Gənclər Fondundan yaradıcılıq layihələrinə dəstək

 

   Fərhad Hacıyev: “Qısa müddət ərzində gənclərin etimadını qazana bilmişik

  

   Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Gənclər Fondu müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verir. Fondun icraçı direktoru Fərhad Hacıyev bu mövzuda suallarımızı cavablandırdı. Həmsöhbətimiz öncə Gənclər Fondunun birinci qrant müsabiqəsinin nəticələrindən danışdı:

  

   - Fondun ilk qrant müsabiqəsi beş kateqoriya üzrə elan edilmişdi. İl ərzində yüzlərlə gənc və gənclər təşkilatları müxtəlif ideyalarla, təkliflərlə Fonda müraciət edərək maliyyə dəstəyi alıb. Maliyyələşdirdiyimiz layihələrin bir qismi başa çatıb, digər hissəsi isə davam etməkdədir. Hesab edirəm ki, fəaliyyətinin ilk ilini geridə qoyan Fond qısa müddət ərzində gənclərin etimadını qazana bilib. Ölkə başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Gənclər Fondunun Prezident yanında fəaliyyət göstərməsi isə qurumun işinə və ümumiyyətlə Azərbaycan gənclərinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir.

   - Qeyd etdiyiniz beş kateqoriya özündə hansı istiqamətləri əks etdirir?

   - Müsabiqə şərti olaraq “A”, “B”, “C”, “D” və “E” kateqoriyalarını əhatə edir. “A” yerli, “B” beynəlxalq, “C“ yaradıcı gənclərə dəstək, “D” gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakına dəstək və “E” xarici ölkə gənclərinin Azərbaycana dair tədqiqat layihələrinə dəstək kateqoriyalarıdır. Birinci kateqoriya üzrə biz regionlarda gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlərin inkişafına, region gənclərinin sosial-ictimai fəallığının yüksəlməsinə dəstək verməyə çalışdıq. Bu kateqoriya üzrə təqdim olunan layihələrdə əsas istiqamət kommunikativ vasitələr, yeni media və gənclər, liderlik məktəbləri, gənc liderlərin yetişdirilməsi, gənc kadrların peşəkarlığının artırılması və gənclərdə menecment bacarıqlarının inkişafı və ekoloji maarifləndirmə idi. “B” kateqoriyası üzrə Azərbaycanda xarici ölkələrin (minimum 5 ölkədən iştirakçı və 2 xarici QHT tərəfdaş olmaqla) gənclərinin iştirakı ilə keçirilən tədbirlər, konfranslar, forumlar, həmçinin xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə keçirilən tədbirlər nəzərdə tutulur. Üçüncü kateqoriya üzrə gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə layihələr qəbul edilirdi. Buraya yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, animasiya və bədii filmlər, gənc ixtiraçılar və xüsusi istedadlara malik olan gənclərə dəstək layihələri daxildir. Digər “D” və “E” kateqoriyalarına gənclər il boyu müraciət edə bilərlər. “D” kateqoriyası gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsini, “E” kateqoriyası isə yalnız xarici ölkə gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsini nəzərdə tutur. Müsabiqəyə 172 təşkilat və 83 fərdi şəxsin verdiyi layihə təkliflərindən “A” kateqoriyası üzrə 104, “B” kateqoriyası üzrə 16, “C” kateqoriyası üzrə isə 9 layihə seçildi.

   - Layihələrin qiymətləndirilməsi hansı prosedur əsasında aparılır?

   - Fondun fəaliyyətinə ümumi nəzarəti Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurasında müvafiq dövlət orqanları və gənclər təşkilatlarının nümayəndələri təmsil olunurlar. Müsabiqə zamanı daxil olan layihə təklifləri və müraciətlər bu qurum tərəfindən qiymətləndirilir.

   - Yaradıcı gənclərin təşəbbüskarlığını necə qiymətləndirirsiniz?

   - Dövlətimiz çalışır ki, bu gün yaradıcı gənclərin inkişafı üçün müəyyən baza formalaşsın. Respublikamızda yaradıcı, düşüncəli gənclərin sayı kifayət qədərdir. Təbii ki, Azərbaycan dövləti hər zaman yaradıcı gənclərin yanındadır və onların bu yolda formalaşmasına dəstək göstərir. Gənclərin yaradıcılığını mədəniyyət və incəsənətin müxtəlif sahələrində görmək mümkündür. Gənclər Fondunun məhz yaradıcı gənclər üçün fəaliyyət göstərən “C” kateqoriyası ölkəmizdə ilk dəfə olaraq fərdi qaydada gənclərə dəstək olub, onların ideyalarını, təkliflərini həyata keçirmələrinə köməklik göstərib. Bunlar “Sən tək deyilsən!”, “Gənclik-Yaradıcılıq-İnkişaf”, “Soyqırımı gənc rəssamların gözü ilə”, “Gəncliyə Yardım Proqramı”, “Ədəbiyyat Şəbəkəsi”, “Gülərüzlü Azərbaycan”, “Azerbaijan: Visual Concert” və s. layihələr olub. Müxtəlif istiqamətləri əhatə edən bu layihələr uğurla yekunlaşıb.

