“Daş
yuxular” sənət aləmində nifrət doğurub
Teatr kollektivləri bədnam
yazıçının üzdəniraq əsərinə
etiraz edirlər
Yazıçı Əkrəm Əylislinin
Rusiyanın “Drujba narodov” jurnalında dərc olunan “Daş
yuxular” romanı bütün ölkə ictimaiyyətində
olduğu kimi, sənət dairələrində, teatr aləmində
də kəskin etiraz və dərin təəssüf hissi
doğurub. Azərbaycan xalqının tarixini təhrif
edən, xalqın antihumanist obrazını
formalaşdırmağa cəhd göstərən müəllifin
bu əsərində Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin mahiyyəti
saxtalaşdırılaraq, uzaq və yaxın tarixi
keçmişimizə qara yaxılmış, münaqişə
nəticəsində doğma
yurdlarından didərgin düşən bir milyondan çox
soydaşımızın mənliyi təhqir edilmişdir. Əkrəm
Əylislinin Azərbaycan yazıçısına və azərbaycanlı
adına yaraşmayan bu hərəkətinə etiraz olaraq bir
sıra teatr kollektivlərindən redaksiyamıza müraciətlər
daxil olub. Onları təqdim edirik.
Əkrəm Əylisli Azərbaycan
xalqına və türk dünyasına xəyanət edib
Əkrəm Əylislinin “Daş yuxular” adlı romanını geniş ictimaiyyət kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi də narazılıq və qəzəblə qarşılayır. Teatr Azərbaycan yazıçılarından milli və bəşəri dəyərləri ehtiva edən, insanların problemlərini hərtərəfli işıqlandıran əsərlər gözlədiyi bir vaxtda Əkrəm Əylisli birtərəfli, xalqımızı şərləyən, bədii cəhətdən sönük, siyasi mövzulu bir əsərlə diqqəti çəkməyə, gündəmdə qalmağa çalışır.
Əkrəm Əylisli “Daş yuxular” romanında bilərəkdən həqiqətləri təhrif edib. Bu romanda Azərbaycan xalqı təhqir edilir və ermənilər əzabkeş millət kimi təqdim olunur. Yazıçının belə bir dönük mövqe tutmasının səbəbi isə aydın deyil. Əkrəm Əylisli bu romanı yazmaqla nəyi hədəfləyir? O, hansı “həqiqətin” axtarışındadır? Azərbaycanlıların erməniləri qırdığını iddia etməklə, öz millətini və dinini aşağılamaqla nəyə nail olmaq istəyir? Məgər 75 yaşlı Əkrəm Əylisli ermənilərin millətimizin başına açdığı oyunlardan, qadınlara, qocalara, körpələrə belə rəhm etmədən amansız qətllər törətməsindən, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvasından, dədə-baba torpağından didərgin düşərək, çadır şəhərciklərində köçkün həyatı yaşamasından bixəbərdirmi? Məgər Əkrəm Əylisli bilmirmi ki, Azərbaycan torpaqlarının 20 faizindən artığı bu gün düşmən tapdağı altındadır? Bütün bunları bilə-bilə, belə bir roman yazmaq və Azərbaycanlıları vəhşi, barbar, erməniləri isə günahsız, əzabkeş insanlar kimi təqdim etmək tolerantlıq yox, haqqı danmaqdır.
“Daş yuxular”ın gündəmə gəlməsi Əkrəm Əylislinin Azərbaycan xalqına və bütövlükdə türk dünyasına xəyanəti deyilmi!? Yazıçı borulara doldurularaq məhv edilən uşaqlarımızı, kürəklərinə qaynar samovar bağlanan qadınlarımızı, divara mıxlanan gənclərimizi, döşləri kəsilən gəlinlərimizi, süngüyə keçirilən körpələrimizi niyə belə tez unutdu?! Yoxsa onlardan xəbərsizdirmi?
Sənətkarın, o cümlədən, yazıçının vəzifəsi həqiqəti hərtərəfli işıqlandırmaqdır. Hər bir sənətkar söz, düşüncə azadlığına malikdir. Amma oxucu da yazıçının sözünü, əsərini qəbul edib-etməməkdə azaddır. Bu cəhətdən hər bir qələm sahibi, yaradıcı insan özünə məsuliyyətlə, qələminə vicdanla yanaşmalıdır. Azadlıq, demokratiya məsuliyyətsizlik demək deyil. Əksinə, yaradıcı insanın özünə qarşı tələbkarlığıdır.
