Dünya Mədəniyyətlərarası Dialoq Forumuna
hazırlıq müzakirə olunub
2013-cü
ilin 29 may - 1 iyun tarixində Bakıda II Dünya Mədəniyyətlərarası
Dialoq Forumu keçiriləcək. Fevralın 12-də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə
Forumun Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda çıxış edən
Ə.Qarayev qeyd edib ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2011-ci ilin 27 may tarixli Fərmanı
ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu
iki ildən bir Azərbaycanda keçiriləcək. 2012-ci ilin
25 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı
ilə II Dünya Forumunun 2013-cü ilin 29 may - 1 iyun tarixində
Bakıda təşkili ilə bağlı Tədbirlər
Planı təsdiq edilib.
Tədbirin əhəmiyyətini
vurğulayan nazir bildirib ki, Azərbaycan Prezidentinin himayəsi
ilə keçirilən Forum UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa
Şurası, İSESCO, Avropa Şurasının birgə tərəfdaşlığıyla
təşkil edilən yeganə platformadır. Forumda 800-1000 nəfər
xarici qonağın iştirakı nəzərdə tutulur.
Forum çərçivəsində 10-dan çox tədbir və
ilk dəfə mədəniyyət və turizm nazirlərinin
iştirakı ilə Şərq-Qərb Nazirlər
Konfransı keçiriləcək.
İclasda mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva Forumun beynəlxalq
işçi qrupunun fəaliyyəti və tərəfdaş
qurumların təkliflərini diqqətə
çatdırıb.
Nazirliyin Beynəlxalq əlaqələr
və mədəniyyət proqramları şöbəsinin
müdiri Vasif Eyvazzadə Foruma hazırlıq prosesi, tədbirin
proqram və konsepsiyası barədə təqdimatla
çıxış edib.
Forum zamanı maraqlı mədəni
proqramın təşkilinin əhəmiyyətini qeyd edən
nazir bütün tədbirlərdə xalqımızın mədəniyyətinin
təbliğinin prioritet olmasını vurğulayıb.
Nazirliyin eksperti Cahangir Səlimxanov mədəni proqramla
bağlı təqdimatla çıxış edib.
Yekunda Ə.Qarayev nazirlik daxilində
təşkilat komitəsi və işçi qrupların vəzifələr
bölgüsünün müəyyən edilməsi,
bütün aidiyyəti qurum və təşkilatlarla
yaxından əməkdaşlıq barədə
tapşırıqlar verib.
Mədəniyyət.-
2013.- 13 fevral.- S. 2.