Turizm siyasəti, planlaşdırması və
idarəçiliyi
Mədəniyyət
və turizm şöbələri və turizm informasiya mərkəzlərinin
rəhbərləri üçün seminar-treninqlər
başa çatıb
Xəbər
verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,
Azərbaycan Turizm İnstitutunun (ATİ) təşkilatçılığı
ilə fevralın 4-dən 8-dək bu təhsil ocağında
rayon (şəhər) mədəniyyət və turizm
şöbələri (idarələri) və turizm informasiya mərkəzlərinin
rəhbərlərindən ibarət heyət üçün
seminar-treninq keçirilib. «Turizm siyasəti, planlaşdırması
və idarəçiliyi» mövzusunda seminarın sonunda
iştirakçılara sertifikatlar verildi.
Yekun tədbirdə
çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov
bildirdi ki, treninqdə verilən məlumatlar bundan sonra
rayonlarda turizmin inkişafı istiqamətində görüləcək
işlər üçün bir əsas olacaq: «Görəcəyimiz
işlər çoxdur. Bu baxımdan rayon mədəniyyət
və turizm şöbələrinin üzərinə
böyük məsuliyyət düşür. Turistlərə
yerli əhali və müvafiq qurumlar tərəfindən
mehriban, qonaqpərvər münasibətin göstərilməsi
vacib məqamdır. Hamımız başa düşməliyik
ki, hər bir turist ölkənin büdcəsinə müəyyən
qədər xeyir verir və bu da nəticə etibarilə
ümumi rifaha töhfədir. Bizim kursların da məqsədi
mədəniyyət və turizm şöbələrinin,
turizm informasiya mərkəzlərinin rəhbərlərini bu
istiqamətdə məlumatlandırmaqdır. Onlar da öz
növbəsində əhalinin maarifləndirilməsi işini
qurmalıdır».
Rektor bildirdi ki, bu istiqamətdə
kurslar davamlı olacaq. Aprel ayında rayon şöbələri
və turizm informasiya mərkəzləri rəhbərləri
üçün ikinci birhəftəlik təlimlər nəzərdə
tutulur.
Sonra treninq
iştirakçısı olan 28 nəfərə Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun birgə
sertifikatları təqdim edildi. Onlardan 22 nəfər mədəniyyət
və turizm şöbələri, 6 nəfər isə
turizm-informasiya mərkəzlərinin rəhbərləridir.
İştirakçılar kursları yüksək dəyərləndirirlər
Seminar-treninqin yekunları ilə
bağlı təəssüratlarını öyrənmək
üçün iştirakçılardan bir neçəsi
ilə həmsöhbət olduq.
Xaçmaz Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Nazim Ağayev son illər
ölkəmizdə turizmin inkişafına böyük diqqət
göstərildiyini bildirərək belə treninq və
kursların əhəmiyyətini vurğuladı: “Turizmin təşkili,
bu sahədə yeniliklərin öyrənilməsi vacibdir. Bu
baxımdan belə kursların təşkili təqdirəlayiqdir.
Beş gün müddətində ATİ-nin əməkdaşları
bizə çox maraqlı və lazımlı məlumatlar
verdilər. Burada eşitdiyim və əldə etdiyim məlumatlar
mədəniyyət və turizm şöbəsinin müdiri
kimi bu sahədə mənim fəaliyyətimə kömək
edəcək. Seminar çox yüksək səviyyədə
təşkil olunmuşdu. Turizmin təşkili, xidmət,
dünya turizmi, turistlərə tarixi-mədəni abidələrin
təqdim edilməsi, onları bölgələrə necə
cəlb etməklə bağlı mövzular mənim
üçün maraqlı idi. Turist rayona təkcə istirahət
etmək üçün gəlmir. Onları müxtəlif
tarixi-mədəni yerlərə aparmaq, onlar üçün
maraqlı tədbir təşkil etmək, bölgələrimizin
zəngin folkloru, xalq sənətkarlığı barədə
məlumatlar vermək lazımdır. Turistlər buna
böyük maraq göstərirlər. Bizim rayonda müxtəlif
millətlərin nümayəndələri yaşayır,
öz folkloru, adət-ənənələri var. Bu zənginliyin
təqdimatı ilə bağlı tədbirlər təşkil
edə bilərik. İstirahət mərkəzlərinin rəhbərlərinə
tövsiyə etmək olar ki, kəndlərə turist
marşrutları təşkil etsinlər, o kəndlərin
özünəməxsus adətləri ilə gələn
qonaqları tanış etsinlər. Bu baxımdan mən bu
kursları yüksək qiymətləndirirəm. Hesab edirəm
ki, bu tipli kurslar turizm fəaliyyəti ilə məşğul
olan müəssisələrin əməkdaşları
üçün də təşkil olunacaq».
