Xatirələrdə
yaşayacaq gün
Yaxşı ki, yaxşılar daim anılır...
Bu yaxınlarda Azərbaycan Milli İncəsənət
Muzeyində istedadlı
pedaqoq və peşəkar pianoçu,
sənətşünaslıq elmləri namizədi, Mədəniyyət və
İncəsənət Universitetinin
musiqi fənləri və dirijorluq kafedrasının müdiri,
Bakı Musiqi Akademiyasının professoru
Aytəkin Həsənovanın
xatirəsinə həsr
olunmuş anım gecəsi keçirildi.
Tədbirə tanınmış incəsənət xadimləri,
Aytəkin xanımın
doğmaları, sənət
dostları, sevimli tələbələri toplaşmışdı.
Azərbaycan və Avropa
bəstəkarlarının klassik əsərlərinin
səsləndirildiyi, gözəl
ifalarla tərtib olunmuş xatirə gecəsi hərarətlə
qarşılandı.
Zalın yuxarı başında,
royalın yanında Aytəkin xanımın gül çiçəkləri
ilə əhatə olunmuş portreti çox canlı və təsirli idi. O sanki xəfif təbəssümü
ilə gələn qonaqları salamlayır, minnətdarlıq bildirirdi.
Hələ bir ay əvvəl
anım gecəsinə
dəvətli olduğumdan,
solo ifamla çıxış
edəcəyimi bildiyimdən,
məşqlərə böyük
məsuliyyətlə yanaşmış,
tədbirə bu xanımın ruhuna dərin hörmət və məhəbbətlə
gəlmişdim. Həyatda onu
və ailəsini şəxsən tanıdığımdan,
dəfələrlə müxtəlif
məclislərdə yaxın
ünsiyyətdə olduğumdan,
onun necə sadə, səmimi və mehriban bir insan, sevimli
həyat yoldaşı,
diqqətcil ana, qayğıkeş nənə
və daha bir çox müsbət xüsusiyyətlərinin
şahidi olmuşam.
Təvazökar, sadə
təbiətli bu xanım eyni zamanda işində çox dəqiq, çalışqan, istedadlı
pianoçu və gözəl pedaqoq idi... Anım gecəsində onun
ünvanına söylənən
xoş sözlər, xatirələr bunu bir daha sübut
etdi.
Gecəni sənətşünaslıq elmləri namizədi, BMA-nın professoru, Əməkdar incəsənət
xadimi Zümrüd xanım Dadaşzadə açdı. Çox məzmunlu,
əhatəli çıxışında,
o, Aytəkin xanımla
bağlı gənclik
və tələbəlik
xatirələrini tədbir
iştirakçıları ilə bölüşdü,
rəfiqə-həmkar münasibətlərini
tam dolğunluğu ilə
dilə gətirdi.
Onun yüksək insani keyfiyyətlərindən, peşəkarlıq
qabiliyyətindən danışdı.
Zümrüd xanım çıxışında
qeyd etdi ki, Aytəkin Həsənova Azərbaycanın
musiqi mədəniyyətində
özünəməxsus yer
tutmuş, fəaliyyəti
dövründə bir
çox konsertlərdə
və dövlət səviyyəli tədbirlərdə
peşəkar pianoçu
kimi çıxış
etmiş, pedaqoq kimi onlarla gənc
istedadın yetişməsində
əvəzsiz rol oynamışdır. O, eyni
zamanda fortepianonun tədrisi metodikasının
təkmilləşməsində, 30-dan artıq dərsliyin, Azərbaycan və dünya klassiklərinin əsərlərinin daxil olduğu müntəxəbatın
işıq üzü
görməsində Aytəkin
Həsənovanın böyük
xidmətini də tədbir iştirakçılarının
nəzərinə çatdırdı.
Xatirə gecəsinin təşkilində
və maraqlı keçməsində Əməkdar
incəsənət xadimi,
bəstəkar-pianoçu Ülviyyə
xanım Hacıbəyovanın
zəhmətini də
qeyd etmək lazımdır.
Anım gecəsində mən
və digər ifaçılar öz çıxışımızla Aytəkin xanıma qəlbimizdən gələn
hüzn və məhəbbəti elə
tərənnüm etdik
ki, bütün auditoriya duyğulanaraq, bu vəhdətdən doğan sevgini öz hərarətli alqışları ilə
tamamladılar. Tədbirin
sonunda Aytəkin xanımın portreti yanında xatirə şəkilləri çəkildi
və ruhuna rəhmət oxundu...
Mən bir daha o qənaətə gəldim
ki, yaxşı insanlar öz amalı və əqidəsinə uyğun
yaşayıb-yaradaraq, özlərindən
sonra həyatda nümunəvi iz qoyub gedirlər. Və ömürlərinin Tanrı
tərəfindən bəxş
olunan zaman kəsiyinin qədərindən
(qısa və ya uzun olmasından)
asılı olmayaraq, öz dəyərli əməlləri ilə həyatı daha maraqlı və mənalı edərək
qəlblərdə yuva
qururlar. O gecə
mənim hafizəmdən
heç vaxt silinməyəcək, xatirəmdə
daim yaşanacaq bir gün kimi
qaldı...
Aygün Zeynalova,
Əməkdar artist, beynəlxalq
müsabiqələr laureatı
Mədəniyyət.- 2013.- 13 fevral.-
S. 12.