“Yanar dağ”da bir qış günü
Odlar arasında novruzgülü
Zəngin neft və qaz
yataqlarının mövcud
olduğu Azərbaycan
tarix boyu Odlar yurdu kimi
tanınmışdır. Ölkəmizin ərazisində
yanan təbii əbədi odlar insanların inanc və etiqadlarına güclü təsir göstərmiş, ədəbiyyat
və incəsənət
əsərlərində öz
bədii təcəssümünü
tapmışdır. Belə unikal
təbii abidələrdən
biri Abşeron rayonunun Məmmədli (Məhəmmədi) kəndində
yerləşən «Yanar
dağ»dır.
Azərbaycan Prezidentinin 2007-ci il 2 may tarixli sərəncamı ilə «Yanar dağ» abidəsinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədilə ərazi
dövlət tarix-mədəniyyət
və təbiət qoruğu elan edilib. Nazirlər Kabinetinin 2008-ci il
22 sentyabr tarixli qərarı ilə "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyinə verilib, qoruq haqqında Əsasnamə təsdiq edilib.
“Yanar dağ” ilin bütün fəsillərində
turistlərin, paytaxtımızın
tarixi-mədəni məkanları
ilə tanış
olmaq istəyən qonaqların diqqətini cəlb edib. Mən də qışın bu oğlan çağında
havanın nisbətən
əlverişli olmasından
istifadə edib üz tuturam “Yanar dağ” qoruğuna. Metronun “Koroğlu” stansiyasından
çıxıb, Bakının
Məhəmmədi kəndinə
gedən 217 saylı marşrut avtobusunu bir xeyli gözləyirəm.
Üzərində “Yanar dağ”
yazılan avtobus, nəhayət, dayanacağa
yaxınlaşır və
Məmmədli kəndinə
yollanırıq. Bu kəndin adı el dilində həmişə
“Məhəmmədi” kimi
səslənib, tarixi sənədlərin əksəriyyətində
də belə yazılıb. Amma ötən
əsrin ortalarından
hansısa dəftərxana
məmurunun səhvi ucbatından bu kənd sənədlərə
“Məmmədli” kimi düşüb və elə o vaxtdan da qalıb bu
iki adın arasında.
Qoruq tarixi mənbələrdə
Gələk mətləbə. Nadir təbiət hadisəsi olan “Yanar dağ” kəndin qərb hissəsində, Bakıdan
27 km məsafədə, Məhəmmədi-Digah
şose yolunun solunda yerləşir.
Bir vaxtlar insanların möcüzə kimi qarşıladığı “Yanar
dağ”, indiki elm səviyyəsindən baxdıqda,
yerin dərinliklərindən
çıxan qazın
yanmasıdır. Bu qazlar vulkanik-tektonik proseslərin nəticəsində
yaranır və çatlar vasitəsilə
üzə çıxır.
Ancaq tarixdən gələn möcüzəlilik informasiya
və elm əsrində
də öz gücünü qoruyub saxlayır. Erkən orta əsr mənbələrində, Bakı
şəhərinin Xəzər
dənizi sahillərində
gecə-gündüz yanan
torpaqların, hətta
yanan suyun olması ilə bağlı maraqlı məlumatlar verilmiş ərazi “Atəş-i Baquan” adlandırılıb.
Ərazidə “əbədi od”ların
olması ilə bağlı məlumat verən ilk tarixi mənbələrdən biri
bizanslı Paniyli Priskin yazılarıdır.
Prisk V əsrin əvvəllərində Qafqaz
Albaniyasının Bakısını
təsvir edərkən
sualtı qayadan qalxan oddan söz
açır: “Kaspi dənizi sahillərində
sualtı qayalar mövcuddur ki, buradan gecə-gündüz
od çıxır. Odun şöləsi ay işığında
daha füsunkar görünərək, ətrafı,
sahildə yerləşən
torpaqları öz nuruna qərq edir”.
Qoruğun bu günü
“Yanar
dağ” Dövlət Tarix-Mədəniyyət və
Təbiət Qoruğunun
direktoru Malik Fətullayevlə ölkə
Prezidentinin müvafiq sərəncamından sonra
görülən işlər
barədə danışdıq.
Direktor bildirdi ki, Prezidentin
sərəncamından sonra
qoruğun ərazisi Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən
dəqiqləşdirilib və
təsdiqlənib. Qoruq
ərazisində həm
fiziki, həm də hüquqi şəxslərin mülkiyyətləri
qeydiyyata alınıb,
sənədlər toplanılıb
Mədəniyyət və
Turizm Nazirliyinə təhvil verilib: “Eyni zamanda, bir
sıra təşkilati
işlər görülüb.
Qoruğun “Yanar dağ”
yerləşən ərazisi
qismən hasara alınıb, əraziyə
asfalt örtüyü
çəkilib, müəyyən
abadlıq işləri
aparılıb, gül-çiçək
kolları əkilib.
Turistlərin qoruğun yuxarı
hissəsinə qalxmaları
üçün pilləkənlər
düzəldilib. Bundan əlavə,
qoruğun saytı yaradılıb və mütəmadi olaraq saytda gedən məlumatları yeniləyirik.
Qoruq bütün turist marşrutlarına daxil edilib, məktəblərdə
isə təbliğat
işləri aparılır.
Dünyanın bir çox
televiziyaları - Yaponiya,
Rusiya, Belçika, Türkiyə telekanalları
qoruq haqqında çox geniş reportajlar hazırlayıb.
Məqsədimiz qoruğu dünyada
tanıtmaqdır. “Yanar dağ”ın UNESCO-nun
Dünya Mədəni
İrs Siyahısına
daxil edilməsi sahəsində də müəyyən addımlar
atılır. Müvafiq sənədləri,
tarixi materialları toplayıb UNESCO-ya təqdim etmək üçün hazırlamışıq”.