Bu gün Əkrəm Əylislinin əsəri erməni millətçilərinin əlində silaha çevrilib, xalqımıza qarşı ondan iftira atmaq üçün istifadə olunur. Roman iki xalqı ünsiyyətə, münaqişənin haqq yolu ilə ədalətli həllinə çağırmır. Bədii cəhətdən də sönük bir əsər haqlı olaraq xalqın qəzəbinə tuş gəlib.
Akademik Milli Dram Teatrının kollektivi də “Daş yuxular”ı ziyanlı, bəşəri və milli dəyərlərdən uzaq sayır. Zərrə qədər də olsa, milli heysiyyatı, ləyaqəti olan qələm sahibi belə bir yol tutmaz.
Əkrəm Əylisli yuxudan ayılaraq, “Daş yuxular”a Azərbaycan xalqının gözü ilə baxmalı, nəyin əyri, nəyin düz olduğunu görməyə çalışmalıdır.
Teatrın direktoru, professor İsrafil İsrafilov, Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Nurəddin Mehdixanlı, Ramiz Novruz, Rafael Dadaşov, İlham Əsgərov, Şükufə Yusupova, Laləzar Mustafayeva, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Səidə Quliyeva, Məleykə Əsədova.
Sənin bu xalqa nifrətin nədən
qaynaqlanır?
Ölkə ictimaiyyətinin böyük narahatlığına və qəzəbinə səbəb olan bir hadisəyə - vaxtilə “Xalq yazıçısı” adına layiq görülən, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunan, bir çox əsərləri ölkə teatrlarının səhnəsində tamaşaya qoyulan Əkrəm Əylislinin «Daş yuxular» romanına Musiqili Komediya Teatrının kollektivi də öz münasibətini bildirib.
Bununla bağlı keçirilən toplantıda çıxış edənlər bildirib ki, Əkrəm Əylisli bu əsəri yazmaqla yaradıcı adamın bəşəri olduğunu, guya azad sözə, demokratik fikrə sahibliyini dünyaya göstərmək iddiasında olub. Lakin yaşı 75-i ötmüş bu qələm sahibi başa düşməli idi ki, bəşəri olmaq, öz xalqının mənəvi dəyərlərinin üstündən xətt çəkmək, məxsus olduğu xalqın üstünə şər, böhtan dolu çirkab atmaq, onu təhqir etmək, aşağılamaq, tarixini təhrif etmək deyil. Bəşəri olmağın yolu Vətənə, Millətə, Dövlətə xəyanətdən keçmir. Bəşəri olmaq humanist bir xalqın ünvanına hədyanlar, yalanlar söyləmək, onu digər millətlərin gözündə vəhşi, qaniçən kimi təsvir etmək də deyil. Bəşəri olmaq həqiqəti danmaq yox, onu bütün reallığı ilə göstərmək, yaşanan tarixin gizlədilən tərəflərini üzə çıxartmaq, onu ciddi, sanballı, inandırıcı dəlillərlə ortaya qoymaq deməkdir. Bu gün Əkrəm Əylisliyə Azərbaycan xalqının kin və qəzəbini dərk etmək üçün bu əsəri səbrlə oxumaq, hər cümləsində məxsus olduğu torpağa, onun insanlarına asi olan bir nankorun əsl məqsədini anlamaq o qədər də asan deyil. Axı bir yazıçıya verilə biləcək bütün mükafatlara, fəxri adlara, hörmət və izzətə yiyələnmiş Əkrəm Əylislinin ermənilərə naib olmağa vadar edən hansı hisslər, hansı duyğulardır?!
Teatrın kollektivinin qəbul etdiyi müraciətdə deyilir: “Biz, sənət adamları şöhrətin, hörmətin, alqışın, xalq sevgisinin nə olduğunu yaxşı bildiyimizdən ondan soruşmaq istəyirik: axı sənin nəyin çatmırdı, Əkrəm Əylisli? Ömrünün bu ahıl çağında bütün həyatını içində yaşadığın bir xalqın 25 ildən bəri çəkdiyi əzablarından söz açsaydın, Qarabağ həqiqətlərini qələmə alsaydın, Xocalı faciəsindən yazsaydın, namusu, isməti doğmalarının gözü qarşısında tapdanan qız-gəlinlərin, ana-bacıların yaşantılarını dilə gətirsəydin, yarım milyon Qərbi azərbaycanlının köç faciəsindən, başına gətirilən müsibətlərdən söz açsaydın, bu Xalq səni başı üstündə gəzdirərdi. Amma sən belə etmədin, belə ola bilmədin. Sən 20 ildən bəri 20% torpağı işğal olunmuş, minlərlə şəhid vermiş, ancaq bu gün də haqlı olduğunu dünya ictimaiyyətinə çatdıra bilməmiş bir xalqın düşməninə havadarlıq etdin.