   “Yaradıcılıq-inkişaf düşərgəsi” yaradıcı gəncləri bir araya toplayaraq onların fikir və təcrübə mübadiləsi aparmalarına kömək edib. “Soyqırımı gənc rəssamların gözü ilə” fotosərgisində isə tarixi həqiqətlərimiz gənc rəssamlar tərəfindən ictimaiyyətə çatdırılıb. “Gülərüzlü Azərbaycan” layihəsi çərçivəsində gənc fotoqraflar tərəfindən gənclərin pozitiv fotoşəkillərindən ibarət kataloq hazırlanıb. “Azerbaijan: Visual Concert” layihəsi İtaliyadaAvropada Azərbaycan musiqisinin və mədəniyyətinin təbliğini özündə əks etdirib.

   - Təqdim olunan layihələrdə turizmlə bağlı təşəbbüslər olubmu?

   - Turizmlə bağlı layihələr “A” kateqoriyasında, yəni yerli layihələrdə qəbul olunur. Birbaşa turizmin inkişafını və təbliğini əhatə edən layihələr sırasında “Gənc ailələrin kənd turizminə dəstəyi”, “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması”, “Şahdağ ekoturizm məktəbi” kimi layihələri misal göstərə bilərəm. Bundan əlavə, bilavasitə Azərbaycan regionlarının təbliğinə yönəlmiş turizm istiqamətli digər layihələr də icra edilib.

   - Müsabiqədə region gəncləri nə dərəcədə fəallıq göstərib?

   - İlk müsabiqədə regionlardan olan gənclərin fəal olmasını, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılmasını əsas istiqamətlərdən biri kimi götürdük. Regionlardakı gənclərin layihələrə cəlb olunması ilə yanaşı, onlardan gələn təkliflər də qiymətləndirildi, lazımi dəstək göstərildi. Bir məqamı da vurğulayım ki, ilk qrant müsabiqəsində maliyyələşən layihələrin 70 faizi regionlardan olan təşkilatlar və gənclər tərəfindən irəli sürülüb. Fəaliyyətimizdə ölkənin 46 bölgəsi əhatə olunub. İnanıram ki, hazırda davam edən müsabiqədə digər bölgələrin də gənclərini aktiv görə biləcəyik.

   - Ümumiyyətlə, gənclərin ölkənin mədəni həyatında aktivliyi sizi qane edirmi?

   - Azərbaycan gəncliyi cəmiyyətdə müxtəlif sahələrdə təmsil olunur. Gənclər sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Bu gün böyük fəxrlə demək olar ki, müasir Azərbaycan gəncliyi ölkəmizin tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilib, müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi, ölkəmizin dünyada tanıtdırılması və təbliğatının aparılması prosesində də yaxından iştirak edir.

   Mədəniyyətin müxtəlif sahələrində də gənclərimiz istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə uğurları ilə bizi sevindirirlər. Beynəlxalq musiqi yarışlarında, rəsm sərgilərində gənclərimiz tez-tez iştirak edir və nailiyyətlər qazanırlar. Həmçinin Azərbaycan mətbəxinin, ədəbiyyatının, incəsənətinin təbliğində məhz gənclərin fəallığı və təşəbbüskarlığı göz önündədir və bu fəaliyyətlər öz bəhrəsini verir.

   - Xaricdə fəaliyyət göstərən gənclər təşkilatları ilə əməkdaşlıq hansı səviyyədədir?

   - Gənclər Fondu Avropanın bir sıra gənclər təşkilatları, Avropa Gənclər Fondu ilə əməkdaşlıq edir, müxtəlif layihələrin icrasında, konfranslarda, seminarlarda, forumlarda onlarla birgə fəaliyyət göstərir. Fond ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı təmsil edirinformasiya mübadiləsində fəal iştirak edir. Məsələn, ötən il Bakıda keçirilən “Sərhədsiz gənclər əməkdaşlığı” beynəlxalq forumu çərçivəsində Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb.

   - Fondun davam etməkdə olan ikinci qrant müsabiqəsində hansı yeniliklər var?

   - İkinci müsabiqədə kateqoriyalar əvvəlki kimi qalsa da, istiqamətlərə dəyişikliklər olunub. Yerli, beynəlxalq və digər layihələrdə yeni istiqamətlər üzrə layihələrin qəbulu təklif edilib. Məsələn, bu təkliflərə xaricdə yaşayan azərbaycanlı kreativ gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində olan layihələrinə dəstək olmaq, xaricdə olan ictimai-fəal, istedadlı və yaradıcı əcnəbi gənclərin Azərbaycanda təşkil olunan tədbirlərdə iştirakını təmin etmək, səfərləri qismən maliyyələşdirmək və s. daxildir. Yeni istiqamətlərdə həmçinin elmi-texniki tərəqqi, animasiya və filmlərlə bağlı layihələr və intellektual gənclərin təşəbbüslərinə dəstək layihələri də yer alıb.

   - Fondun gələcək planları ilə bağlı nə deyə bilərsiniz?

   - Gənclər Fondu önümüzdəki ildə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha genişmiqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlarla bağlı müsabiqələr, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Bundan əlavə, bölgələrdə fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət göstəriləcək. Fond virtual məkanda da fəaliyyətini genişləndirməyi planlaşdırır. Hazırda Fondun saytında 330 qeyri-hökumət təşkilatı və 275 fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə fondun səhifələri minlərlə gənc tərəfindən izlənilir. Bir neçə gündən sonra ikinci qrant müsabiqəsinə yekun vurulacaq. Fürsətdən istifadə edib mədəniyyət və turizm sahəsində təhsil alan, fəaliyyət göstərən gəncləri müsabiqədə fəal iştiraka çağırıram.

  

 

      Ceyhun Zərbəliyev

 

      Mədəniyyət.- 2013.- 13 fevral.- S. 11.