“Sabah”
sabaha doğru
“Pultda qal, Ramiz!”
Azərbaycan
Televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 20
yaşını qeyd edir
Tanınmış teatrşünas Aydın Talıbzadənin
təbirincə desək, 1993-cü ildə Azərbaycan mədəniyyətinin
gələcəyini fikirləşən vətəndaş
rejissor - Ramiz Həsənoğlu “Sabah” yaradıcılıq
emalatxanasını yaratdı. Əslində bu
emalatxana Ramiz Həsənoğlunun özünəməxsus
teleteatr məktəbi idi.
20 il sonra “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri,
görkəmli rejissor, Xalq artisti Ramiz Həsənoğlu “Sabah”ın
dünənindən danışdı.
- O vaxtlar SSRİ
dağılmışdı, imperiya
çökmüşdü, təbii ki, fırtınalar bizdən
də yan keçmədi. Cəmiyyət maksimal
dərəcədə siyasiləşmişdi. Hər kəs
ictimai-siyasi proqramlara can atırdı, bədii verilişlər
arxa plana keçmişdi. Qarabağ məsələsi
günü-gündən kəskinləşirdi. Belə bir vaxtda hörmətli Anar müəllim məsləhət
bildi ki, Cəlil Məmmədquluzadənin “Kamança” əsərini
vərəqləyim. Əsərə
göz gəzdirdim, gördüm ki, Mirzə Cəlil xalqa
aynanı göstərir və bu aynanın arxasında onun
göz yaşları görünür.
Qərara gəldim
ki, tamaşanı hazırlayım. Hesab
edirəm ki, “Sabah”ın yaranmasına “Kamança” səbəb
oldu.
...1993-cü il,
fevralın 15-də “Sabah” Yaradıcılıq Birliyinin
yaranması barədə əmr verilir. “Sabah” Əbdürrəhim
bəy Haqverdiyevin “Ac həriflər” əsəri ilə yola
çıxır. “Ac həriflər”in
stolarxası məşqləri kafedə gerçəkləşir.
Ramiz Həsənoğlu bu dəfə də cəsarətli
addımı ilə seçilir. Azərbaycan kinosunda,
teatrında, televiziyasında çalışan
tanınmış rejissorları “Ac həriflər”in ətrafına
yığaraq yeni bir uğura imza atır...
Gənc
Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar
incəsənət xadimi Bəhram Osmanov:
- Əgər Ramiz Həsənoğlu
Azərbaycan televiziyasında və kinosunda heç bir iş
görməyib “Ac həriflər” teletamaşasını
çəksəydi, Azərbaycan teatr, kino və televiziya
tarixində onun adı qızıl hərflərlə
yazılardı. Çünki Azərbaycanda heç kim bu eksperimenti etməmişdi ki, bir-birlərindən
o qədər də xoşu gəlməyən rejissorların
hamısını bir yerə yığsın və onları
məcbur eləsin ki, bir aya yaxın çəkiliş
müddəti ərzində bir-birlərini sevsinlər. Nəhayət,
“Sabah” studiyasında ilk dəfə olaraq mən aktyor kimi məşhur
“Ac həriflər”də Zərbəli rolunda oynamışam,
A.Çexovun “6 nömrəli palata” əsərini tamaşaya
qoymuşam. Bütün bunlara görə
“Sabah”a borcluyam.
“Sabah”ın tarixini əks etdirən qiymətli
kadrlara baxırıq. “Ac həriflər”in
çəkilişləri başa çatıb. Çəkiliş qrupu bu əlamətdar hadisəni
“yumağa” yığışıb. Ömrünün
ahıl çağlarını yaşayan məşhur
kinorejissor Tofiq Tağızadə ürək sözlərini sənət
dostları ilə bölüşür:
- Bunlar hamısı tarix
üçün, cavanlar üçün, gələcək nəsil
üçün lazımdır. Deyəcəklər,
bizim belə rejissorlarımız olub. Gözəl
sözlər deyirik, gözəl rəftar eləyirik
bir-birimizlə. Cavanlar üçün də
bu dərs olmalıdır. Böyük
işdir, xırdalamaq istəmirəm. Sən
ki (Ramiz Həsənoğluna xitabən) başlamısan bu təşəbbüsə,
böyük təşəbbüsdür, mənim fikrimcə,
bizim gələcək nəsillər üçün bunun
böyük bir qiyməti olacaq, böyük bir rolu olacaq.
Badələr qaldırılır
və... “Sabah” sabaha doğru addımlayır.
