə
bilərsən, yoxsa yox. Müəllimin tələbi odur
ki, nəzəriyyəni
tələbəyə necə
yazdırıbsa, elə
də cavab alsın. Orada isə elə
deyil. Nəzəriyyə ilə yanaşı,
tələbənin öyrəndiklərini
praktikaya tətbiq edə bilməsinə çox diqqət edilir. Biz burada
Krems qrupunda müəllimlərimizin öyrətdiklərini,
təcrübə yönlü
biliklərimizi sərbəst
olaraq orada tətbiq edə bildik. İş həyatımızda bizdən
gəlib heç kim soruşmayacaq
ki, menecmentin əsasları fənni nəyi öyrədir. Bizdən idarəçiliyi soruşacaqlar
ki, hansı vəziyyətdə müəssisəni
necə idarə etmək olar. Praktikaya önəm verilməməsi
bizim institutda çatışmayan yeganə
cəhətdir. Bu baxımdan düşünürəm
ki, Krems qrupunda təhsil almaq bizim üçün
çox faydalıdır.
Nərgiz Cəfərli: - Sevindirici haldır ki, ATİ-də bu istiqamətdə
son vaxtlar irəliləyiş
var. Əvvəllər müəllimlər
dərsə gələndə
özləri ilə sırf nəzəri
material gətirirdi. İndi dekanlığın
qərarına əsasən
ilin əvvəlində
tələbələrə silabus verilir. Tələbə bilir ki, dərsdə nə keçiləcək. Ona uyğun
da evdə hazırlaşır. Başa düşmədiklərini
qeyd edir. Dərsə gələndə isə onları müəllimdən
soruşur. Bizim fikrimizcə,
bu daha keyfiyyətli
tədrisdir. ATİ yeni yaradılmış bir təhsil müəssisəsidir. Təbii ki,
çatışmazlıqlar olacaq. Əsas olan odur ki, burada təhsili
Avropa təhsil sisteminə uyğunlaşdırmağa
çalışırlar. Eyni zamanda burada
şəffaflıq var. Heç
kəs tanış
vasitəsilə, başqa
yolla qiymət ala bilməz. Burada yalnız biliyə
üstünlük verilir.
Kremsin məzunları Azərbaycanın ən böyük hotellərində
işləyirlər
Qeyd edək ki, indiyə qədər
ATİ-də Krems qrupunun 57 məzunu olub. Onların əksəriyyəti Azərbaycandakı ən böyük hotellərdə
çalışır. Bu məzunlardan xarici ölkələrdə fəaliyyət
göstərənlər də
var. Onlardan biri Azərbaycan Turizm İnstitutunun Məzunlar Assosiasiyasının sədri,
hazırda «Fairmont Baku» hotelinin
satış departamentinin
rəhbəri vəzifəsini
icra edən İlkin Rüstəmovdur.
İlkin bizimlə söhbətində Krems Universitetində təhsil almağın üstünlüklərindən danışdı. Onun sözlərinə görə, Krems Universitetində əldə etdiyi biliklərin, oradan öyrəndiyi nəzəri məlumatların bəhrəsini hazırda iş həyatında görür və gündəlik fəaliyyətində hiss edir: «Məsələn, bazar araşdırmasının aparılması, potensial müştərilərlə əlaqənin qurulmasının əsasları, onların marketinq strategiyaları, turizm hədəflərinin seqmentlərinin müəyyən edilməsi, ona uyğun məhsulun təqdim olunması, bizim təklif etdiyimiz xidmətlərdə müştərinin tələbatlarına uyğun dəyişikliklərin edilməsi, qiymət siyasəti və s. barədə biliklər bizə Krems Universitetində öyrədilib. Tam səmimi deyirəm ki, orada öyrəndiklərimi bu gün işimdə birbaşa olaraq tətbiq edə bilirəm. Düzdür, Turizm İnstitutu da çox yaxşı təhsil verir. Amma nəzərə almaq lazımdır ki, burada təhsil Azərbaycan dilindədir. İngiliscə təhsil almağın bir çox üstünlükləri var. Beynəlxalq turizmdə işlədilən terminləri birbaşa ingiliscə öyrənirik. Hazırda Azərbaycanda fəaliyyət göstərdiyimiz brend hotellərin menecerləri də bu terminləri ingilis dilində istifadə edirlər. Bu da bizim üçün rahatdır. Üstəlik, Krems Universitetinin məzunları dünyanın hansı ölkəsində istəsə, oradakı hotellərdə rahat çalışa bilər».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 8 fevral.- S. 9.