Solan
sevdaların nəğmələri
Şair Sona xanım Vəliyevanın
mahnılarından ibarət «Zaman xəbərsiz
ötdü...» musiqi albomunda üç disk var. Burada müəllifin
sözlərinə yazılmış mahnılar, kliplər və
bədii qiraət ustaları tərəfindən səsləndirilən
şeirləri toplanıb. Onun sözlərinə
Azərbaycanın tanınmış bəstəkarları
musiqi libası biçiblər, mahnılarını xalq
artistləri İlhamə Quliyeva, Flora Kərimova, eləcə
də Bəyimxanım Vəliyeva, Əhməd Şəfəq,
Lalə Məmmədova, Bahar Lətifqızı və
başqaları böyük vəcdlə, həvəslə
ifa ediblər. Xeyli müddətdir ki, mən müntəzəm
olaraq bu mahnılara diqqətlə qulaq asıram. Xüsusilə
də ovqatımın pəjmürdə vaxtlarında Sona
xanımın mahnıları dərdimin dərmanına
çevrilir...
Yenə ruhumun dara çəkildiyi
bir vaxt idi. Düşmən tapdağında qalan ana yurdumun xəyalı
gözlərimdən asılmışdı. Dəli rüzgarlara köklənən könlüm
elə yuxalmışdı ki, bir mehə bənd idim dolmuş
bulud kimi boşalım. Nə qədər
çalışırdımsa, xəyalımı o yerlərdən
qopara bilmirdim. Həqiqətən də,
dünyada bütün dərdlərin dərmanı
tapılır, yaralar sağalır. Yalnız
vətən dərdinin çarəsi yoxdur. Yaşlaşdıqca da bu dərd böyüyür və
sənə olmazın əzabını verir. Gah özünü qınayırsan, gah kimlərdənsə
gileylənirsən, beləcə, taleyin əlində yumağa
dönürsən. Bax bu anlarımdaca məlahətli səsinə
məftun olduğum Bəyimxanım Vəliyevanın nəfəsindən
qopan həzin bir mahnının harayı məni dəli etdi:
Sevda yolçusuyuq yolu bitməyən,
Sevgisin mələklər
göydən gətirən.
İçimdə göyərən,
içimdə bitən,
Solan sevdaların
sarı çiçəyi.
Yadıma qonşumuz
Məşədi Cəlal kişinin həyətindəki
sarı güllər düşdü. Hər
bahar gələndə düz hasarın başındaca
alışıb yanan bu sarı tonqala maraqla tamaşa edərdim.
İçimdə bir həsəd olardı.
Amma sarı gözəlləri üzməyə
ürəyim gəlməzdi. Bizim kənddə
yalnız iki həyətdə bu sarı çiçəyin
kolları vardı. Anam nədənsə
ancaq qızılgülü sevərdi. Bağımız
təkcə bu gülün müxtəlif növlərindən
ibarət olardı. Heç cür başa
düşmürdüm ki, gülə, çiçəyə
son dərəcə bağlı olan, hətta qış
aylarında da eyvanımızda müxtəlif
gül-çiçəyin qulluğunda dayanan anam niyə bu
sarı çiçəyi sevmirdi?!
1988-ci ildə mənim
doğulduğum kənd quldur ermənilər tərəfindən
işğal edildi. Kəndimizin camaatı
doğma ocaqlarından didərgin düşdü. Anam bu zillətə dözmədi. Ağır xəstələndi və
dünyasını dəyişdi. Vəfatından
öncə mənə dediyi iki kəlmə
cızdağımı çıxartdı: «Həmişə
deyirdin ki, niyə sən sarı çiçəyi sevmirsən?
Sənin xətrinə əkmişdim, yaza
qalmadıq». Elə bil içimə od
saldılar. Axı çiçəyin nə
günahı? Qulağıma bir səs gəldi: «Sarı
ayrılıq nişanəsidir».
