“Mən sizi sevirdim

 

   Böyük bəstəkarın musiqisi gənclərin ifasında

  

   Fevralın 11-də Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, pedaqoq, ictimai xadim, Dövlət mükafatları laureatı Qara Qarayevin 95 illik yubileyi münasibətilə konsert təqdim edildi.

 

   Tədbiri Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə açaraq Qara Qarayevin mədəniyyət tariximizdə rolundan, Azərbaycan musiqisinin dünyada tanınmasında müstəsna xidmətlərindən danışdı, musiqi sənətimizin uğurlarından bəhs etdi. Dahi bəstəkarın yubileyi münasibətilə tədbirlərin davam edəcəyini deyən F.Əlizadə təqdim olunan konsertin özəlliyini vurğuladı: “Konsertdə böyük bəstəkarın əsərləri gənclərin ifasında səslənəcək. Yeni nəsillərin Qara Qarayevə müraciəti yeni interpretasiya və yeni təfsir deməkdir. Bundan əlavə, Qara Qarayevin kamera-instrumental əsərlərinin səslənəcəyi bugünkü konsertdə kiçik premyera var. Böyük rus şairi A.Puşkinin şeirlərinə yazılmış iki romans ilk dəfə Azərbaycan dilində ifa olunacaq».

   Sonra söz musiqiyə verildi. Beynəlxalq müsabiqə laureatı Səidə Tağızadə bəstəkarın «Piano üçün prelüdlər»ini ifa etdi. «Don Kixot» simfonik qravürlərindən «Səyahət» adlı parça ifa olundu. Tofiq Şıxıyevin fortepianoda müşayiəti ilə səslənən ifada Ümidə Abbasovanın çıxışı (skripka) təsirliliyi, emosionallığı ilə xüsusən fərqləndi.

   Konsertin premyerası sayılan romanslar Nərgiz Şəfiyevanın müşayiəti ilə səsləndi. Qeyd edək ki, Nərgiz Şəfiyeva bu romansların mətnini tərcümə edib və musiqiyə uyğunlaşdırıb. O, «Gürcüstan təpələrində» və “Mən sizi sevirdim” romanslarının 1949-cu ildə Puşkininin 150 illiyi ilə əlaqədar yazıldığını xatırlatdı. Tamaşaçılar romansları Nigar Cəbiyeva və Azər Rzazadənin ifasında dinlədilər. «Violin və piano üçün Sonata» konsertin mürəkkəb və böyük peşəkarlıq tələb edən son əsəri idi. Əsər beynəlxalq müsabiqə laureatları Cavad Tağızadə və Zakir Əsədovun ifasında səsləndi və alqışlarla qarşılandı.

   Qara Qarayevin kamera-instrumental əsərlərinin səsləndiyi konsert insan hisslərinə, qəlb dünyasına böyük musiqinin müşayiətçiliyi ilə duyğulu bir səyahət idi.

  

 

   Aliyə

 

  Mədəniyyət.- 2013.- 13 fevral.- S. 4.