Bir yazıçının etdiyini
bəzən ordu edə bilmir
Xalq
yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü
Fevralın 13-də Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı
ilə Genetik Ehtiyatlar
İnstitutunun konfrans
zalında Azərbaycan Yazıçılar Birliyinin
katibi, Xalq
yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü keçirildi.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov açaraq görüşün əhəmiyyətindən danışdı. Dünya şöhrətli yazıçının əsərlərinin sevilərək oxunduğunu vurğuladı. Vüsal İsmayılov bu gün sözün gücünün nə qədər böyük olduğunu anladığımız zamanda Xalq yazıçısından baş verən hadisələrə, Əkrəm Əylislinin cəmiyyətdə geniş etiraz doğuran «Daş yuxular» romanına münasibət bildirməsini də istədi.
“Xalqına qarşı gedən
yazıçı həmişə uduzur”
Xalq yazıçısı Çingiz Abdullayev ilk olaraq məhz bu mövzuya toxunaraq “Daş yuxular” romanının həqiqəti əks etdirmədiyini, Əkrəm Əylislinin belə bir əsərlə öz xalqına xəyanət etdiyini dilə gətirdi: «Bizə Rusiyadan, əslən gürcü olan yazıçı Boris Akunin məktub yazmışdı. O, Əkrəm Əylislinin romanına münasibətimizdən narazılıq etmişdi. Məktubun bir yerində yazırdı: «Yazıçı ilə toqquşmada həmişə dövlət uduzur». Əlbəttə, ona bu fikirdə haqlı olduğunu yazdım, amma əlavə etdim ki, burada yazıçı dövlətlə yox, xalqla toqquşur. Xalqına qarşı gedəndə isə yazıçı həmişə uduzur. Bu roman iyrənc bir yazıdır və oxuyanların heysiyyətinə toxunur. Yazıçılar Birliyinin bu barədə bəyanatı var. Biz Əkrəm Əylisliyə qarşı hansısa fiziki-mənəvi məhrumiyyətlərin əleyhinəyik. Ancaq roman, həqiqətən də, qəzəbə, nifrətə layiqdir. Romanda bir nəfər müsbət azərbaycanlı obrazı yoxdur. Bilirsiniz, birtərəfli yazmaq olmaz. Yazıçı insanın tərəfində olmalıdır. O yazır ki, erməniləri öldürmək olmaz. Mən bununla razıyam, amma həm də yazmalıdır ki, azərbaycanlıları da öldürmək olmaz. O isə azərbaycanlıları vəhşi kimi təqdim edir. Çox adam bilmir axı, indi ermənilər Moskvada roman əsasında film çəkmək üçün pul yığırlar... Bir yazıçının etdiyini bəzən bir ordu edə bilmir. Yazıçı sözü bəzən tankdan daha böyük dağıntı yaradır. Həmişə həqiqəti yazmaq lazımdır. Bakıda minlərlə ermənini azərbaycanlılar xilas edib, sağ-salamat Ermənistana göndərdi. Amma Xocalıda 600-dən çox uşaq və qadın öldürüldü, onlardan birini də erməni xilas etmədi. Yazırıqsa, hamısını yazmalıyıq. Axı bu həqiqətdir. Yazıçı öz məsuliyyətini hiss etməlidir”.
Xalq yazıçısı ölkəmizdə kitaba, mütaliəyə münasibət barədə fikirlərini də bölüşdü. Çingiz Abdulayev bu sahədə vəziyyətin ürəkaçan olmadığını və bunun şəxsən onu narahat etdiyini söylədi: «Ölkədə kitab mağazalarının az olması pis göstəricidir. İnsan kitabı məcburən oxuya bilməz. Onun buna marağı olmalıdır və bu marağı uşaq yaşlarından macəra romanları ilə, nağıllarla tərbiyə etmək lazımdır».
Görüşdə tərcümə sahəsindəki problemlər də müzakirə olundu. Yazıçı kitablarının piratçılar tərəfindən nəşr olunduğunu, keyfiyyətsiz tərcümə edildiyini söylədi. Yaradıcılığındakı uğurları da səmimi bir sevinclə oxucularla paylaşan Xalq yazıçısı əsərlərinin 29 dilə tərcümə olunduğunu, son olaraq Çin və özbək dillərinə çevrildiyini söylədi: «Bir vaxtlar mən bunu təsəvvür belə etməzdim. Hətta siyasi detektiv yazmağıma ironiya ilə yanaşanlar da vardı. Amma indi mənim kitablarım ayrı rəflərə yığılır. Bu, çox sevindiricidir».
Daha sonra Çingiz Abdullayev tarixi roman üzərində işlədiyini bildirdi: «Bu kitab üzərində iyirmi ildən artıqdır ki, işləyirəm. Yuli Sezardan bəhs edən kitabı «Əsrin əvvəlində sui-qəsd» adlandırmışam. Hələ də üzərində işləyirəm. Qaldı ki, kitablarımda baş verən əhvalatlara, onlar uydurma deyillər, əlbəttə, təxəyyül var, amma əksəriyyəti real hadisələrə əsaslanıb».
O, hər şeyi
bilir
Özünün rəngarəng ömür yolu keçdiyini deyən yazıçı həyatından bəzi maraqlı fraqmentləri oxucularla bölüşdü. Çox səmimi ab-havada keçən görüşdə oxucular yazıçının kitablarından gələn bir inamla ondan ictimai məsələlərlə bağlı proqnozlar, fikirlər soruşurdular - «O, hər şeyi bilir». Bu münasibəti çoxdan hiss etdiyini müəllif özü də zarafatla etiraf etdi: «Evdə də nə isə itəndə məndən soruşurlar. Mən axı xəfiyyəyəm, kəşfiyyatçıyam, madam ki, o kitabları yazmışam, hər şeyin harada olduğunu bilməliyəm? Mən həmişə bir şeyi deyirəm - itirdiyinizi qoyduğunuz yerdən axtarmağa başlayın!»
Görüşdə oxucular yazıçıya onun məşhur qəhrəmanı Dronqo ilə bağlı, «Mavi mələklər», «Xəzinədar», «Alçağın üslubu», «Məşhər ayağında», «Sutenyorun ruhu» kitabları haqqında suallar verildi.
Həm yazıçı, həm də kişi kimi Ernest Heminqueyi kumiri hesab edən Çingiz Abdullayev ölkə Prezidentinin sevimli yazıçısı olması ilə fəxr etdiyini söylədi. Sonda Xalq yazıçısı oxucular üçün kitablarını imzaladı və onlarla xatirə şəkilləri çəkdirdi.
A.Dadaşova
Mədəniyyət.-
2013.- 15 fevral.- S. 6.