Ramiz Həsənoğlu “Sabah”ın qapılarını
rejissorların üzünə açır, Hüseynağa
Atakişiyev Nazim Hikmətin “Ölüm, ya ölüm və
ya hər şeyə rəğmən”, Rövşən
Almuradlı Cəlil Məmmədquluzadənin “Anamın
kitabı”, Şamil Nəcəfzadə Ejen İoneskonun “Kral
ölür”, Elçin Cəfərov özünün qələmə
aldığı “Məhbus”, Şərif Qurbanəliyev Əli
Əmirlinin “Bala başa bəla”, Məcnun Vahidov
“Yarımştat”, Mehriban Ələkbərzadə Marşa
Normanın “Gecən xeyrə qalsın, ana”, Vüqar Vəliyev
Afaq Məsudun “Gecə” əsərlərini tamaşaya qoyur.
Ancaq “Sabah”ın tarixində Ramiz Həsənoğlunun
öz yeri var. O, Cəlil Məmmədquluzadənin əsərlərinin
motivləri əsasında Anarın qələmə
aldığı “Nigarançılıq”, Nejdet Sevinc
"Duruşmalar" pyesi əsasında Mövlud
Süleymanlının qələmə aldığı
“Fatehlərin divanı” telefilmi, Vaqif Səmədoğlunun
üçhissəli “Yaşıl eynəkli adam”, Anarın
ssenarisi əsasında “Dirsə xan oğlu Buğac”, Aqşin
Babayevin “Nekroloq”, “Dəvətnamə” və yeri gəldikcə
adlarını çəkəcəyimiz televiziya
tamaşalarını çəkir və bu teletamaşalar
teatr tariximizin inciləri sırasına daxil olur.
Teatrşünas Aydın Talıbzadə:
- “Sabah”
emalatxanasının, sınaq studiyasının və
onların hər ikisini özündə ehtiva edən “Sabah”
Yaradıcılıq Birliyinin eksperimentallığı nədə
idi? Birinci, Azərbaycan
televiziyasının tarixində “Sabah” yeni teledüşüncənin,
yeni teleestetikanın və yeni teleyaşantının
carçısı kimi çıxış elədi. İkincisi, “Sabah” Yaradıcılıq Birliyi Arif
Babayevin və Rauf Kazımovskinin tamaşa ənənələrini
davam etdirərək, onların teleteatr ideyasını yeni bir
müstəvidə gəlişdirdi. Və
nəhayət, “Sabah”ın eksperimentallığı ondan ibarətdi
ki, o ilk dəfə olaraq Azərbaycan televiziyasının
tarixində teleteatr məktəbini formalaşdırdı.
Və bununla yanaşı, ümumiyyətlə,
telerejissuranın özünün məziyyətləri dəyişdi.
Azərbaycan televiziyasında yeni
telerejissuranın, eyni zamanda yeni tipli aktyor ifasının
yaranması üçün şərait yaratdı. Bu baxımdan mənə elə gəlir ki, “Sabah”
Yaradıcılıq Birliyində çalışan istər
müəyyən təcrübəyə malik rejissorlar, istərsə
də cavan rejissorlar yeni düşüncənin və yeni
teleestetikanın bir növ ifadəçisi oldular və bu
baxış, bu estetika tarixiləşdi, tarixdə qaldı.
İndi isə, dünya kimi teleməkan da tamam
ayrı tələblərlə yaşayır. Bu, pisdir, yaxşıdır, zaman göstərəcək.
Amma bir məsələ aydındır ki, bugünkü teleməkanda
boyca çox uca Ramiz Həsənoğlunun yaratdığı
"Sabah" studiyasının çox balaca bir adası var.
Hərçənd bir fakt gərək nəzərdən
qaçırılmasın: Yeni ildə və bir də Novruz
bayramında yerli kanallardan hansını tutursansa tut, fərq
eləmir, orada Ramiz Həsənoğlunun çəkdiyi
tamaşalar göstərilir. İndisə icazə verin, xalq
desin: "Sabah" eksperimental studiyasını
yaşatmağa dəyərmi?
...20 ildir
“Sabah” yaşayır, 20 ildir “Sabah” düşünür, 20
ildir “Sabah” axtarır, 20 ildir “Sabah” tarix yazır...
Çox keçmir
ki, “Sabah” irimiqyaslı əsərlərə müraciət
edir. “Fatehlərin divanı”, “Dədə Qorqud”, “Topal
Teymur” və...