Direktorun sözlərinə görə,
qoruqda müəyyən
problemlər də qalmaqdadır: “Qoruğun mülkiyyət məsələsi
həll olunmadığı
üçün inzibati
bina kənd bələdiyyəsində yerləşir.
Bundan əlavə, qoruğun ərazisində hər hansı bir yeniliklər etmək, abadlıq işləri aparmaq da müəyyən
çətinlər törədir.
Yəqin
ki, bu məsələlər
həll edildikdən sonra qoruq öz
yeni siması ilə turistlərdə daha böyük maraq yarada biləcək,
turistlərə müəyyən
əlavə xidmətlər
də göstərmək
mümkün olacaq”.
Turistlərin marağı
Qoruğun ərazisi yalnız
“Yanar dağ”dan ibarət deyil. Buraya Əli daşı piri, Qirməki palçıq vulkanı vadisi, “Qurd yuvası”
təbii mağarası
və VII əsrə
aid olan köhnə qəbiristanlıq daxildir.
Qirməki vulkanı Abşeron
ərazisi üçün
xarakterik olan palçıq vulkanlarından
biridir. “Yanar dağ” qoruğundakı bu vulkan həm də müalicəvi xüsusiyyətləri ilə
seçilir. Onun maye
kütləsindən yerli
əhali bu günə qədər müxtəlif dermatoloji xəstəliklərdə istifadə
edir. Vulkandan hasil olan palçıq kosmetoloji vasitə kimi əvəzsizdir. Qirməki vadisində
geoloji proseslər açıq şəkildə
getdiyi üçün
ərazi neft kəşfiyyatı ilə
məşğul olan alimləri də çox maraqlandırır.
Onlar burada mütəmadi olaraq tələbələrə
təcrübələr keçirlər.
Xarici dövlətlərin neft şirkətlərinin əməkdaşları
da qoruqda tez-tez olurlar. Ümumilikdə isə, “Yanar
dağ” Azərbaycan tarixinin tədqiqi üçün maraqlı
bir obyektdir.
Xaricdən ekstrasenslər enerji almaq üçün buraya gəlirlər
Qoruğun direktor müavini Hamil Cabbarov “Yanar dağ”ın dünyanın dörd bir yanından gələn turistlərdə
müxtəlif assosiasiyalar
yaratdığını deyir:
“Neft və qaz yataqları ilə zəngin olmayan ölkələrin vətəndaşları buranı
seyr edəndə təəssüflənirlər. Söyləyirlər ki, “bizdə
qaz yoxdur, amma burada bu
qədər qaz boş yerə yanıb gedir”. Bir fransız turistə bələdçi ərazi
haqqında ətraflı
məlumat verdiyi zaman o söylədi ki, “sizin əcdadlar
cənnətdə yaşayıblar”.
Onun sözlərində həqiqət
var. Soyuq ölkələrdən
gələn turistlərdə
bu ərazi tamam başqa bir təəssürat yaradır. Bir dəfə slavyan
turistlərdən bir xanım saatlarla alovun qarşısında dayanaraq onu heyrətlə
seyr edirdi. Səbəbini soruşduqda belə
məlum oldu ki, bu xanım
ekstrasensdir və bizim qoruğu yuxuda gördükdən sonra ondan enerji
almaq üçün
Azərbaycana gəlib.
“Yanar dağ”ın
qəribə bir sehri var və
o bura gələn hər kəsdə xoş hisslər yarada bilir”.
Bakının simvolik alov təpələri
və qavaldaş
Qoruq ərazisində sönmüş təpələr adı ilə tanınan üç yüksəklik var. Bu yüksəkliklərdən XIX əsrin ortalarına qədər nəhəng məşəllər şəklində alov yanması haqqında tarixdə çoxlu məlumatlar var. Dənizə daha yaxın olan bu odlu təpələri fərq edən səyyahlar təbiətin bu nadir möcüzəsi haqqında məlumatları eldən-elə çatdırmışlar. Sonralar bu üç alov dilimləri Bakı şəhərinin gerbində öz əksini tapmışdır.
“Yanar dağ” qoruğunun yerləşdiyi ərazi çox qədim insan məskənlərindən biridir. Ərazidə tapılan qavaldaş bir daha sübut edir ki, bu yerlərdə insanlar qəbilə icması dövründən yaşamışlar. Həmin dövrdə insanlar bu daşlardan həm həyəcan siqnalı vermək, həm də uğurlu ov etmək üçün düzənlənən xüsusi ayinlərin icrası zamanı bir zərb aləti kimi istifadə etmişlər. Qavaldaşın verdiyi səslər tembr etibarı ilə o qədər rəngarəngdir ki, bu “alətdə” müasir ritmləri belə ifa etmək olur.
Yanar torpaqda novruzgülü
“Yanar dağ”ın təpəlik hissələri novruzgülü çiçəkləri ilə ağ örtüyə bürünmüşdü. Bu çiçəklər yazın gəlişinin ilk müjdəçiləridir. Havanın soyuq olmasına və yolda xeyli yubanmağıma baxmayaraq, bu çiçəklər əhval-ruhiyyəmi xeyli yüksəltdi. Qışın oğlan çağında “Yanar dağ”a getməyimə heç də peşman olmadım. Çünki gəlişim bir çox tarixi faktları öyrənməyimə və bu yanar torpaqdan ilk dəfə novruzgülü dərməyimə səbəb oldu.
Lalə Azəri
Mədəniyyət.-
2013.- 15 fevral.- S. 12.