Bizim orta nəslin nümayəndələri sənin bir vaxtlar yaratdığın əsərlərdəki bu torpağın otuna, çiçəyinə, insanına heyrətamiz sevginə vurulub. Bəs birdən-birə sənin bu dönüklüyünü, bu iddianı, «bəşərilik iddiası» ilə yazdığın bu sərsəm əsərini necə qəbul edək, ona nə ad verək? Sənin ermənilərə bu can yandırmağını, havadarlıq etməyini ağlı başında olan heç bir insan başa düşmür, anlamır. Sənin vicdanın bu qədərmi kar, bu qədərmi kor oldu ki, Bakıda rahat mənzilində oturub belə alçaq niyyətlə fikirlərini kağıza köçürdün, bu cəfəngiyatı beş il bomba kimi qoltuğunda gəzdirdin, sonra isə onu Moskvada çap etdirdin. Sən bu millətdən, bu dövlətdən, məxsus olduğun yazıçılar ordusundan səni layiq olmadığın mərtəbələrə qaldırdıqları üçünmü bu intiqamı aldın, millətindən beləmi imtina etdin?!
Xalq da səndən imtina edir, Əkrəm Naibov! Doğulub, boya-başa çatdığın Əylis kəndi öz nankor və xəyanətkar övladından imtina edir, onun tarixini və torpağını təhqir edən, düşmən çırağı yandıran bir xaini bağışlamır, onun adı ilə yanaşı dayanmaq istəmir.
Biz də Musiqili Komediya Teatrı kollektivinin adından Əkrəm Naibovdan soruşmaq istəyirik: sənin bu millətə, bu xalqa nifrətin nədən qaynaqlanır?! Sən bundan sonra bu el qınağı ilə, el tənəsi ilə necə yaşayacaqsan?! Xalqımızın gözəl bir deyimi var: Allah birini cəzalandırmaq istəyəndə öncə onun ağlını əlindən alır. Görünür, sənin də ağlını ömrünün bu ahıl çağında almaqla, Tanrı sənə layiq olduğun zülmü göstərmək istədi. Sən bu zülmü, bu nifrəti öz əməlinlə qazandın. Və xalq sonunda öz yazdığını sənə bir də xatırladır: Ürək, doğrudan da, yaman şeydir, Əkrəm Naibov! Sən bu xalqın ürəyini elə qırdın, elə sındırdın ki, indi onu heç nə ilə geri ala bilməyəcəksən! Ölüm hər kəs üçün haqdır - hətta ölümünlə belə!”.
Qeyd edək ki, müraciəti teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, xalq artistləri - Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar incəsənət xadimləri - Əsgər Əsgərov, Ramiz Məmmədov, əməkdar artistlər - Nərgiz Kərimova, Boris Qrafkin, Əməkdar mədəniyyət işçisi Telli Əliyeva və başqaları imzalayıblar.
“Xəyanətkar
yazıçıya cəmiyyətimizdə yer yoxdur”
Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Əkrəm Əylislinin düşmən dəyirmanına su tökən romanına münasibət bildirmişdir.
Toplantıda sənət adamları qeyd etmişlər ki, müəllif Azərbaycan xalqına, bütünlükdə türk dünyasına şər, böhtan yağdırmaq, Azərbaycan tarixini təhrif etmək, minlərlə şəhidin ruhunu tapdalamaq, islam dinini alçaltmaq yolunu tutmuş, bu da haqlı olaraq bütün xalqımız kimi, biz yaradıcı insanların da nifrət və qəzəbinə səbəb olmuşdur: “Azərbaycan xalqının zalım, qaniçən, qəddar kimi qələmə verildiyi, “əsər”in müəllifi görən Azərbaycan türklərini çalalara doldurub diri-diri basdıran, qadınların bellərinə qaynar samovar bağlayıb işgəncə verən, hamilə qadınların qarnına süngü taxaraq onları körpəsi ilə birlikdə öldürən, kəndin camaatını məscidə doldurub yandıran ermənilərin bu vandallıqlarından bixəbərdirmi? İllər boyu ermənilərin dünyaya car çəkərək türklərin soyqırımı törətdiklərini utanmadan və həyasızcasına, dönə-dönə vurğulamalarını da müəllifin unutqanlığına yazaq? 1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırımı zamanı on səkkiz minə qədər Azərbaycan türkü qətlə yetirilmişdir. Bəs Qarabağ uğrunda gedən savaşlarda, Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımız? Bəs bu faktı hara yazaq? Unudaqmı?
