Moskvada təqdimat

 

   Fevralın 8-də Moskvanın M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında ölkəmizin Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilati dəstəyi ilə tanınmış rusiyalı tarixçipublisist Rudolf İvanovun “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabının təqdimatı keçirilib.

  

   Tədbiri Moskvadakı “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin prezidenti Tofiq Məlikli açaraq bildirib ki, yalnız faktlara, arxiv materiallarına əsaslanan kitab XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycan və Rusiya tarixini tamamilə yeni rakursdan təqdim edir.

   Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu görkəmli alimin Azərbaycan tarixi üçün böyük işlər gördüyünü nəzərə çatdıraraq müəllifin yeni kitabının tarixi həqiqətlərin dünya birliyinə çatdırılmasında əhəmiyyətini qeyd edib: “Düşünürəm ki, bu kitab Rusiya siyasətçiləri üçünçox əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda maraqları olan hər bir dövlət həm də bu regiona görə məsuliyyət daşıyır”.

   Səfir xatırladıb ki, Rudolf İvanovun Azərbaycan tarixi həqiqətlərinin üzə çıxarılmasında əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Prezident İlham Əliyevin sərəncamı ilə tarixçi alim Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə “Dostluqordeni ilə təltif edilib.

   Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktoru Yekaterina Geniyeva qeyd edib ki, “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabı çox dərin elmi əsərdir. Çünki zəmanəmizin mürəkkəb, ziddiyyətli, hətta ağrılı məqamlarını düzgün anlamaq üçün keçmişi, tarixi yaxşı bilmək lazımdır.

   Kitabın müəllifi Rudolf İvanov çıxışında Azərbaycana sevgisini dilə gətirib: “Bu ölkə dünyaya əfsanəvi generallar, istedadlı insanlar bəxş edib. Məmnunam ki, mən insanlara tarixin yeni səhifələrini təqdim edirəm”.

   O, kitabın nəşrində göstərilmiş dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. Müəllif kitabın yazılmasında Rusiya arxivlərinin fondlarındakı materiallardan və digər mənbələrdən istifadə etdiyini deyib. Kitaba ön sözü yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova yazıb.

 

 

   Mədəniyyət.- 2013.- 13 fevral.- S. 13.