Vətəndaş
sözü, qonaq arzusu
Respublika əhalisi
və ölkəmizin qonaqları Azərbaycan Prezidentinə məktublarında
nə yazırlar?
“Azərbaycanda keçirdiyim
xoş hissləri heç
bir duyğu ilə
müqayisə etmək mümkün deyil”
Bu gün Azərbaycan, sözün əsl mənasında,
Avropanın və dünyanın aparıcı mədəniyyət,
elm, idman, turizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizin ahəngdar
inkişafı həyatın bütün
sahələrində əksini tapdığı kimi, görülən genişmiqyaslı
işlərə, gerçəkləşdirilən layihələrə
vətəndaşların münasibətində də özünü göstərir. Təqdirəlayiq
haldır ki, insanlar fikir və mülahizələrini, istək və
təkliflərini birbaşa dövlət
başçısına ünvanladıqları məktublarda da diqqətə çatdırırlar.
Hər gün Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, Prezident Administrasiyasının elektron poçtu və digər vasitələrlə ölkə rəhbərliyinin adına onlarla vətəndaş müraciəti daxil olur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən bu müraciətlərin mövzu və sahələr üzrə təhlili, qaldırılan məsələlər üzrə görülən tədbirlərin monitorinqinin aparılması və hər ilin yekununa dair geniş hesabatın mətbuatda dərc edilməsi vətəndaş-dövlət dialoqunun bu formasının nə dərəcədə səmərəli olduğunu göstərir.
2012-ci ildə ölkə başçısına ünvanlanan müraciətlərdə mədəniyyət sahəsində baş verən yeniliklər, bununla bağlı istər mədəniyyət xadimlərinin, istərsə də sıravi vətəndaşların fikirləri də yer alıb. Bu müraciətlərin bir qismində respublika vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, həmçinin ölkəmizin qonağı olan əcnəbilər Azərbaycanda aparılan quruculuq işlərinə, elm, mədəniyyət, təhsilin inkişafına, Prezidentin gördüyü digər vacib işlərə görə duyduqları sevinc hisslərini səmimi etiraf edirlər.
Dövlətimizin başçısı tarixi qəhrəmanların, görkəmli şəxslərin xatirələrini həmişə uca tutur və onun sərəncamlarında bu öz əksini tapır. Məsələn, Bakı şəhərindən vokalçı Ramil Qasımov Bakıda Koroğlunun abidəsinin ucaldılmasına, Salyan rayonu Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov, Ziyalılar İctimai Birliyinin sədri Qulam Sadıqov və başqaları Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə qoyulmasına, Zərdab rayonundan Hüseyn Həsənov Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi, Qazax rayonundan Barat Vüsal, Mustafa Bilal Qoca, Ələddin İncəli, Səhlədar Qaratorpaq və başqaları Qazax rayonunda Ədəbiyyat muzeyinin tikintisi barədə sərəncamlara görə minnətdarlıq edirlər.
Bakı şəhərindən dahi bəstəkarımız Qara Qarayevin qızı Züleyxa Bağırova (Qarayeva) atasının mədəni irsinə göstərilən diqqətə, Q.Qarayevin adını daşıyan musiqi məktəbinin təmir və bərpa edilməsinə görə cənab Prezidentə minnətdarlığını bildirir. Xalqımızın böyük şairi Səməd Vurğunun nəvəsi, S.Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova da babasının ev-muzeyinin təmiri barədə göstəriş verdiyinə görə ölkə Prezidentinə təşəkkür edir.
Minnətdarlıq məktublarında vətəndaşlar Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti, Moskva Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın gördüyü işləri xüsusi qeyd edir, "Xocalıya ədalət" devizi altında dünyanın bir çox ölkəsində davamlı silsilə tədbirlərin həyata keçirilməsinin, xüsusi təbliğat materiallarının dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayırlar.
Ötən il respublikamızda bir sıra beynəlxalq səviyyəli tədbirlərin təşkili ilə də əlamətdar olmuşdur. Sözsüz ki, Azərbaycanda keçirilən böyük tədbirlər içərisində "Eurovision-2012" mahnı yarışması xüsusi yer tutur. Ölkə vətəndaşları öz minnətdarlıq məktublarında bu möhtəşəm tədbirin yüksək səviyyədə təşkilindən fərəhləndiklərini, Azərbaycanın bütün Avropaya layiqincə tanıdıldığını, tarixi və mədəni irsimizin ən gözəl şəkildə təbliğ olunduğunu yazırlar.
Paytaxtımız gündən-günə abadlaşır, yeni binalar tikilir, parklar salınır, şəhərin qədim siması qorunub saxlanılmaqla müasir tələblər səviyyəsində yenidən qurulur. Bakının bənzərsiz gözəlliyi ölkəmizə gələn qonaqları valeh edir. Belarusun Brest şəhərindən Olqa Prilutskaya yazır: "Sentyabrda Sizin qonaqpərvər ölkənizdə olmuşam. Gözəl yollara, yollar boyunca valehedici yaşıllıqlara, qayda-qanuna, küçə və binaların işıqlandırılmasına və bir çox başqa işlərə görə Sizə təşəkkür etmək istərdim. Ölkənizdə olarkən keçirdiyim xoş hissləri heç bir duyğu ilə müqayisə etmək mümkün deyildir. Mən belə gözəlliyi heç bir yerdə görməmişəm".
Azərbaycan
Respublikası Prezidentinin və onun Administrasiyasının ünvanına daxil olan müraciətlərin
arasında vətəndaş mövqeyindən irəli gələn
təkliflər də az deyil.
İctimai-siyasi məsələlərə
həsr olunmuş təkliflər daha çox diqqəti cəlb
edir. Bu təkliflər sırasında müxtəlif elm, mədəniyyət xadimlərinin, tarixi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi,
Xocalı soyqırımının dünyanın hər yerində
tanıdılması və digər məsələlər barədə
təkliflər maraq doğurur.
Vətəndaşlar Azərbaycanın dünya dövlətləri sırasında daha yüksək mövqelərə yüksəldilməsindən
ötrü iqtisadiyyatın ən müxtəlif
sahələrini, elm, təhsil, mədəniyyət,
səhiyyə və idmanı inkişaf
etdirmək üçün təklif və
arzularını bildirməyi özlərinə borc bilirlər.
İsayeva
Reyhan
Mədəniyyət.-
2013.- 15 fevral.- S. 5.