Yazıçı Elçin Hüseynbəyli ilə görüş

 

   “Firuzə qaşlı xəncər” müzakirə olunub

  

   Fevralın 8-də Bakının Xətai rayonundakı Heydər Əliyev adına liseydə yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli ilə görüş keçirilib.

 

   Tədbirdə yazıçının 5-ci sinfin “Ədəbiyyat” dərsliyində yer almış “Firuzə qaşlı xəncər” hekayəsinin müzakirəsi olub.

   Xocalı qətliamından bəhs edilən əsərdə Zeynəb adlı gəlinin körpə balasını erməni qəsbkarlarından qoruması, qarlı meşələrdən keçərək öz yaxınlarına qovuşması təsvir olunur. Zəngin ədəbi dilə malik əsər rəvan təhkiyə üstündə qurulmuş və Xocalı faciəsini tam gerçəkliyi ilə əks etdirib.

   Liseyin direktoru Fikrət Xəlilov, direktor müavini İradə Əsgərova, Xocalıdan məcburi köçkün olan dil-ədəbiyyat müəllimi Zülfüqar Qəribov və başqaları çıxış edərək hekayənin bədii ifadə və dil xüsusiyyətlərindən, yazıçının yaradıcılığından söhbət açıblar. E.Hüseynbəyli ilə şagirdlər arasında gedən dialoqda söhbətin əsasını yazıçının uşaqlıq illəri və Qarabağ mövzusu təşkil edib. Sonda yazıçı şagirdlərlə xatirə şəkli çəkdirib.

 

   

     Mədəniyyət.- 2013.- 13 fevral.- S. 13.