Çox sonralar Almaniyada
səfərdə olanda bu sarı çiçəyə orada
rast gəldim. Elə bil məni «elektrik»
vurdu. Yerimdəcə dondum. Xeyli müddət özümə gələ bilmədim.
Özüm Kölndə, xəyalım Uruda qanadlandı... İndinin özündə də ana yurdum yadıma
düşəndə o möhtəşəm gözəlliyin,
qalaların, dağların, bağların ortasında həmin
sarı gülün şəfəqləri bir atəş kimi
gözlərimə sıxılır.
Mətləbdən
uzaq düşdük. Sözləri şair Sona xanım
Vəliyevaya, musiqisi Novruz Aslana məxsus olan «Sarı
çiçək» mahnısı mənim vətən dərdimi
dilə gətirən, ürəyimə köz kimi basılan
bir haraya bənzəyir. O harayın ahəngində
dağılmış yurd yerlərimizi, gözü
yaşlı anamı, dərddən, qəmdən, vətəndən
ayrı düşüb saralan, ürəyi dayanan
bacımı, daha nələri xatırlayıram...
Bütün bunlardan xəbərsiz kimi müğənni
oxuyurdu:
Bir sarı gəlindi bəxti
bağlanıb,
Bərəsi kəsilib,
bəndi bağlanıb.
Həsrətin üstünə dərd
cilalanıb,
Solan sevdaların
sarı çiçəyi.
Təkcə bu
şeirə, bu mahnıya və ifaya görə hər
üçünə minnətdaram. Dastanlar
yaza bilərsən, cildlərin çıxar, amma bir qəlbə
yol tapa bilməzsən. Amma bir bayatı ilə
ədəbiyyat tarixinə daxil olarsan, nəsillərin
yaddaşında iz salarsan. Bax, elə şuşalı
Ağabəyim Ağa kimi... İllərdir ki, bayatısı
dilimin əzbəridir:
Əziziyəm Qarabağ,
Şəki,
Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz
Qarabağ.
Bu bir vətən
harayıdır, bu bir vətən həsrətidir, bəlkə
də daha çox etibardır, sədaqətdir, övlad
mövqeyidir. Sona xanım Vəliyevanın
da elə şeirləri, xüsusilə də müğənnilər
tərəfindən oxunan mahnıları var ki, vətənə
ünvanlanıb. Onlara qulaq asdıqca özümü
doğma yurdda hiss edirəm:
Payız yağışıyam,
Allah,
Sözüm ovunmur,
kirimir.
Öz əlim quruyan budaq,
Anamın əllərini
verin.
«Anamın əlləri»
adlanan bu mahnının da sözləri Sona xanıma, musiqisi
isə Ruslan Səfəroğluna aiddir. Ana - Vətən
deməkdir! Yaşdan, başdan asılı
olmayaraq biz bu müqəddəs insana həmişə ehtiyac
duyuruq. Onun «can» kəlməsindən ötrü, əlinin
sığalından yana, necə ürəyimiz
darıxır. Bütün bu hissləri,
ağrıları, acıları, həsrəti, nisgili Sona
xanım elə poetik, mənalı və təsirli qələmə
alıb ki, xəyalıma anam gəlir. Hərdən
də fikirləşirəm ki, bu qədər doğmalıq,
yaxınlıq hardandır? Mənim ürəyimdən
keçənlər, fikrimi əzənlər, qəlbimdə
doğulanlar Sona xanımın qələmində necə
çiçək açıb? Hələ
müğənninin ifası. Sanki mənim
harayımı bir barat kimi o yerlərə göndərir:
Bitdi, o nağılım bitdi,
Mən ölüncə əmanətdi,
Əlini mənə verdi
getdi,
Balamı əzizləyin.
Ana haqqında
yüzlərlə şeir yazılıb. Amma
ömür bitmir, itmir, davam edir, məntiqini Sona xanım bu
şeirində olduqca dürüst naxışlayıb. Biz ömrü boyu anamızın bizə çəkdiyi
zəhməti ona qaytara bilmirik. Ən gözəl, ən
sədaqətli, ən ləyaqətli övlad ola
bilərik. Amma o borcu biz yalnız öz
övladımıza veririk. Bu mənada Sona
xanımın etirafı və ürək titrədən
sözləri çox düşündürücüdür.