Zaqatala Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Zümrüd
Ağakişiyeva deyir ki, Azərbaycanda digər sahələrlə
yanaşı, turizm sahəsinin də inkişaf etdirilməsi
üçün son illər müxtəlif layihələr həyata
keçirilir: «Bu inkişaf ölkəmizin turizm potensiallı
rayonu olan Zaqatalada da özünü göstərir. Rayonda Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyi və ATİ-nin təşkilatçılığı
ilə ildə bir neçə dəfə turizm sahəsində
peşəkar kadrların hazırlanması məqsədilə
seminarlar, treninqlər təşkil edilib. Turizm İnstitutunda
reallaşdırılan bu seminarın əhəmiyyətini isə
xüsusi qeyd etmək istəyirəm. Burada bölgələrimizin
turizm imkanlarının tanıdılması ilə
bağlı, eyni zamanda da bu sahədə olan biliklərin
sistemləşdirilməsi istiqamətində
aldığımız məlumatlar bizə kömək oldu.
Treninqlər zamanı müxtəlif mövzularla bağlı
fikirlərimizi bölüşdük. İstərdik ki, gələcəkdə
bu səpkidə təşkil edilən kurslarda nəzəri
biliklərin verilməsi ilə yanaşı, praktiki işlərə
də diqqət yetirilsin. Ölkəmizin turizm məkanları,
regionlarda turizm informasiya mərkəzlərinin, muzeylərin
işi ilə birbaşa tanışlıq, hesab edirəm ki,
daha yüksək nəticə verərdi».
Həmsöhbətimiz bir məlumatı
da diqqətə çatdırdı ki, Mədəniyyət və
Turizm Nazirliyinin “Xalq yaradıcılığı
paytaxtları” proqramı çərçivəsində
Zaqatala 2013-cü il üçün «Azərbaycanın folklor
paytaxtı» elan edilib və bu yaxınlarda bununla bağlı rəsmi
təqdimat keçiriləcək: “İl ərzində
Zaqatalada bu istiqamətdə görüləcək işlərlə
bağlı tədbirlər planı hazırlanıb.
Rayonumuzun zəngin folklor irsi var. Onun araşdırılıb
üzə çıxarılması və bütün Azərbaycanda
təbliğ edilməsi istiqamətində işimizi yüksək
səviyyədə qurmağa çalışacağıq».
«Seminar-treninqdə eşitdiyimiz bir
çox məsələlər bizim üçün yeni idi.
Məsələn, müəssisələrarası
sığortanın həyata keçirilməsi çox vacib
və aktualdır». Bunu isə Şəki Turizm İnformasiya Mərkəzinin
direktoru Nəsib İmaməliyev dedi. Onun sözlərinə
görə, yerlərdə fəaliyyət göstərən
turizm müəssisələrinin rəhbərləri də
belə kurslara cəlb olunmalıdır: «Çünki əməkdaşlıq
qarşılıqlı olmalıdır. Onlar da bilməlidir
ki, mədəniyyət və turizm sahəsində
çalışan insanların bir-biri ilə anlaşması,
onların əməkdaşlıq etməsi hər iki tərəf
üçün sərfəlidir. Burada ziyan görən tərəf
yoxdur. Hər hansı bir mehmanxananı və yaxud istirahət
mərkəzini açmaqla iş bitmir. Burada kadr məsələsi,
əlaqələrin qurulması və s. önəmli rol
oynayır. Bunlar gələcəkdə həmin regionda turizmin
inkişafına müsbət təsir göstərməklə
bərabər, rayonun iqtisadi inkişafına da təkan verir.
Bu baxımdan belə kursları yüksək qiymətləndirirəm».
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova da həmkarları ilə eyni fikirdədir: «Mədəniyyət və turizm sahələri bir strukturda birləşdirildikdən sonra turizm işinin qurulması ilə bağlı bizə belə geniş məlumatlar verilməmişdi. Biz bu günlər ərzində çox şeylər öyrəndik. Treninqlər zamanı dünyada və Azərbaycanda turizmin inkişafı və gələcək perspektivləri, ölkəmizin bölgələrində bu sahəyə hansı tərəfdən yanaşma, turizm müəssisələri ilə əlaqələrin qurulması və s. istiqamətdə verilən məlumatlar iştirakçılar üçün çox əhəmiyyətli oldu. Təşkilatçılara təşəkkür edirəm».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 13 fevral.-
S. 9.