Açıqlamalarında “mən ermənilərə mesaj atmışam ki, biz suçumuzu etiraf edirik, siz də edin” - deyən müəllif ermənilərin: “Hə, Qarabağ sizin əzəli-əbədi torpaqlarınızdır, onu sizə geri qaytarırıq, biz azərbaycanlılara qarşı həmişə düşmən mövqedə olmuşuq, bizi əfv edin” sözlərini deyəcəklərinimi gözləyir əcaba? Əgər belədirsə, onda müəllif ermənilərin uzunillik “zəhmət”lərinin bir sifarişli “əsər”ə qurban verməyəcəkləri həqiqətini nəzərə almayıb yəqin.
Ədəbiyyatımızda “Atalar və atasızlar”, “Dağlara çən düşəndə”, “Gilas ağacı”, “Mənim nəğməkar bibim” kimi əsərləri ilə tanınan Əkrəm Əylisli üçün bu əsəri çap etdirmək məqsədi nəyə xidmət edir? Yazdığı əsəri ilə ermənilər tərəfindən seviləcəyi, rəğbətlə qarşılanacağı yaxşı məlum olan müəllif, görəsən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında vicdanını necə təmizə çıxaracaq?
Müəllifin prototipi Saday Sadıxlıya gəlincə, görəsən, başqa peşə sahibi tapılmadı ki, “qəhrəman” bu “istedadlı” aktyor seçildi. Azərbaycançılığı bu dərəcədə aşağılayan Əkrəm Əylislinin 140 illik teatr tariximizin ümumi qəhrəmanına müraciət etməsi də yəqin düşünülmüş siyasətin tərkib hissəsidir. Bu gün bəşəri hisslərdən məhrum olan erməni xislətli Ə.Əylisli Azərbaycanda gedən nəhəng quruculuq işlərindən, onun dünya miqyasında artan nüfuzundan, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və mühüm layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən yaza bilməzdi?
Xalqımızın, dövlətimizin ona olan ehtiramından, etibarından sui-istifadə edib, sərbəst düşüncəli yazıçı pərdəsi altında əsl xislətini üzə çıxaran Ə.Əylisli bundan sonra bu ölkənin havasını necə udacaq, bu torpaq üstündə necə gəzəcək? Teatrımızın yaradıcı heyəti belə hesab edir ki, Ə.Əylisli kimi satqın, simasız, xəyanətkar yazıçıya cəmiyyətimizdə yer yoxdur.
O, bu xalqdan və dövlətdən aldığı nə varsa hamısına sahib olmaq haqqını itirmişdir”.
Mübariz Həmidov - teatrın
direktoru, Əməkdar artist, Bəhram Osmanov - Əməkdar
incəsənət xadimi, Yasin Qarayev - Xalq artisti, Səriyyə
İsmayılova - Əməkdar mədəniyyət
işçisi, Şövqi Hüseynov - Əməkdar artist,
Naibə Allahverdiyeva - Əməkdar artist, Nübar Novruz - Əməkdar
artist, Nofəl Vəliyev - Əməkdar artist və
başqaları.
“Xalq
və tarix qarşısında vicdanının ləkəsini
heç vaxt silə bilməyəcək”
“C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Əkrəm Əylislinin “Daş yuxular” romanının Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın, teatr xadimlərimizin beynəlxalq səviyyədə milli maraqlarımıza xidmət edən fəaliyyətlərinə kölgə salan ədəbi hadisə kimi dəyərləndirir və öz kəskin münasibətini, sonsuz qəzəbini, hiddətini, nifrətini bildirir.
