Atalar sözləri və xalq məsəllərinə etnoqrafik baxış

 

   Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın “Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində” adlı kitabı çapdan çıxıb. Muzeyin Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru tarix elmləri doktoru Fəzail Vəli İmranoğlu, rəyçilər filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və tarix üzrə fəlsəfə doktoru Baba Tofiqdir.

   Kitabda Azərbaycan etnoqrafiyasının maddi mədəniyyət, sənətkarlıq, təsərrüfat məişəti problemləri haqqında söylənilən atalar sözləri və xalq məsəllərinin birbaşa deyim-duyum məqamı, eyni zamanda etnoqrafik duyum-yozum kontekstində mənası tədqiq edilib. Qeyd olunur ki, xalq deyimləri və duyumlarının etnoqrafik duyum-yozum kontekstində məna tutumu olduqca ibrətamizdir. Dərin məna və məzmun qatları ilə süslənən, xalqın ibtidai düşüncə və analitik təfəkkürünün süzgəcindən keçərək saflaşan, min bir hikmət təlqin edən xalq deyimləri ağızdan-ağıza ötürülərək gəlib bu günümüzə çatıb. Onların həmişəyaşar qalması xalqın zəngin irsə sahib çıxması və onun gələcək nəsillərə olduğu kimi çatdırmasından çox asılıdır.

  

 

   S.Fərəcov

 

  Mədəniyyət.- 2013.- 13 fevral.- S. 14.