Musiqisi Ruslan Səfəroğluya məxsus olan təsirli
mahnılardan biri də «Tənha ağac» adlanır. Mahnı o zaman yaddaqalan və uğurlu taleyə nəsib
olur ki, onun həm sözləri, həm də musiqisi bir-birini
tamamlasın. Müğənni də bu iki
müəllifin ürək
pıçıltılarını, məqsəd və məramını
səsi ilə dinləyənə məharətlə
çatdırsın. Bunun
üçün də ilk növbədə mahnını
ürək süzgəcindən keçirib onun mənasına
dərindən varmaq gərəkdir. Səs,
söz və musiqi birliyi yaranarsa, mahnının bəxtinə
gün düşür. Sona xanımın
ürək giziltilərindən yaranmış «Tənha
ağac» mahnısına qulaq asdıqca gözlərimiz
önündə təzadlı mənzərələr
yaranır. Yaşıl bağlar, qalın meşələr,
bir də öz ormanından aralı düşərək bir
düzdə saralan tənha ağac...
Son illərdə
başımıza gələn faciələr,
yurd-yuvamızı itirməyimiz, torpaqlarımızın erməni
quldurları tərəfindən işğalı sanki təbiətin
də ahəngini pozdu. Şuşadan
başqa heç bir yerdə bitməyən
Xarıbülbülü hansısa bir bölgədə
gördülər. Çəmənlərin
yaraşığı olan, yazın gəlişini insanlara
çatdıran, çölün-çəmənin bəzəyi,
evi-eşiyi kol dibi olan, bənövşəni Abşeron qəbiristanlıqlarında
gördük. Qarabağın, Zəngəzurun
bahar quşları da şəhərlərə
köçdü. Topdan, tüfəngdən,
vahimədən, daha nələrdən qaçan ən vəhşi
heyvanları da belə erməni vandallarının olduğu
yerdə qərar tuta bilmədi. Təbiətin
dəyişən ahəngi fəsillərə də təsir
etdi, insanın ovqatına da. Ormanından
ayrı düşmüş tənha ağacın bir düzdə
nisgilli boylanması qəfildən şair dostumuzun diqqətini
çəkdi. Dərdduymaza min dərd
danışsan, yenə də laqeyd qalar. Amma bir
ağacın sükutundan minbir fəryadı içinə
çəkən Sona Vəliyeva, görün, nə yazıb:
Gördüm, bu halınla
oxşarıq elə,
Mənim ruhum
yalqız, sənin taleyin.
Məndən inciməsin bacım,
qardaşım,
Gəlmişəm dərdimi
sənə danışım.
İndi bu mahnıya necə sakit bir
ürəklə qulaq asasan?.. İçini göynədən fikirlərin əlindən
bəzən nə edəcəyini bilmirsən. Bəzən həssaslıq da bir mişar kimi
insanın ömrünü kəsməkdədir. Düşüncələr sənə qənim kəsilir,
özün-özünü ittiham edirsən. Şairin
belə cavabsız sualları bizi qəhərləndirir:
«Günəş yandıranda tənha köksünü, bir
içim su verib baxanın hanı?» Yadıma allı-güllü bağımız
düşür, yəqin indi xarabalığa çevrilib.
Yadıma qızılgüllü həyətimiz
düşür, yəqin indi çamır basıb. Məni hara uçurtdun Sona xanım? Onsuz da dincliyim yoxdur. Sənin
cavabsız sualların gözlərimi göynətdi. O
nidaların ahənginə qoşulub cavab axtarmaq
üçün doğma yurda qanadlanmaq istədim. İstədim bilim, bu tənha ağac boş
çöllərə hansı diyardan gəlib? Bax, belə
müəmmalı vəziyyətdə ikən müğənninin
çox həzin və gileylə oxuduğu başqa bir
mahnının cazibəsinə düşdüm:
Ruhum da ayrılıqdan
Saralıbdır elə
bil.