1988-ci ildə Ermənistandakı doğma torpaqlarından iki yüz əlli min azərbaycanlı ilə birlikdə qaçqın düşmüş kollektivimizin üzvləri o günləri yaxşı xatırlayırlar. Misli görünməmiş vəhşiliklə əzəli yurd-yuvalarından qovulmuş, didərgin salınmış, son zamanlara qədər çadırlarda məşəqqətli həyat sürən bu günahsız insanların dərdlərini Əkrəm Əylisli nə tez unutdu? Qışın soyuğunda, şaxtada ev-eşiyindən qovulan, torpaqlarının iyirmi faizi işğal olunmuş, Xocalı vəhşətinə məruz qalmış, Ermənistanın Quqark rayonunda diri-diri borulara doldurulub ağızları qaynaqlanan uşaqları, Azərbaycanın Bağanis Ayrım kəndində yandırılan, bətnində uşağı ilə öldürülən anaları, neçə-neçə başqa yerlərdə olmazın zülmlərlə, qətllərlə üzləşən xalqın bu dərdini yazıçı nə tez unutdu?
Çox illər bundan əvvəl yazdığı bir neçə əsərinə görə Əkrəm Əylisli Azərbaycan ədəbiyyatında şərəfli yer tuturdu. Bir vaxtlar səhnəmizdə əsərləri uğurla tamaşaya qoyulan və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan yazıçının bu qədər antiazərbaycan ruhlu, sırf erməni-daşnak təəssübkeşliyi ilə yazılmış romanın onun qələmindən çıxdığına çox təəssüflənirik.
Kollektivimiz “Daş yuxular” əsərinə görə Silva Kaputikyanla, Zori Balayanla bir sırada şərəfsiz bir yer qazanan, xalq və tarix qarşısında vicdanının ləkəsini heç vaxt silə bilməyəcək Ə.Əylislini indiyə qədər bol-bol aldığı adlardan, imtiyazlardan məhrum etməyi, cəzalandırmağı tələb edir”.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Xaqani Əliyev, Nərminə Ağayeva, Elmira İsmayılova, Vidadi Əliyev, Tamilla Abdullayeva, Vaqif Kərimov və başqaları.
“Əkrəm Əylisli
yuxularını qarışdırıb”
“Adətən, pis yuxu görən adam ayılanda “lənət şeytana” deyir. Amma Əkrəm Əylisli yuxudan ayılar-ayılmaz, şeytanı lənətləməyə macal tapmamış, onun özünü lənətləməyə başladılar.
Axı nə baş verdi? Nə oldu ki, birdən-birə Əkrəm Əylisli belə bir roman yazdı? Bəlkə o, 1905-1907, 1918-1920-ci illərin hadisələrindən xəbərsizdi? Bəlkə torpaqlarımızın işğalından bixəbərdi? Bəlkə keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində Xocalıda, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Ağdərədə, Zəngilanda, Xocavənddə, Xankəndidə ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən müsibətlərdən xəbəri yoxdur? Belə düşünmək sadəlövhlük olardı. Bəs Əkrəm Əylislini “Daş yuxular” romanını yazmağa nə məcbur elədi? Belə qənaətə gəlmək olar ki, işğal olunmuş rayonlarımızda azərbaycanlıların başına gətirilən müsibətlər onun daş qəlbinə təsir eləməyib...
Yenə də suallar doğur: Axı
niyə?! Məgər Əkrəm Əylisli bu
xalqın övladı deyilmi? Bax “bu niyə”lərə
cavab tapmaq üçün Şuşa
Dövlət Musiqili Dram Teatrının kollektivi “Daş
yuxular” romanını müzakirə elədi.
Əkrəmə
xatırladırıq ki, Şuşada bir ailə vardı:
Abbasovlar ailəsi. Beyləqandan Şuşaya gələrkən
yolda ermənilər tərəfindən gülləbaran
edilmişdi, 2 yaşlı Coşqunu isə düz alnından
vurmuşdular. Körpə uşaq hansı
günahın sahibi idi, Əkrəm? Göz
yaşı axıtdığın “məzlum” ermənilər
ona necə qıydılar?
Qarabağda vurulan
vertolyotda şəhid olan azərbaycanlıların yas mərasimlərində
ucalan fəryadlar, nalələr Şuşanın hər məhəlləsində
eşidilirdi. Şəhid analarının,
bacılarının, xanımlarının,
övladlarının naləsini duydunmu?
