Turizm
Assosiasiyası problemləri müzakirə etdi
Fevralın 8-də «Four Seasons» hotelində Azərbaycan
Turizm Assosiasiyasının (AZTA) növbəti toplantısı
keçirildi. Toplantı son vaxtlar ölkədə fəaliyyət
göstərən turizm şirkətlərinin işində
yaranmış problemlərə həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə
açan AZTA İdarə Heyətinin sədri Nahid
Bağırov əvvəlcə ötən il görülən
işlər barədə məlumat verdi, 2012-ci ildə
Bakıda keçirilən «Eurovision» mahnı müsabiqəsi
zamanı qurumun təqdirəlayiq fəaliyyət göstərdiyini
dedi.
Sədr AZTA-nın yeni xidməti
barədə məlumat verərək bildirdi ki, Azərbaycanda
turizm şirkətlərinin problemli müştərilərlə
bağlı bazası yaradılır. Bu məqsədlə
AZTA öz internet səhifəsində «Black list» («Qara
siyahı») adlanan xidmət yaradıb. Burada dəfələrlə
yer bron edib, aviaturdan imtina edən, həmçinin digər
problemlər yaradan müştəri barədə məlumatlar
əks olunacaq. Həmçinin burada turizm şirkətində
dələduzluq edən işçilər barədə də
məlumat toplanacaq: «Bu sistem bir turizm şirkətində dələduzluq
edən işçinin digər şirkətə işə qəbul
olunması, onların əməllərindən başqa
şirkətlərin məlumatlandırılmasına şərait
yaradır».
Sonra turizm şirkətlərinin
nümayəndələrinə sözügedən sistemə
məlumatların əlavə olunması
videogörüntü vasitəsilə nümayiş olundu.
Tədbirdə
turizm şirkətlərinin «Türk Hava Yolları»ndan
narazılığı da müzakirə mövzusu oldu.
N.Bağırovun sözlərinə görə,
narazılığa səbəb «Türk Hava Yolları»nın
satılan biletlərdən turizm şirkətlərinə
verdiyi komisyon haqqından imtina etməsidir: «Türk Hava
Yolları» hər gün Bakı-İstanbul reysi ilə 4 dəfə
uçuş həyata keçirir ki, burada bizim turizm şirkətlərinin
də bilet sifarişlərinin rolu var. Azərbaycanın turizm
şirkətləri ilə bu aviaşirkət arasında daim
dost münasibət olub. Amma biz gözləmədiyimiz bir vəziyyətlə
üzləşmişik. Maraqlıdır ki, komisyon haqları
heç də hər yerdə ləğv olunmayıb. Məsələn,
Rusiya bazarında əvvəl komisyonlar 7 faiz idisə, ötən
il 10 faizə qaldırılıb. Biz iradlarımızı
«Türk Hava Yolları»nın Azərbaycandakı nümayəndəliyinə
bildirmişik, lakin hələ də cavab verilməyib”.
Müzakirələrin sonunda
fevralın 12-dən 14-dək Azərbaycanın turizm şirkətlərinin
«Türk Hava Yolları»nın biletlərinin
satışını dayandırmaq barədə qərar qəbul
olundu. N.Bağırov bildirdi ki, «Avstriya Hava Yolları»,
«Lufthansa» kimi aviaşirkətlər komisyonları ləğv
etsələr də, bonus sistemi tətbiq edirlər, «Türk
Hava Yolları» isə bu sistemi də tətbiq etmək istəmir.
Toplantıda müzakirə olunan məsələlərdən
biri də Ukraynanın müflis elan olunmuş «AeroSvit»
aviaşirkətindən alınan biletlərin ödənişlərinin
qaytarılması ilə bağlı mübahisə oldu.
Müştərilər turizm şirkətlərindən
ödənişin qaytarılmasını tələb edirlər.
N.Bağırov bildirdi ki, bu mümkün deyil: “Çünki
turizm şirkətləri heç bir məbləği
özündə saxlamır, mərkəzləşdirilmiş
BSP sisteminə ötürür. BSP isə Azərbaycanda
«AeroSvit» şirkətindən alınan biletlərin dəyərinin
qaytarılmasından imtina edir və ödənişin Ukrayna
dövlətindən tələb olunmasını bəhanə
gətirir”.
Qeyd edək ki, «AeroSvit» aviaşirkəti
fevraldan Kiyev-Bakı marşrutu üzrə aviareysləri
dayandırıb. Fevralın 13-dən bu istiqamətdə reysləri
«Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti həyata
keçirəcək.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2013.- 13 fevral.- S. 5.