Gəl, gedək bu şəhərdən,
Bu payız mənlik
deyil.
İçim
odlandı. Biz dağlardan, obalardan
qanadlanmışıq. Əslində bu şəhər
bizlik deyil, Sona xanım! Ruhumuz onun dar
küçələrinə, göydələnlərinə
sığmır axı?! Bizə gen dərələr,
düzlər, dağlar, ormanlar, Cıdır düzü gərəkdir!
Elə bu ağrıların əlində
çırpındığımız bir zamanda qəlbimizi
ehtizaza gətirən, duyğularımıza bir həzinlik ələyən,
bizə doğma olan başqa bir nəğmənin ruhuna
köklənirik:
Gözümdən alışan kədərə
neynim,
Min hicran danışan qədərə
neynim,
Puç olan ömrə, hədərə
neynim,
Eşqin dastan oldu, ay
Qaragilə.
Həqiqətən də,
Sona Vəliyevanın poetik sualları adamın iliyindən
keçir. Səni səndən alaraq
uzaqlara aparır. «Bu şəhər
özgədir, qərib gəlmişik». Bəs
qəriblər axşamları harda gecələr, ay Sona
xanım? Çünki qəribin axşamı olmaz, gecəsi
bilinməz, səhəri açılmaz... Qürbətin
rəngi birdir. İnsan ki doğulduğu yerə dönə
bilmirsə, beşiyi yellənən yerə ildə bir dəfə
baş əymirsə, yarımçıqdır! «Ay Qaragilə»
mahnısı kəsb etdiyi mənasına görə bir məhəbbət
şərqisidir. Amma hər kəs onu öz
ovqatı ilə eşidir, qiymətləndirir. Mənim
yozumumda isə bu, bir vətən nəğməsidir! Çünki
«Bir ömür yol gəldim dolanbadolan, dilim susan oldu, ay Qaragilə».
Bax, insan belə bir doğma gileyə bənddi
ki, hissləri açılıb tökülsün.
Özünü könüllü şəkildə
ahların, amanların ixtiyarına versin. Dərindən
bir «Vətən hey» harayı çəksin.
Sona xanımın
mahnılarında qəribə bir kədər var. Bu həm də
kədərdən çox insan ovqatının rəngidir.
Onu dinlədikcə, qulaq asdıqca yuxalırsan,
qəhərlənirsən. Böyük Məmməd Araz
deyərdi: «Kövrəklik olmayan yerdə heyrət, heyrət
olmayan yerdə kəşf yoxdur». Çox
dürüst bir fikirdir. Mən əslində
Sona Vəliyevanı şeirlərindəki,
mahnılarındakı dərin kədərə görə
yaxından tanıdım, qəlb evinə səyahət edə
bildim. Kədərlənə bilmək,
kövrəlmək və bu yuxalmış duyğuların
içində şahanə misralar söyləmək,
böyük istedaddır. Bu istedad da o zaman
dəyərli və qiymətli olur ki, saflığa, sadəliyə,
müdrikliyə söykənir. Onda
sözün təsiri də böyük olur. Bu mənada Sona xanımın mahnılarına qulaq
asdıqca sanki dünəninlə bugünün arasında bir
körpü axtarırsan, özün bir hesabat vermək istəyirsən.
Gah özünü qınayırsan, gah da
müdafiə edirsən. Əslində hər şeyi də
taleyin adına yazmaq olmur. Bəzən
bir addım geri çəkilmək əvəzinə irəliyə
şütümüşük, bəzən də cəsarətimizi
abrımızla saxlamalı olmuşuq. Nəticədə
nələri isə itirmişik, hardasa uduzmuşuq. Sona
xanımın müxtəlif müğənnilər tərəfindən
ifa olunan mahnılarında həyatın bu rəngləri ləpələnməkdədir...
Flora Xəlilzadə
Mədəniyyət.-
2013.- 15 fevral.- S. 13.