Xocalıda mələk
kimi məsum bir qızcığaz vardı. Bütün ailəsinin gözü
qarşısında daşnaklar onu güllələdilər.
Sənin qahmar çıxdığın ermənilərin
gülləsinə tuş gəlmiş o
qızcığazın faciəli taleyi sənin “humanist”
yazıçı vicdanını tərpətdimi?
Bəlkə uzaqda
olanlar sənə təsir etməyib. 1990-cı
ilin 20 Yanvar gecəsi Bakıda, sənin gözlərin
qarşısında ermənilərin fitvası ilə Azərbaycan
övladları qəhrəmancasına şəhid oldu.
Yüz il bundan əvvəl guya türklər
tərəfindən törədilmiş “erməni genosidi” barədə
göz yaşı axıtdığın kimi, öz millətindən
olan bu günahsız şəhidlərə yas
saxladınmı?
Görəsən, havasını
udduğu, çörəyini yediyi, imtiyazlarından gen-bol
istifadə etdiyi bu Vətənin övladlarının
başına gətirilənləri görə bilməyən,
nalələrini eşidə bilməyən Əkrəm Əylisli
ermənilərin “faciəsini” necə görüb?
Əkrəm Əylisli! Azərbaycanın ən yüksək fəxri
adlarını, mükafatlarını, titullarını
almışdın. Möhtərəm
Prezidentimiz xalq tələbini nəzərə alıb,
çox haqlı olaraq səni “Xalq yazıçısı” fəxri
adından məhrum etdi. 75 yaşında nəsibin
“Vətən xaini”, “Xalq düşməni” adları oldu.
Çox təəssüf! Özün
özünə düşmən kəsildin, Əkrəm Əylisli!”
Şuşa
Dövlət Musiqili Dram Teatrının kollektivi
"Bu əsər ermənilərin dəyirmanına su
tökür"
Füzuli Dövlət
Dram Teatrında Əkrəm Əylislinin “Daş yuxular”
romanına həsr olunmuş toplantı keçirilib.
İclasda çıxış edən teatrın direktoru Vaqif
Vəliyev bildirib ki, müvəqqəti atəşkəs elan
olunmasına baxmayaraq, Azərbaycan müharibə vəziyyətindədir:
“Lakin buna baxmayaraq, ölkəmiz dünyanın inkişaf
etmiş ölkələri sırasında olmaq
üçün sürətlə irəliləyir. Bütün bunlar Azərbaycana qarşı kəskin
qısqanclıq doğurur. Hazırda Azərbaycana
qarşı aparılan başlıca siyasət budur ki, ölkəmizin
işğal olunmuş torpaqları erməni
işğalında qalsın”.
V.Vəliyev vurğulayıb ki, məgər
31 mart soyqırımı, Bakıda törədilən 20
Yanvar hadisələri, Şəhidlər xiyabanı, Qafqaz
İslam Ordusu, Türk şəhidliyi göz önündə
deyilmi?! Azərbaycanın işğal olunmuş
torpaqlarını, Xocalını, Şuşanı, Qarakəndi,
həmçinin Qarabağda vuruşan, amansızcasına
öldürülən şəhidlərin qanı
işğalçı erməni vandalizminin bariz nümunəsi
deyilmi?!
Füzuli rayonu 1993-cü il 23 avqustda erməni qəsbkarları tərəfindən
işğal olunduğu vaxt 733 şəhid verib. İşğal nəticəsində rayonumuzdan 1450 nəfər
əlil və müxtəlif dərəcəli xəsarət
alıb, 113 nəfər əsir düşüb. Məgər bunlar erməni vəhşiliyinin
sübutu deyilmi?!
Nəticə
etibarı ilə bu yuxular yazıçının suyunu
içdiyi, torpağında yaşadığı fəxri
adlar aldığı vətəninə xəyanətdir.
O, bu əsərlə ermənilərin dəyirmanına su
tökür.
Daha sonra teatrın
yaradıcı heyəti əsərə münasibət
bildirib. Qeyd edilib ki, Əkrəm Əylislinin
bu əsəri xalqımıza, millətimizə,
keçmiş və gələcəyimizə qarşı
yönəlib.
