İstedadlı pianoçu Cahangir Qarayevin xatirəsi anıldı

 

   Fevralın 11-də Bakı Caz Mərkəzində istedadlı pianoçu Cahangir Qarayevin xatirəsi anıldı. Mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

  

   Mərasimin aparıcısı Rahib Azəri istedadlı pianoçunun sənət yolundan danışdı. Bildirdi ki, Cahangir Qarayev öz ifası, caz dünyasına olan sevgisi ilə daim fərqlənən sənət adamı olub. Hər zaman maraqlı improvizələri, musiqiyə özünəməxsus yanaşma tərzi ilə seçilib. Yaşasaydı, fevralın 12-də 63 yaşı tamam olacaqdı.

   Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Cahangir Qarayevlə uşaqlıqdan dost olduğunu bildirdi, xatirələrini bölüşdü: “O həm caz, həm də klassik musiqini məharətlə ifa edirdi. Onun Bəstəkarlar İttifaqında konsertləri maraqla qarşılanırdı. Cahangir özünə qarşı son dərəcə tələbkar insan idi. Ömrünün sonuna kimi musiqi ilə məşğul oldu, musiqilər yazdı, eksperimentlər apardı”.

   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Cahangir Qarayevin yaddaşlarda gülərüz, xoş insan, mahir ifaçı kimi qaldığını dedi: “O, pianoçuluq sənətinə dərindən bələd idi. Bizim gənclik illərində Bakıda caz ifası bir yenilik idi. Dünyada bu artıq qəbul olunmuş musiqi olsa da, sovetlərdə bir o qədər də alqışlanmırdı. Həmin illərdə Cahangir Qarayev caz improvizələri edirdi, maraqlı ifalarla yadda qalırdı”.

   Qeyd olundu ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini, sonra isə aspiranturanı bitirən Cahangir Qarayev bir müddət konservatoriyada xüsusi fortepiano sinfində dərs deyib. Aydın düşüncəsi, incə qəlbiylə hər kəsi heyrətləndirən musiqiçi qısa vaxtda fərqli və mükəmməl ifası ilə şöhrət qazanıb. Ötən əsrin 70-ci illərində Sovet İttifaqının müxtəlif şəhərlərində keçirilən festivallarda Azərbaycanın fortepiano musiqisi və ifaçılıq sənəti də uğurla təmsil olunurdu. Cahangir Qarayev 1973-cü ildə Almatıda “AsiyaAfrika ölkələrinin musiqi tribunası”nda, 1975-ci ildə Tbilisidə “Zaqafqaziya baharı” festivalında müvəffəqiyyətlə çıxış edib.

   Mərasimdə çıxışlararası caz kompozisiyaları, Cahangir Qarayevin sevdiyi və yaratdığı musiqilər ifa olunurdu. Mərhumun fotolarından ibarət çarxlar da nümayiş olundu. Həmçinin “Cahangir Qarayev antologiyası” adlı disk qonaqlara təqdim edildi.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2013.- 13 fevral.- S. 4.