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar:
- 20 ildə “Sabah” studiyasında dəyərli
əsərlər yaranıb, bu gün məni sevindirən odur
ki, bizim ədəbiyyatımızın klassiklərinin əsərləri
bu studiyada ekran həyatına qovuşub. Mən
Haqverdiyevin “Ac həriflər” əsərini, Cəlil Məmmədquluzadənin
“Kamança” pyesini nəzərdə tuturam. Sevinirəm ki, mən də bu studiya ilə əməkdaşlıq
eləmişəm, Mirzə Cəlilin bir neçə hekayəsi
əsasında “Nigarançılıq” ssenarisini
yazmışam və əsəri Ramiz çox uğurla
ekranlaşdırmışdı. Ramizlə
bu studiyada ikinci işimiz “Dədə Qorqud” tamaşası
oldu. “Dədə Qorqud”un boyları
sayında 12 seriya nəzərdə tutmuşduq, təəssüf
ki, yalnız iki seriyasını çəkmək
mümkün oldu. Mən “Sabah”ın bütün
yaradıcılarına - rejissorlarına, operatorlarına, əməkdaşlarına
uğurlar arzulayıram.
Xalq
artisti Fuad Poladov:
- “Sabah”
Yaradıcılıq Birliyində bir neçə işim olub.
Mehriban Ələkbərzadənin Afaq Məsudun povesti əsasında
çəkdiyi “Cəza” televiziya tamaşasından dərhal
sonra Ramiz Həsənoğlu “Fatehlərin divanı”nı çəkməyə başladı. Bu tamaşanın çəkilişləri bir ilə
yaxın çəkdi. Çəkiliş
vaxtı böyük çətinliklərlə
qarşılaşsaq da, Ramiz pavilyona girən kimi özü ilə
elə bir ab-hava, enerji gətirirdi ki, biz istər-istəməz
yaradıcılıq dalğasına köklənirdik. Ondan sonra mən yenə də Ramiz Həsənoğlunun
çəkdiyi “Dədə Qorqud” tamaşasında
Şöklü Məlik rolunu oynamışam. Yaradıcı birliyi 20 yaşları münasibətilə
təbrik edirəm, onlardan yeni işlər gözləyirəm.
Xalq
şairi Vaqif Səmədoğlu:
- Mən “Sabah”ın
hazırladığı televiziya tamaşalarının
hamısına baxmışam. “Sabah”, əlbəttə
ki, parlaq nümunədir. Təkcə Azərbaycan
televiziyası üçün yox, bütün Azərbaycan mədəniyyəti,
incəsənəti üçün. Etiraf
edim ki, mən teatrda yalnız və yalnız Hüseynağa
Atakişiyevlə əməkdaşlıq etmişəm və
yalnız Ramiz müəllimlə əməkdaşlıq edirəm.
Mənimki belə gətirib, mən arxayın
olmalıyam, əsərimi verib gedib evdə rahat çay
içməliyəm.
Ramiz müəllim 20 ildən sonra
“Sabah”ın həyatındakı,
yaradıcılığındakı yerindən
danışır:
- Mən son 20 ildə quruluş
verdiyim tamaşaların əksəriyyətini burda
hazırlamışam. “Sabah”da böyük bir nəsil
yetişib. Mən öz gördüyüm
işlərdən çox cavanların gördüyü
işlə öyünürəm. Bir
çox cavan rejissorlar burda öz debütünü edib.
Fəaliyyətə başladığımız ilk
üç il ərzində hər ay
tamaşa təhvil verirdik. 20 il ərzində
“Sabah” 45-dək televiziya tamaşası, filmlər, seriallar
çəkib. Hələlik sonuncu televiziya
tamaşamız Mirzə Fətəli Axundzadənin “Mürafiə
vəkilləri”dir. İrəvan xanlığı
mövzusunda serial çəkməyi
düşünürük. İnşallah,
arzularımız çoxdur, “Sabah” sabahlara ünvanlanıb...
Ramiz müəllimlə “Sabah”ın keçmişinə - kadrlara baxırıq. 2004-cü il. Aydın Talıbzadənin Ramiz Həsənoğlunun həyat və yaradıcılığına həsr etdiyi “Ustad və ayna” kitabının təqdimatı. Bir-birindən uğurlu çıxışlar və diqqətimi çəkən daha bir məqam - Xalq artisti Mikayıl Mirzənin az qala Ramiz Həsənoğlunun “Günahsız Abdulla” tamaşasındakı çıxışına bənzər qeyri-adi çıxışı... və çıxışın son nidaları: “...Mən meydan adamıyam, meydana adam toplamağa nə var, 10 istedadlını bir araya toplamaq, zor bir iş... Pultda qal, Ramiz!!!”.
Təranə Vahid
Mədəniyyət.-
2013.- 15 fevral.- S. 7.