“Daş yuxular” şəhidlərin ruhuna təhqirdir”
Fevralın 4-də Əbdürrəhim
bəy Haqverdiyev adına Ağdam Dövlət
Dram Teatrı Əkrəm Əylislinin “Daş yuxular”
romanının müzakirəsinə həsr olunmuş
yığıncaq keçirib. Bu gün məcburi
köçkün taleyini yaşayan və minlərlə şəhid
vermiş ağdamlıların heysiyyətinə toxunan və
şəhid ruhuna təhqir sayılan bu romanın müzakirəsi
zamanı kollektiv üzvləri son dərəcə hiddətləndiklərini
bildiriblər. Teatrın yaradıcı heyəti və
texniki işçilər bu müzakirədə
çıxış edərək nəinki
yazıçı adına, eləcə də
azərbaycanlı şəxsiyyətinə yaraşmayan və
ümumilikdə Azərbaycan milləti üçün təhqir
və hədyan sayılan bu əsər barəsində nifrətlə
söz açıblar.
Teatrın direktoru Fəxrəddin
Hacıyev beş il cəbhədə
olmuş bir insan kimi Əkrəm Əylisli şəxsiyyətinə
son dərəcə nifrət hissini bildirdi. Qeyd etdi ki,
xalqını və millətini aşağılayan və Azərbaycan
tarixində qara bir ləkə kimi insanların nifrətinə
tuş gələn bu cızma-qara bizlər üçün,
altı min şəhid vermiş ağdamlılar
üçün dözülməz təhqirdir: “Biz müharibənin
dəhşətlərini gözümüzlə
görmüşük, ermənilərin millətimizin
başına açdığı oyunları, körpə azərbaycanlı
balalarının dəmir borulara doldurulub necə
yandırıldığının, Xocalı faciəsində
qadınların, uşaqların, qocaların necə vəhşiliklə
qətlə yetirildiklərinin şahidləriyik. Bəs görəsən, Azərbaycan xalqının
çörəyi, suyu ilə böyüyən və
bütün fəxri adlara yiyələnən Əkrəm Əylisli
bu həqiqətləri görmürmü?”
Daha sonra teatrın aktyoru Nizami Əsgəroğlu
çıxış edib: “Mən əslən Qərbi Azərbaycandan,
Vedi bölgəsindənəm. Ermənilərin
bizim başımıza açdığı oyunlar mənim və
nəslimin taleyindən də bir qara xətt kimi gəlib
keçir. Mən hələ körpə
yaşlarımdan erməni vəhşiliyinin şahidi olmuşam.
Hamilə qadınların necə
öldürüldüyünü, türk balası dünyaya
gələcək deyə körpələrin ana bətnində
qətlə yetirildiklərinin şahidiyəm. Bu ağrı-acıları mənim babalarım da
çəkib, mən də çəkirəm və
balalarım da çəkməkdədirlər. Mən Əkrəm Əylislinin damarında azərbaycanlı
qanının axdığına şübhələnirəm.
Çünki o həqiqətən də, azərbaycanlı
olsaydı, bu şər və böhtanları yazmağa əli
gəlməzdi. Mən təklif edirəm
ki, Əkrəm Əylisli Azərbaycan dövlətinin ona
verdiyi bütün orden və medallardan məhrum edilsin”.
Əməkdar artist Cəmilə
Məmmədzadə isə çıxışında
bildirib ki, hələ 80-ci illərin əvvəllərində
Ağdam teatrında Əkrəm Əylislinin “Anamın
pasportu” adlı əsəri səhnələşdirilmişdi.
O əsərdə mənə də rol verilmişdi. Bu tamaşa baş tutmadı. O vaxtı
Ağdamda hamının hörmət etdiyi Ağdam Rayon Partiya
Komitəsinin ikinci katibi Dilruba Mustafayeva hələ sovet
dövründə yazılmış, amma milli baxımdan
qüsurlu olan bu əsərin tamaşaçılara göstərilməsinə
razı olmadı. Mən Əkrəm Əylislinin
bu nadanlığını eşidəndə Dilruba xanıma
rəhmət oxudum. Haradan biləydik ki, bu
mənşəyi şübhəli olan bir insan xeyli vaxtdan
sonra öz “kimliyini” sübut edəcək.
Qarabağ müharibəsi
veteranı, teatrın baş rejissoru Elxan Mikayılov
çıxışında Əkrəm Əylislinin Azərbaycan
vətəndaşlığından məhrum edilib, ölkəmizdən
uzaqlaşdırılmasını təklif edib.
Mədəniyyət.-
2013.- 13 fevral.- S. 6-7.